Azərbaycan torpaqlarının qanlı işğalına gətirən Qarabağ savaşının cəllad liderlərindən Robert Köçəryan 65 yaşını həbsxanada qeyd edir.
Novator.az bildirir ki, Robert Köçəryan 1954-cü il avqustun 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Stepanakert şəhərində doğulub. Yerevan Politexnik İnstitutunun məzunudur. 1980-ci ildən Dağlıq Qarabağın komsomol və partiya orqanlarında məsul vəzifələr tutub.
1988-ci ilin fevralında Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci ilin sentyabrında ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ilin mayında atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal edib.
İşğalçı müharibənin rəhbərlərindən olan Robert Köçəryan 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən 2008-ci ilə kimi prezident postlarını tutub.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət Dağlıq Qarabağ bölgəsində doğulmuş, işğalçı müharibənin qaniçən liderlərindən olan Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə qarabağlıların hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir. O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirərək sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.
2019-cu il mayın 13-dən Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə bu iş üzrə proses başlayıb. Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.
Mayın 18-də Avan və Nor Nork məhkəməsi pul girovu müqabilində Robert Köçəryanı azadlığa buraxıb, mayın 20-də isə məhkəmə prosesi dayandırılıb, iş rəy üçün Konstitusiya Məhkəməsinə göndərilib.
İyunun 25-də Apellyasiya Məhkəməsi Baş Prokurorluğun Robert Köçəryanın azadlığa buraxılması və mühakimənin dayandırılması qərarlarından şikayətlərini təmin edib, Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin hər iki qərarı ləğv olunub.
Apellyasiya Məhkəməsinin qərarından dərhal sonra Robert Köçəryan yenidən həbs edilib.
İyulun 18-də Konstitusiya Məhkəməsi Robert Köçəryanın mühakiməsini müvəqqəti dayandırıb.