“Qanun” Nəşrlər Evi Ekxart Tollenin “Yeni dünya”, Pola Hokinsin “Qatardakı qız” əsərlərini çap edib.
“Yeni dünya” kitabı sadəcə kitab deyil. Həyatın çətinliyinə dözüm və daxili rahatlıq gətirən balans reseptidir. Bütün dünya ilə münasibət qurmaq üçün metodoloji, insani və hədsiz mənəvi zənginliklə yüklənmiş ədəbiyyat örnəyidir.
“Yeni dünya” insanlığın xilası üçün əlindən gələni edən bir müəllif çağırışıdır. Bir doktor şəfasıdır. Aqressiyanın gündən-günə artdığı dünyada insanları bağrına basan, onları sonacan anlayan bir ədəbiyyat örnəyinin, bütün dünya əhalisini düşünən bir yazı, elm nümunəsinin olması qurtuluşa inam yaradır. Mənəvi əzablardan qurtuluşa… Terrordan, aqressiyadan, savaşdan, hücumdan, bədbəxtlikdən qurtuluşa…
Bu kitabın həyatınızda yeni səhifə açacağına ümid edirik…
Kitabı Aysel Əlizadə tərcümə edib.
“Qatardakı qız” təkrar nəşr olunub.
Pola Hokinsin bu kitabı sirlərlə dolu bir detektivdir. Onu psixoloji triller də adlandırmaq olar. Burada personajlar çoxdur və hər birinin də öz sirləri və günahları var.
Əsərin baş qəhrəmanı Reyçelin xeyli ağır bir taleyi var. Onun həyatında hər şey uçuruma yuvarlanmış kimidir. O, ərindən ayrılıb, işini itirib və içkiyə aludə olub. Hər gün səhərlər özünü içkiylə ovundurur. Onun bir əyləncəsi var – qatarla Londona gedib, orada veyillənmək. Qonşuları isə düşünür ki, onun işləri qaydasındadır və o, hər gün işə gedir.
Reyçel qatarla gedərkən yeni evliliklə xoşbəxt olan keçmiş ərinin evini müşahidə edir. Amma qonşu ev də onun diqqətini çəkir. Reyçel hesab edir ki, orada ideal bir ailə yaşayır. O hətta öz qəhrəmanlarına adlar da uydurub – Ceyson və Cess. Onların həyatı bizim baş qəhrəmanın istədiyi bir arzu, xəyaldır.
Lakin günlərin birində hər şey dəyişir. Reyçel qatardan görür ki, Cess tanış olmayan bir kişi ilə evin bağçasında öpüşür və ertəsi gün qız yoxa çıxır, bu barədə bütün qəzetlər yazır. Reyçel də həmin ərazidə baş vermiş bir hadisənin şahid olur.
“Qanun”un mağazası həftə boyu işləyir (Ünvan: Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı). Mağaza həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabları nəşriyyatın (012) 431 16 52 nömrəli telefonu və ya Qanun.az saytı vasitəsilə də sifariş etmək olar. Çatdırılma paytaxtın “20 Yanvar” metro stansiyasının çıxışına pulsuzdur.
Bir müddətdir “Qanun” Nəşrlər Evi paytaxtda açıq səma altında kitab yarmarkaları da təşkil edib. Elmlər Akademiyası və Nərimanov parklarında təşkil olunan bu yarmarkalar hazırda fəaliyyətini davam etdirir. Yarmarkalarda kitablar alıcılara endirimli qiymətlərlə təklif edilir.
“Yeni dünya” kitabının satış qiyməti 10 manat 99 qəpik, “Qatardakı qız”ın satış qiyməti isə 10 manat 49 qəpikdir. Hər iki kitabı, eyni zamanda bir çox kitabları yarmarkalardan 20 faiz endirimlə əldə etmək olar.