Bəkir Nərimanoğlu
Novator.az
Azərbaycan Xalq Cəbhəsinin ilk nəşri bülleten olub. Əslində Xalq Cəbhəsinin də yox, onun Təşəbbüs Mərkəzinin. Çünki Cəbhə hələ yaradılmaqda idi.
Təşəbbüs Mərkəzi Cəbhənin təməlini qoyurdu. Onun nəşr etdiyi bülleten də hərəkatın sonrakı nəşrlərinin (əvvəlcə “samizdat” formasında çıxardığı “Meydan” qəzetinin, sonra rəsmən təsis etdiyi “Azadlıq” qəzetinin) təməlini qoyurdu.
Sovet İttifaqında “yenidənqurma”, “aşkarlıq” siyasəti başlanmışdı. Eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmi baş qaldırmışdı.
1988-ci ilin iyun-avqust aylarından Azərbaycanda xalq hərəkatının formalaşdırılması ətrafında müzakirələr gedirdi. Həmin ilin noyabrında Bakının Lenin meydanında (indiki Azadlıq meydanı) 17 gün davam edən mitinqlər milli azadlıq hərəkatının təşkilatlandırılması işinə ciddi təkan verdi. 1989-cu ilin əvvəllərindən belə bir təşkilatın yaradılması yolunda real addımlar atılmağa başlandı.
1989-cu ilin 25 fevralında Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin ilk toplantısı keçirildi.
Təşəbbüs Mərkəzinə Məsləhət Şurası və Əlaqələndirmə Şurası daxil idi.
Məsləhət Şurasında İsmayıl Şıxlı, Məmməd Araz, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı, Əlaqələndirmə Şurasında Zərdüşt Əlizadə, Ağacavad Salamov, Hikmət Hacızadə, Tofiq Qasımov, Əbülfəz Əliyev (Elçibəy), İsa Qəmbərov, Vurğun Əyyubov, Pənah Hüseynov, Nəcəf Nəcəfov və Sabit Bağırov təmsil olunurdular. Bu şuranın üzvləri “Bakı alimlər klubu”, “Varlıq” və “Çənlibel” adlı qeyri-rəsmi cəmiyyətlərin təmsilçiləri idilər.
Rəsmi sovet mediası hərəkatçıların üzünə bağlı olduğuna görə Əlaqələndirmə Şurası qəzet buraxmaq qərarına gəlir.
Zərurət
Əlaqələndirmə Şurasının üzvü olmuş İsa Qəmbər xatırlayır: “O dövrün mediasından danışanda ümumi mənzərəni hiss eləmək lazımdır. 1987-ci ildən SSRİ-də yeni proses başlanmışdı. Məşhur qəzet-jurnallarda heç kimin gözləmədiyi yazılar çap olunurdu. Məsələn, Moskvada çıxan “Literaturnaya qazeta” ziyalılar arasında çox populyar idi. “Oqonyok” jurnalı da SSRİ-də kifayət qədər tanınırdı. Bu dərgilərdə o sistem üçün gözlənilməz tənqidi yazılar çap olunurdu.
Azərbaycanda bu proses çox ləng gedirdi. SSRİ-nin rəhbəri Mixail Qorbaçovun elan etdiyi “yenidənqurma”, “aşkarlıq” şüarlarını tez-tez təkrarlasa da Azərbaycanın rəsmi mətbuatı yenə gerçəkləri yazmır, tənqidi materiallara yer vermirdi. Hətta Qarabağ məsələsi başlayandan sonra yalnız bir neçə qəzet və jurnalist sözünü cəsarətlə dedi. Məsələn, Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetində meydan hərəkatı, mitinqlər, Qarabağla bağlı yazılar verdi. Digər qəzetlərdə isə cəmiyyəti bilgiləndirən, həyəcanlandıran yazılar yalnız hakimiyyətə lazım olanda çap edilirdi. Məsələn, meydan hərəkatı öncəsi “Kommunist” qəzetində “Topxana harayı” başlıqlı yazı çıxmışdı. Bütövlükdə mətbuat tam şəkildə kommunist rejiminin nəzarətində idi. Mətbuatda gerçəkləri yazmaq olmurdu”.
