Ətraf mühitin mühafizəsi və BMT
Ətraf mühitin mühafizəsi ilə bağlı problemlərin əksəriyyəti qlobal xarakter daşıyır və onların həlli beynəlxalq səviyyədə razılaşdırılmış birgə səylər tələb edir. Son yüz ildə məqsədi təbiəti qorumaq olan onlarla beynəlxalq qurum yaranıb. Bundan başqa, digər qlobal problemlərlə məşğul olan istənilən nüfuzlu beynəlxalq təşkilatın fəaliyyət proqramında ətraf mühitin mühafizəsinə xüsusi yer ayrılır.
1962-ci ildə BMT Baş Assambleyasının 17-ci sessiyasında “İqtisadi inkişaf və təbiətin qorunması” haqqında qətnamə qəbul edildikdən sonra BMT ətraf mühitin mühafizəsi sahəsində ən vacib məsələləri diqqət mərkəzində saxlamağa başlayıb. 1972-ci ildə Stokholmda ətraf mühit problemlərinə həsr edilmiş konfransında BMT-nin Ətraf Mühit Proqramı (UNEP) yaradılandan sonra isə BMT-nin bu sahədə fəaliyyəti daha geniş vüsət alıb.
İqlim dəyişmələri – UNFCCC
UNEP-in dəstəyi ilə aparılan ciddi elmi araşdırmalar göstərir ki, ətraf mühitə antropogen təsirin əsas fəsadları iqlim dəyişmələri ilə bağlıdır və gələcəkdə böyük fəlakətlərə səbəb ola biləcək bu dəyişikliklərin qarşısını almaq üçün dünyanın bütün ölkələri səfərbər olmalıdır.
1992-ci ildə BMT bu məsələnin həlli yolunda mühüm addım ataraq Rio de Janeyroda keçirdiyi Yer Sammitində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) elan edib və dünyanın bütün ölkələrini bu konvensiyaya qoşulmağa çağırıb. Konvensiyaya qoşulan 180-dən artıq ölkənin nümayəndələri müntəzəm olaraq Tərəflər Konfransına toplaşaraq iqlim dəyişmələri ilə bağlı problemləri müzakirə etməyə və bunun qarşısını almaq üçün əməli tədbirlər hazırlamağa başlayıblar. 1997-ci ildə Çərçivə Konvensiyasına Kioto protokolu əlavə edilib. Bu protokolu imzalayan ölkələr istixana qazlarını azaltmaq və ya stabilləşdirmək öhdəliyi götürür.
Yaşıl İqlim Fondu
Çərçivə Konvensiyasına Kioto protokolu əlavə olunandan sonra Tərəflər Konfransı inkişaf etməkdə olan ölkələrə protokoldakı öhdəlikləri yerinə yetirə bilmələri üçün maliyyə yardımı göstərmək qərarına gəlib. 2010-cu ildə Meksikanın Kankun şəhərində keçirilmiş növbəti Tərəflər Konfransında Yaşıl İqlim Fondu (YİF) adlı qurum yaradılıb.
YİF inkişaf etməkdə olan ölkələrin qlobal iqlim dəyişmələrinin yaratdığı problemlərlə mübarizəsinə dəstək vermək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası nəzdində yaradılan, maliyyə əməliyyatlarını icra edən orqandır.
2013-cü ildə Koreyanın Sonqoq şəhərində YİF-in daimi qərargahı yaradılıb və maliyyə resurslarına ilkin çağırışlar nəticəsində cəmi bir il ərzində 10 milyard ABŞ dolları miqdarında vəsait səfərbər edilib.
2015-ci ildə Parisdə keçirilmiş İqlim Konfransında qəbul edilən Paris sazişi iqlim dəyişmələri ilə bağlı daha konkret hədəfli sənəd kimi Kioto protokolunu əvəz edib. Bu saziş 2020-ci ildən iqlim dəyişmələri və atmosferə karbon qazı atılmasının azaldılması istiqamətində həyata keçiriləcək tədbirləri tənzimləyir. Sazişin əsas məqsədi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını daha da aktivləşdirmək, xüsusilə dünyada orta temperatur artımını fəlakətli 2 dərəcə həddindən mümkün qədər aşağıda saxlamaqdır.
Azərbaycanın YİF-ə qoşulması
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulmaqla və 2000-ci ildə Kioto protokolunu imzalamaqla təbiətin mühafizəsi ilə əlaqədar qlobal hərəkatdan kənarda durmadığını təsdiqləyib.
Ölkəmiz 2016-cı ildə Paris sazişinə qoşulduqdan sonra isə həm iqlim dəyişmələri ilə mübarizədə öz üzərinə müəyyən öhdəliklər götürüb, həm də bu öhdəlikləri yerinə yetirmək üçün inkişaf etməkdə olan ölkə statusunda YİF-in maliyyə dəstəyindən istifadə etmək imkanı qazanıb. Elə həmin il Azərbaycan hökumətinin qərarı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi YİF-lə əməkdaşlıq üçün milli səlahiyyətli orqan təyin edilib.
2018-ci ilin fevral ayında BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “Azərbaycanın Yaşıl İqlim Fondu ilə əməkdaşlığına hazırlıq” layihəsini həyata keçirməyə başlayıb. Layihənin məqsədi Azərbaycanı və ilk növbədə milli səlahiyyətli orqanı YİF-lə əməkdaşlığa hazırlamaq, Azərbaycanda adaptasiya və mitiqasiya tədbirlərini həyata keçirmək istiqamətində bilik və bacarıqları artırmaqdır. Layihə çərçivəsində YİF-lə əməkdaşlığın hüquqi və institusional bazasını hazırlamaq, ölkədəki bütün maraqlı tərəfləri, o cümlədən özəl sektoru Azərbaycanın iqlim siyasətinin həyata keçirilməsinə cəlb etməkdir.
Artıq “Azərbaycanın Yaşıl İqlim Fondu ilə əməkdaşlığına hazırlıq” layihəsinin icrası uğurla başa çatmaq üzrədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq strukturları, bu sahədə maraqlı olan dövlət qurumları, biznes sektoru və QHT nümayəndələri üçün məlumat sessiyaları, təlimlər, dəyirmi masalar keçirilib, milli səlahiyyətli oqranla YİF arasındakı münasibətləri tənzimləyən qaydalar Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb. Bütün maraqlı tərəflərin, habelə media, beynəlxalq təşkilatlar və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin iştirakı ilə iki konfrans keçirilib. Bu konfranslarda Azərbaycanın YİF-lə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən dövlət, özəl və ya qeyri-hökumət təsisatlarının akkreditasiyadan keçməsi və YİF-ə təqdim olunan maliyyələşdirmə təklifləri ilə bağlı milli səlahiyyətli orqandan razılığın əldə olunmasının prosedur qaydaları işlənib hazırlanıb.
İyul ayının 29-30-da layihənin yekunlarına aid konfrans keçirmək nəzərdə tutulur. Konfransda Azərbaycanda YİF-lə münasibətlərin qurulmasına hazırlığın necə keçdiyi barədə geniş hesabat təqdim ediləcək.
H.Hüseynli