Prezident baş nazir təyinatına nöqtə qoydu
- 09 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Gürcüstan prezidenti Salome Zurabişvili Georgi Qaxariyanı baş nazir postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, fərman sentyabrın 9-da imzalanıb.
Əvvəlki baş nazir Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası Georgi Qaxariyanı baş nazir postuna sentyabrın 3-də namizəd göstərib. Georgi Qaxariya Mamuka Baxtadzenin hökumətində daxili işlər naziri idi.
Sentyabrın 8-də Gürcüstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib. Yeni kabinetdə daxili işlər naziri kürsüsü Vaxtanq Qomelauriyə (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi idi), müdafiə naziri vəzifəsi İrakli Qaribaşviliyə (2013-2015-ci illərdə baş nazir olub) verilib. Əvvəlki hökumətdəki digər 9 nazir öz postunda qalıb.
Gürcüstan ötən ilin dekabr aynda tam parlament idarə üsuluna keçib. Prezident dövlət başçısı olaraq qalıb, icra hakimiyyəti bütünlüklə baş nazirin əlində cəmləşib.
Baş nazir parlamentdə seçilir və onun qarşısında cavabdehdir. O, nazirləri parlamentin razılığı olmadan təyin edə və vəzifədən çıxara bilər. Ancaq parlamentin hökuməti və ya hansısa naziri istefaya göndərmək hüququ var.