Qəzet çıxana qədər
Əlaqələndirmə Şurası qəzet çıxana qədər bülleten buraxmaq imkanlarını nəzərdən keçirir. İsa Qəmbər: “Çünki qəzetin nəşri gecikirdi, biz isə sözümüzü cəmiyyətə çatdırmaq istəyirdik. Sabit Bağırovun imkanlarından istifadə etməyi qərara aldıq, o, Neft-Maşınqayırma Birliyinin Məlumat-Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini idi. Biz onun iş otaqlarında olur, kompüterlərindən istifadə edərək bülletenin nəşrinə hazırlıq işləri görürdük.
Bülleten üçün materiallar Sabit Bağırovun kompüterlərində yığıldı. Bu məsələdə Təşəbbüs Mərkəzinin əksər üzvləri fəallıq göstərirdilər, xüsusən də mediaya bağlı insanlar – Səfər Alışarlı, Ağamalı Sadiq Əfəndi, Sabit Bağırov, Hikmət Hacızadə, Zərdüşt Əlizadə, Pənah Hüseyn. Belə bir üsulla bülleteni hazırlaya bildik”.
Azərbaycan Xalq Cəbhəsinin ilk bülleteni 1989-cu ilin yazında işıq üzü gördü. İlk say 9 vərəq idi. Bu 9 vərəq həm də 9 səhifə demək idi, çünki mətnlər vərəqin bir üzünə yazılmışdı.
İlk say “Azərbaycan Xalq Cəbhəsi Təşəbbüs Mərkəzinin bülleteni”, ikinci və üçüncü saylar isə “Azərbaycan Xalq Cəbhəsinin bülleteni” kimi təqdim olunub. Çünki ikinci və üçüncü saylar çıxanda artıq Xalq Cəbhəsi yaradılmışdı.
“Milislər dedilər ki, biz də oxumaq istəyirik”
İsa Qəmbər: “Cəmiyyət o bülletenləri çox böyük məhəbbətlə qəbul edirdi. İnformasiya aclığı var idi, adamlar həqiqətləri eşitmək istəyirdilər. Ona görə bülletenlər çox böyük maraqla qarşılanırdı.
Bülletenləri yaymaq üçün onun nüsxələrini AXC-nin gənclərinə verirdik. İnsanlar bülletenləri həvəslə alırdılar. Şahidi olduğum bir hadisəni heç unuda bilmirəm. Cəbhəçi gənclərin bülleten yaydığını görən milislər soruşdular ki, bu nədir? Gənclərin cavabı belə oldu ki, bu sizlik deyil, AXC-nin bülletenidir. Milislər dedilər ki, biz də oxumaq istəyirik. Bülletenin bir nüsxəsinin satış qiyməti 1 manat idi. Milis işçisi üçmanatlıq verdi. Gənc cəbhəçi bildirdi ki, xırdası yoxdur. Milis pulun qalığını istəmədi, dedi eybi yox, qalsın”.
“Dilə-dişə düşməmək üçün iş gizli aparılırdı”
Səfər Alışarlı sonralar AXC-nin təsis konfransında təşkilatın Redaksiya Şurasına üzv seçiləcəkdi. Hələliksə o, AXC Təşəbbüs Mərkəzinin üzvü idi.
AXC-nin bülletenə nədən ehtiyac duyduğunu Səfər Alışarlı belə izah edir: “Hər bir ictimai-siyasi təşkilatın təbliğata ehtiyacı var. O mənada bülletenlərin nəşri təşkilatın qarşısında aksiom kimi dayanmış bir məsələ idi. Deməyə söz çox, ancaq onları səsləndirəcək tribuna yox idi. O vaxt bütün SSRİ məkanında “samizdat”lar yayılmaqda idi. Bizdə də bu proses baş qaldırırdı. Xalq Cəbhəsinin bülletenləri də bunlardan biri idi.
O vaxt hətta adi kseroks aparatları da mütləq qapı-pəncərəsi dəmir tor arxasında olan otaqlarda saxlanırdı. Təhlükəsizlik orqanlarının təlimatı elə idi. Ona görə bu məsələlər çox ciddi nəzarət altındaydı”.
Səfər Alışarlının sözlərinə görə, bülletenin ilk sayının hazırlandığını təşkilatın təşəbbüskarları arasında da hər adam bilmirdi: “Dilə-dişə düşməmək üçün bu iş gizli aparılırdı. Bülletenin hazırlanmasında və tirajlanmasında Sabit Bağırovun əməyi xüsusi qeyd olunmalıdır”.
