Şair, ədəbiyyatşünas, tərcüməçi, ictimai xadim Abbas Abdulla vəfat edib.
O, uzun sürən ağır xəstəlikdən sonra, sentyabrın 4-də Bakıdakı mənzilində dünyasını dəyişib.
Abbas Abdulla 1940-cı ildə Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olub.
İndiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb. Daha sonra Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.
Doğma kəndində müəllim, Bakı Neftayırma Zavodunda fəhlə, çilingər, eyni zamanda zavodun “Neftayıran” çoxtirajlı qəzetinin əməkdaşı işləyib. “Ulduz” jurnalında, “Ədəbiyyat və incəsənət” qəzetində müxtəlif vəzifələrdə çalışıb, 1987-1992-ci illərdə “Ulduz”un baş redaktoru olub.
XX əsrin sonlarında başlanan milli azadlıq hərəkatının fəal iştirakçılarından olan Abbas Abdulla 1992-1997-ci illərdə Azərbaycanın Türkiyədə baş konsulu vəzifəsində çalışıb.
Abbas Abdulla “Ata yurdu (şeirlər)”, “Ağlı-qaralı dünya (şeirlər)”, “Azərbaycan-Ukrayna ədəbi əlaqələri”, “Üzü dan yerinə (şeirlər və poemalar)”, “Sonsuzluğa gedən karvan (şeirlər və poemalar)”, “Erməni məsələsi və ya oğru elə bağırır doğrunun bağrı yarılır” kitablarının müəllifidir.
O, Ukraynanın bir çox məşhur şairinin əsərlərini Azərbaycan dilinə çevirib.
Abbas Abdulla Bakının Maştağa qəsəbəsindəki Kəpənəkçi qəbiristanlığında dəfn olunub.
Allah rəhmət eləsin!