Erkin Qədirli
Respublikaçı Alternativ Partiyasının xarici əlaqələr katibi, hüquqşünas
14 iyul 2019-cu ildə Böyük Fransa İnqilabının başlanğıcı sayılan gündən 230 il ötdü.
İnqilabın özü təxminən 10 il sürüb. Əslində onun başlanğıcını da 14 iyul 1789-dan öncəki dönəmlərdən saymaq olar. 14 iyul rəmzi gündür – üsyançıların Bastiliya həbsxanasını aldığı gün.
Yeri gəlmişkən, üsyançıların tarixi töhfəsi yalnız bu olmayıb. Bastiliyanı silahlı hücumla alanların ümumi adı “sankülotlar” olub. Fransızca “sans-culottes” hərfi mənada “külotsuzlar” deməkdir. “Külot” – aristokratların geyindiyi qısa şalvarın adıdır. O dönəmin aristokratları beldən dizə qədər olan qısa şalvar və dabandan dizə qədər olan uzun corab geyinərdi.
Fransanın kasıb əhalisi isə uzun (beldən topuğa qədər olan) şalvarlarda gəzərdi. Parisdə belə uzun şalvarları “üçüncü sinif” adlandırılan xırda burjualar geyinərdi. Onların da şərti adı “sankülot” (yəni külotsuz, kontekstual tərcümədə – uzun şalvarlı) olardı.
Fransa inqilabından sonra bütün Fransa uzun şalvar geyinməyə başladı. Uzun şalvar Fransada respublikaçılığın qeyri-rəsmi rəmzinə çevrildi. Bu adət sonra bütün Avropaya, oradan da dünyanın başqa yerlərinə köçdü.
***
Tarixə verilən dəyər hər zaman eyni olmur, zamanla dəyişir. Çünki nəsillər və şəraitlər dəyişir. Hər yeni nəsil tarixə özünün durumuna uyğun dəyər verir. Niyə belə olur? Çünki tarix iki hissədən ibarətdir – hadisə və hekayə. Hadisə dəyişmir, amma hekayə dəyişə bilir. SSRİ dönəmində 1917-ci ilin bolşevik inqilabına bir dəyər verilirdisə, bugünkü Rusiyada onu tamam başqa cür dəyərləndirirlər. SSRİ güclü olanda bolşevik inqilabı mütərəqqi sayılırdı. Bu gün Rusiya çox zəifdir, ona görə həmin inqilaba münasibət mənfiyə doğru dəyişib. Fransa güclü, rifah içində yaşayan demokratik ölkədir. Fransızlar 1789 inqilabı ilə haqlı olaraq öyünürlər. Fransa bu gün özünün tam tərsi olsaydı (zəif, kasıb), fransızlar, çox güman, hər şeyin günahını 230 il bundan öncə olmuş inqilabda görərdilər.
1989-cu ildə, Böyük Fransa İnqilabının 200 illiyində, Çinin faktiki rəhbəri, Çində iqtisadi islahatların atası olmuş Den Syaopindən inqilabın tarixi önəmini necə dəyərləndirdiyini soruşurlar. Den Syaopin deyir: “Bu haqda danışmaq hələ çox tezdir”.
Fransa inqilabının təsiri böyük olub, bu gün də böyük olaraq qalır, çünki Fransa hələ də hərtərəfli (hərbi, iqtisadi, mədəni, siyasi, hüquqi baxımdan) güclü dövlətdir.
Öz keçmişimizlə öyünmək istəyiriksə, hərtərəfli güclü dövlət qurmalıyıq. Zəif dövlətlərdə hamı keçmişini söyür.
***
İnsanlar bir qayda olaraq müasirləri olduqları, içində yaşadıqları gedişatlara, öz gözləri ilə gördükləri hadisələrə üz görmədən, qərəzsiz yanaşa bilmirlər. Bunu hamıdan yaxşı hüquqşünaslar bilirlər, ona görə də şahidlərin ifadələrini nəinki özlüyündə yetərli sübut saymırlar, əksinə, şahidlərin ifadələrinə şübhə ilə yanaşırlar, çünki şahidlərin öz maraqları olur, onlar hadisələri öz faydalarına görə yoza bilirlər.
Eyni zamanda həm hüquqşünas, həm siyasətçi olmağın çətinliklərindən biri də buradan qaynaqlanır. Bir qayda olaraq bu iki peşədən biri o birinə qurban verilir. Çətin seçimdir. Maks Veberin siyasəti bir məslək və bir peşə kimi iki yönə ayırması da kara gəlmir.
Siyasət elm deyil, orada obyektiv olmaq olmur. Napoleon məşhur riyaziyyatçı Pyer Laplası Fransanın daxili işlər naziri təyin etmişdi. Laplas ona gələn əməliyyat məlumatlarının üzərində “riyazi baxımdan sübutu mümkün deyil” yazıb geri qaytarırdı. Napoleon onu bir neçə həftədən sonra vəzifədən çıxarmalı oldu.
Tarixi şəxsiyyətlərə münasibət də hadisələrə olan münasibət kimi dəyişə bilir. Heydər Əliyev, şübhəsiz, böyük tarixi şəxsiyyətlərimizdəndir. Bu ona olan münasibətdən asılı olmayaraq belədir. Heydər Əliyevin hakimiyyətə gəlməsi (1969-da və 1993-də) tarixi hadisələrdir. Bu hadisələrin müasirləri olduğumuzdan bir-birimizə heç nəyi sübut edə bilməyəcəyik, çünki bu günümüzlə bağlı mübahisələrdə keçmişə yönəlmiş arqumentlərə ehtiyacımız var, keçmişi isə bu gün yaşadığımız problemlərin işığında görürük. Praktik ağıl ancaq belə işləyə bilir.
Facebook.com