“Bülleteni çap etmək təklifini özüm irəli sürdüm”
Sabit Bağırov: “Bülleteni mənim iş yerimdə çap etmək təklifini özüm irəli sürdüm. Mənim belə bir imkanım var idi”.
Sabit Bağırovun direktor müavini olduğu mərkəzin rəhbərliyi bu işə mane olmur. Sabit Bağırov deyir ki, onun AXC rəhbərliyində olduğunu rəhbərlik bilirdi: “Amma bir dəfə də olsun onların sorğu-sualı ilə qarşılaşmadım. Bizim mərkəzin rəhbərliyində milli şüur, milli düşüncə var idi. Onlar da müstəqillik arzusunda idilər və Qarabağ probleminə görə həyəcan keçirirdilər. Müəyyən səbəblərə görə özləri hərəkat işləri ilə məşğul olmasalar da, mənə mane olmaq yolunu da tutmamışdılar”.
Ev-redaksiya
Bülletenlərin nəşrində Ağamalı Sadiq Əfəndi də çox fəallıq göstərib. Ağamalı Sadiq Əfəndinin Bakının 8-ci mikrorayonundakı evi AXC-nin qərargahı elan olunmuşdu. Bu ev AXC-nin bir çox sonrakı nəşrləri kimi bülletenlərin də redaksiyasına çevrilir.
“Redaksiya”ya, yəni Ağamalı Sadiq Əfəndinin evinə rayonlardan, hətta xaricdən də telefon zəngləri edilir.
Ağamalı Sadiq Əfəndi bülletenləri başqa mətbəələrdə də çoxaldıb yaymağa başlayır.
Bölgələrdən gələn fəallar bülletenlərin nüsxələrini Ağamalı Sadiq Əfəndinin evindən götürürdülər.
Bülleten kollektiv əməyin məhsulu idi. Mətnlər əlyazmada Sabit Bağırova verilirdi, sonra Məlumat-Hesablama Mərkəzinin işçilərinin köməyi ilə kompüterlərdə yığılır, çap olunur və çoxaldılırdı.
Səfər Alışarlı: “Bülletendə əsasən AXC-nin qərarları və ictimai-siyasi həyatın aktual məsələlərinə aid yazılar çap olunurdu. Məqalələrin yazılması, redaktəsi və çapı ilə AXC rəhbərliyindəki adamlardan bir neçə nəfəri məşğul idi. Biz bəzən məqalə yazır, bəzən də hazır bülletenləri əlaqə yaratdığımız müəyyən mətbəələrdə tirajlamaqla məşğul olurduq”.
İlk say
Bülletenin ilk sayının devizi belədir: “El gücü – sel gücü”.
İlk sayda AXC Təşəbbüs Mərkəzinin “Azərbaycan xalqına! Respublikanın bütün vətəndaşlarına!” başlığı altında müraciəti dərc olunub.
Həmin müraciətdən: “…Həyat yenidənqurmanın nəhəng enerjisinin daxili çəkişmələrə, sosial, etnik-milli problemlər ətrafında əmələ gələn fikir ayrılıqlarına, münaqişələrə hədər sərf olunmaması üçün yenidənqurma və milli suverenlik uğrunda çıxış edən bütün mütərəqqi, demokratik qüvvələrin təşkilati birliyinin yaradılmasını tələb edir.
Xalq Cəbhəsinin Təşəbbüs Mərkəzi tam məsuliyyətlə bildirir ki, bu vəzifəni öz üzərinə götürməyə hazırdır. Biz xalqımızın taleyi və varlığı üçün yaranmış ciddi təhlükə qarşısında, bu günümüz və gələcəyimiz naminə, partiyalılığından, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün yenidənqurma tərəfdarlarını Azərbaycan Xalq Cəbhəsində birləşməyə çağırırıq.
Tarix bizi çətin imtahan qarşısında qoyub. Bu imtahandan ləyaqətlə və üzüağ çıxmaq üçün bir yolumuz var – bütün Azərbaycan vətəndaşlarının birliyi və həmrəyliyi, demokratiya və milli suverenlik!”
İlk sayda “AXC Təşəbbüs Mərkəzinin Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr haqqında bəyanatı” da çap edilib.
Bəyanatdan: “1. AXC Təşəbbüs Mərkəzi Dağlıq Qarabağın milli-dövlət statusunun dəyişdirilməsi və ya vilayətin Azərbaycan SSR tərkibindən çıxarılmasını nəzərdə tutan hər cür tələbləri, təklifləri və qərarları qeyd-şərtsiz, birdəfəlik və qəti şəkildə rədd edir və məsələ barədə heç bir müzakirəni mümkün hesab etmir. AXC Təşəbbüs Mərkəzi münaqişənin tezliklə və ədalətlə nizamlanmasında maraqlı olan bütün tərəfləri dövlətlər arasında tarixən qərarlaşmış müasir sərhədlərin pozulmazlığını nəzərdə tutan beynəlxalq hüquq aktları, SSRİ-nin yaradılması haqqında ittifaq müqaviləsini, SSRİ Konstitusiyasını, həmçinin oxşar münaqişələrin həlli sahəsində beynəlxalq təcrübəni əsas götürməyə çağırır.
2. AXC Təşəbbüs Mərkəzi Azərbaycan SSR-in Dağlıq Qarabağ Vilayətində yaşayan erməni millətindən olan Azərbaycan SSR vətəndaşlarının separatçılıq hərəkətlərinin millətin öz müqəddəratını təyin etməsi prinsipi mövqeyindən qiymətləndirilməsini qəbul etmir. AXC Təşəbbüs Mərkəzinin bu mövqeyi ona əsaslanır ki:
a) Dağlıq Qarabağda yaşayan ermənilər əlahiddə, müstəqil etnik varlıq olmayıb erməni xalqının bir hissəsidir, erməni xalqı isə öz milli müqəddəratını müasir Ermənistan SSR formasında dövlət yaratmaqla təyin edib;
b) Ermənilər Dağlıq Qarabağ vilayəti əhalisinin yalnız bir hissəsini təşkil edir…”
İkinci səhifədə Zərdüşt Əlizadənin “Azərbaycan Xalq Cəbhəsi lazımdırmı?” məqaləsi yer alıb.
Üçüncü səhifədə AXC Təşəbbüs Mərkəzinin “SSRİ Xalq Deputatları Qurultayına, SSR Ali Sovetinə, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə müraciəti” verilib.
Vəzirov: Xalq Cəbhəsinə ehtiyac yoxdur
4-cü səhifədə olan məlumatlardan biri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun AXC Təşəbbüs Mərkəzinin Əlaqələndirmə Şurasının üzvləri ilə keçirdiyi görüş barədədir.
Görüş 1989-cu il aprelin 14-də olub. Məlumata görə, Vəzirov deyib ki, AXC Təşəbbüs Mərkəzinin hazırladığı proqramla tanışdır və onun fikrinə görə, partiya aparatı rəhbərliyi ilə AXC-nin yaradılması ideyasını irəli sürən adamların ümumi məqsədi eynidir. Bununla yanaşı birinci katib AXC-nin yaradılmasına ehtiyac olmadığını və Təşəbbüs Mərkəzinin fəaliyyətinin partiya aparatının işinə mane olduğunu söyləyib.
Təşəbbüs Mərkəzinin üzvləri isə bildiriblər ki, yenidənqurma tərəfdarlarının kütləvi ictimai təşkilatının yaradılması yenidənqurmanın qələbəsinin və dönməzliyinin yeganə təminatıdır.
5-ci səhifədə Hikmət Hacızadənin “Özgə xalq, özgə meydan, tanış mənzərə” məqaləsi dərc olunub.
6-cı səhifədə AXC Təşəbbüs Mərkəzinin 28 May təbriki yer alıb. Təbrikdə deyilir: “Bayramınız mübarək, əziz həmvətənlər!
Hər bir xalqın tarixində, milli taleyində elə dönüş nöqtəsi olur ki, nəsillər keçdikcə onun bu dönüş nöqtəsinin əhəmiyyəti və mənası daha da artır. Bizim tariximizdə belə bir dönüş nöqtəsi Azərbaycan istiqlaliyyətinin elan oldunduğu gündür.
1918-ci il mayın 28-də Azərbaycan öz müqəddəratını özü təyin etməyə nail oldu. Adı hər bir azərbaycanlının qəlbində əbədi yaşayan görkəmli ziyalılarımızdan ibarət Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyətini elan etdi. Altı əsas prinsipdən ibarət olan Milli İstiqlal Bəyannaməsi Şimali Azərbaycanda sözün əsl mənasında xalq hakimiyyətinə malik müstəqil və demokratik bir dövlətin qurulduğunu, bütün millətlərlə dinc yaşama və mehriban münasibətlərin bərqərar edilməsi zərurətini, Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara milli, dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq tam hüquq bərabərliyi təmin olunacağını məsuliyyət hissi ilə təntənəli surətdə bildirdi.
Çox təəssüf ki, xalqımızın milli oyanış tarixində həlledici rol oynamış bu böyük hadisə ilə əlaqədar tarixi materiallar indiyə kimi “məxfi arxivlərin” qaranlığında yatır, bəzi dairələr bu materialların işıq üzünə çıxmasına icazə vermirlər. Lakin biz əminik ki, gec-tez ədalət və tam aşkarlıq qələbə çalacaq, mütərəqqi qüvvələrin elan etdiyi yenidənqurma və yeni düşüncə şəraitində bütün bağlı qapılar açılacaq, xalqımız öz tarixinin yiyəsi olacaq.
Əziz həmvətənlər!
Azərbaycan Xalq Cəbhəsi sizi istiqlal gününün 71-ci ildönümü münasibətilə ürəkdən təbrik edir və sizin hər birinizi 28 MAY gününü əziz bayram kimi, hər kəs öz evində el adəti üzrə dost-tanışla, qohum-qardaşla qeyd etməyə çağırır”.
İkinci say
Bülletenin ikinci sayı 1989-cu ilin iyulunda nəşr edilib. İkinci sayın birinci səhifəsindəki məlumat belə bir başlıqla dərc olunub: “AXC təsis edildi!!!”
Məlumatda bildirilir ki, 1989-cu il iyulun 16-da Bakıda AXC-nin təsis konfransı keçirilib. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak edib. Konfransda AXC Ali Məclisi, İdarə Heyəti, Redaksiya Heyəti, maliyyə və nəzarət komissiyaları, həmçinin AXC sədri seçilib.
Konfransın iştirakçıları bir neçə qətnamə qəbul ediblər. AXC sədri vəzifəsinə tarix elmləri namizədi Əbülfəz Əliyev seçilib.
Bu sayda xalq şairi Bəxtiyar Vahabzadənin təbriki də yer alıb. Təbrikdə deyilir: “Xalq Cəbhəsinin bütün proqram müddəaları ilə razıyam və bu cəbhənin üzvü olmağı özümə şərəf bilirəm. Xalq Cəbhəsinin yaranmağına mane olanlara qarşı qəti etirazımı bildirirəm. Xalq Cəbhəsinin yaranmasına mane olanlar Azərbaycan xalqının düşmənləridir”.
Daha bir material AXC Təşəbbüs Mərkəzinin üzvü, yazıçı-jurnalist Ağamalı Sadiq Əfəndinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy əhalisinə müraciətindən ibarətdir. Müraciətində Ağamalı Sadiq Əfəndi bölgənin əhalisini AXC ətrafında birləşməyə çağırır.
İkinci sayda Hikmət Hacızadənin “1989-cu ildə nə etməli? Azərbaycan Xalq Cəbhəsi dayaq dəstələrinin ən yaxın vəzifələri” yazısı, AXC-nin nizamnaməsi, Dağlıq Qarabağda baş verən son hadisələrlə əlaqədar AXC Təşəbbüs Mərkəzinin bəyanatı və başqa ictimai-siyasi xəbərlər yer alıb.
Son say
Bülletenin üçüncü sayı həm də son saydır. 1989-cu ilin sentyabrında nəşr edilib. Bu sayda AXC-nin təsis konfransının materialları verilib. Birinci səhifədəki məlumatda qeyd olunur ki, iyulun 16-da (1989) Bakıda AXC-nin təsis konfransı keçirilib və aşağıdakı məsələlər müzakirə edilib: “1. AXC Təşəbbüs Mərkəzinin hesabatı. 2. Azərbaycanda siyasi vəziyyət. 3. AXC Təşəbbüs Mərkəzinin mətbuat vasitələri ilə əlaqəsi. 4. AXC məramnaməsinin təsdiqi. 5. AXC nizamnaməsinin təsdiqi. 6. Təşkilat məsələləri”.
Konfransda Tofiq Qasımov, Əbülfəz Əliyev, Leyla Yunusova, Zərdüşt Əlizadə, Sabit Bağırov və İsa Qəmbərov məruzələrlə çıxış ediblər.
Konfrans adından aşağıdakı qətnamələr qəbul olunub: “1. Azərbaycan Xalq Cəbhəsinin təsisi haqqında. 2. Azərbaycan SSR-in dövlət suverenliyi haqqında. 3. Azərbaycan SSR iqtisadiyyatı haqqında. 4. Azərbaycan Demokratik Respublikası haqqında. 5. DQMV-də xüsusi idarə forması haqqında. 6. Azərbaycan SSR-in bəzi yerlərindəki xüsusi vəziyyət haqqında. 7. Siyasi məhbuslar haqqında. 8. Türk xalqlarının müasir dövrdə vəziyyəti və vəzifələri haqqında. 9. SSRİ-də milli münasibətlər haqqında. 10. Ölkədəki ictimai-siyasi vəziyyət haqqında”.
Azərbaycan SSR-in dövlət suverenliyi haqqında qətnamədə qeyd olunur: “AXC SSRİ tərkibində qalmaqla respublikanın suverenliyinə nail olmaq perspektivini yalnız inqilabi yenidənqurma proseslərinin davam etməsi şəraitində mümkün hesab edir. AXC SSRİ-nin federativ sisteminin təkmilləşdirilməsini zəruri hesab edir. Yenidənqurma baş tutmayacağı halda AXC Azərbaycanın tam dövlət suverenliyi uğrunda mübarizəyə başlayacaq”.
İkinci səhifədə “Mitinq və tətillər haqqında”, “Atəş altında mitinq” başlıqlı xəbərlər yer alıb. Bu xəbərlərdə iyulun 29-u, avqustun 5-i, 12-si, 14-ü və 22-si Bakıda keçirilən mitinq və tətillər barədə informasiyalar verilib.
Üçüncü səhifədə Pənah Hüseynovun yazdığı məqalə belə adlanır: “Respublikadan kənara aparılan məhsullardan rüsum alınması barədə fərmanın mahiyyəti haqqında”.
Dördüncü səhifədə Səfər Alışarlının “Moskva, Vəzirov və AXC” yazısı yer alıb.
Beşinci səhifədəki “Niyə cəbhə və niyə məhz Xalq Cəbhəsi” yazısının müəllifləri Hikmət Hacızadə və Zaur Əliyevdir.
Altıncı səhifədə İsa Qəmbərovun “AXC və Dağlıq Qarabağa Yardım Komitəsi”, Zəminənin “Əgər sözün varsa”, Qaratelin “Neftli atalıq qayğısı” məqalələri dərc edilib.
Yeddinci səhifədə 1916-cı ildə “Dirilik” jurnalında çap edilmiş “I Pyotrun vəsiyyətnaməsi”ndən parçalar, yazıçı-publisist Sirusun (Sirus Təbrizli) Kommunist Partiyası üzvlüyündən çıxması barədə izahat dərc edilib. İzahat Azərbaycan KP MK-ya, 26 Bakı Komissarı Rayon Partiya Komitəsinə, Yazıçılar İttifaqının ilk partiya təşkilatına ünvanlanıb.
Səkkizinci səhifədə “Bolqarıstan-Türkiyə”, “Müdafiə komitəsi yaradılmışdır” başlıqlı xəbərlər, SSRİ-dəki və ayrıca olaraq Azərbaycan SSR-dəki yaşayış səviyyəsinin xarici ölkələrdəki (ABŞ, Fransa, İtaliya, Yaponiya) yaşayış səviyyəsi ilə müqayisəli təhlilini əks etdirən cədvəl çap edilib.
Doqquzuncu səhifədəki “Diqqət: faşizm!” başlıqlı xəbər isə o zaman Qarabağda erməni separatizminin artıq hansı səviyyədə olduğunu göstərir: “İyulun 11-də Şuşadan doğma kəndləri Kərkicahana gedərkən meşə yolunda ermənilərin vəhşiliklə öldürdüyü Orduxan və Əli adlı iki türk oğlu ilə bərabər təcavüzə məruz qalmış, lakin təsadüf nəticəsində öz canını qurtara bilmiş Namiqin müxbirimizə danışdıqlarını təqdim edirik: “…Bulaqdan su içdik, sonra oturub siqaret yandırdıq. Bir azdan kənd tərəfə gedən cığırda 6 nəfər silahlı erməni peyda oldu. Yaxın məsafədən silahı üstümüzə tuşlamaqla bizə tərpənməmək əmrini verdilər.
Sənədlərimizi yoxladılar. Bizi qabaqlarına qatıb kəndə tərəf apardılar. Kəndə xeyli qalmış dayanıb əmr etdilər ki, ayaqqabılarımızı çıxaraq. Orada bizi lüt soyunmağa məcbur edib əllərimizi bağladılar. Butulkaları sındırıb, Orduxanı şüşə qırıqları üstündə yeriməyə məcbur etdilər. Əli ilə məni isə böyürtkən kolluğuna itələyib xeyli orada saxladılar. Sonra yenə də hər üçümüzü möhkəm döydülər.
Üçümüzü də üzü üstdə yerə uzatdılar. Ermənilərdən biri məni süngü ilə kürəyimdən vurmaq istəyəndə yerimdə çevrilib dedim: “Vurursansa ürəyimdən vur!” Bundan sonra yenə hərbi dubinkanı işə saldılar. Boynumuzun dalına dubinka ilə vuran erməniyə yoldaşı dedi ki, əmgəyimizdən vursun. O elə də elədi.
Əli sıçrayıb qaçanda tüfəngdən ona atəş açıb kürəyindən vurdular. Orduxanla mən də durub qaçmaq istəyəndə yenə atəş açdılar. Orduxan yıxıldı, mənə də qırma dəydi. Ancaq qarşıdakı uçurumu tullanmaqdan başqa yol görmədim. Özgə vaxtı o uçurumu mən qətiyyən tullana bilməzdim. Ardımca yenə atəş açıldı və məni dizimdən yaraladı. Lakin kəndə tərəf qaçdım. Ermənilər arxamca kəndə qədər gəldilər. Həmin an evdə olmayan əmioğlumun həyətində mənə 15-20 metrdən yenə atəş açdılar, amma böyük tut ağacının arxasına sıçramaqla bu dəfə də ölümdən xilas oldum. Və erməni tüfəngi təzədən doldurunca bir az da uzlaqlaşa bildim. Orada isə köməyə gəldilər”.
Son səhifədə Bəxtiyar Vahabzadənin “Deputata məktub” şeiri verilib:
Sənə səs verdim ki, yoldaş deputat,
O yüksək kürsüdə səsin gur olsun.
Sənə öz səsimi vermədim ki, mən,
Qulağın kar olsun, gözü kor olsun.
Sənə səs verdik ki, hər qarış yerin
Əzəli sahibi “mənəm” deyəsən,
Sənin torpağına göz dikənlərin,
“Dərsini” verməkdən çəkinməyəsən.
Sənə səs verdik ki, elin-obanın,
İstəyi-arzusu axsın səsindən.
Bar-bar bağırasan, suyun, havanın,
Millətin kökünün çürüməsindən.
Xalqını söydülər üzünə qənşər,
Sən susdun, vəzifən susmaqmış məgər?
Xalqın şərəfini qorumayan kəs,
Xalqın deputatı necə oldu bəs?
Susmağa göndərdim məgər mən səni?
Ora getməmişdin sən əsnəməyə.
Sən ora getmişdin xalqın dərdini,
Xalqın dili ilə orda deməyə.
Lal gedib, lal gəldin, sən kimsən bu gün?
Xalqın vəklilikən xalqa yad oldun.
Yoxsa dinməməyi bacardığınçün
Bu xalqın adından deputat oldun.
Biz heç haqqımızı bilmədik yenə,
Heç demə millətin vəkilliyinə
Aşkarlıq dövründə lal-kar gərəkmiş,
Bizə aşkarlığı inkar gərəkmiş.
Son səhifənin aşağısında replika verilib: “Azərbaycan xalqının son günlərdə keçirdiyi mitinq və tətillər barədə dünya ictimaiyyətinə məlumat verildiyi halda, Amerikanın ən iri teleşirkətləri bizi göstərdiyi halda Moskva susur… Bərəkallah belə aşkarlığa!…”.
Bülletenin üçüncü sayından sonra qəzet dövrü başlandı. Öncə redaktoru Səfər Alışarlı olan “Meydan”, ardınca Nəcəf Nəcəfovun redaktorluğu ilə “Azadlıq” çıxdı. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra “Azadlıq” qəzetinin fəaliyyəti bir müddət dayandırıldı. Bu zaman Ağamalı Sadiq Əfəndinin rəhbərliyi ilə gizli şəkildə “FV – ÇP” qəzeti buraxıldı. “Azadlıq” qəzeti fəaliyyətini bərpa edəndən sonra “FV – ÇP”nin nəşri dayandı.
Başqa yazılar: