Qadın sahibkarın problemləri, təkliflər
- 05 İyul 2019
- comments
- Səidə Hüseynova
- Posted in Şərh
İyulun 3-ü Bakıda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə “Qadınların borclanma və lizinq məhsulları ilə təmin edilməsi” mövzulu dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarının təmsilçiləri, bankların nümayəndələri, beynəlxalq və yerli təşkilatların ekspertləri iştirak edib.
Fondun prezidenti Sabit Bağırov deyib ki, tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi “Kiçik sahibkarlığın inkişafı” layihəsi çərçivəsində baş tutur. O bildirib ki, layihə ikinci mərhələdədir və əsasən qadın sahibkarlığının inkişafı ilə bağlı işlər görülür: “400 qadın üçün sahibkarlığın əsasları ilə bağlı təlimlər keçirilib, arıçılıq, dərzilik, quru meyvə istehsalı üzrə peşə təlimləri keçirilir. 20 qadın Qaxda arıçılıq üzrə peşə təlimi keçdi, onlar yaxın zamanda fəaliyyətə başlayacaq. Qubada keçirilən dərzilik təliminə 16 qadın cəlb olunub. Quru meyvə istehsalı üzrə təlimlər bu ay başlayacaq”.
Sabit Bağırovun sözlərinə görə, layihə çərçivəsində azı 50 qadının təşəbbüsünə dəstək olunacaq: “Hazırda biznes planları nəzərdən keçirilir. Bunun üçün xüsusi komissiya yaradılıb. İndiyə kimi 265 biznes planı təqdim olunub, ilkin mərhələdə onlardan 105-i seçilib. Növbəti mərhələdə azı 50-si seçiləcək və həmin biznes planlarının müəllifləri olan xanımlara müvafiq biznesin yaradılmasında yardım ediləcək. Hər bir qadına mentor təyin olunacaq. İstəyimiz odur ki, yardım edəcəklərimizin azı 75 faizi dayanıqlı biznes qursun”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Qadınların borclanma və lizinq məhsulları ilə təmin edilməsi üzrə maliyyə institutlarının fəaliyyətinin analizi” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, rəsmi statistik məlumatlarda, o cümlədən Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq, rüblük və illik statistik bülletenlərində kredit resurslarına əlçatanlığın gender təhlili verilmir: “Bu hesabatlar kredit resurslarının sahələr üzrə və valyuta tərkibi əsasında bölüşdürülməsinə dair ümumi məlumatlarla məhdudlaşır. Ümumi kredit qoyuluşunda qadınların, o cümlədən qadın sahibkarların payı barədə müfəssəl məlumat əldə etmək mümkün deyil. Ancaq sahibkarların kredit resurslarına əlçatanlığının aşağı olması onu deməyə əsas verir ki, qadın sahibkarlar da analoji durumda, hətta daha çətin vəziyyətdədir”.
Samir Əliyev əlavə edib ki, dövlət xətti ilə ayrılan güzəştli kreditlərin gender bölgüsünü ümumi də olsa əldə edib qiymətləndirmək mümkündür: “Dövlət vəsaitləri hesabına sahibkarlara güzəştli kredit verən Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dəstək var. 2012-2017-ci illərdə fond vasitəsilə ölkə sahibkarlarına ümumilikdə 1 milyard 371,9 milyon manat ayrılıb, bunun da 61,3 milyon manatı və ya 4,5%-i qadın sahibkarların payına düşüb. Fond qadın sahibkarlara 2012-ci ildə 3,6 milyon manat, 2013-cü ildə 9,3 milyon manat, 2014-cü ildə 9,3 milyon manat, 2015-ci ildə 22,1 milyon manat, 2016-cı ildə 10,4 milyon manat, 2017-ci ildə 6,6 milyon manat məbləğində kredit verib”.
Samir Əliyevin müəllifi olduğu tədqiqatda qeyd olunur ki, son 6 ildə güzəştli kreditləşmədə qadın sahibkarların kreditləşməsinin payı 9%-dən çox olmayıb: “Qadın sahibkarların ümumi kreditləşmədəki payı 2015-ci ildə 2012-ci ildəki 1,7%-dən 8,9%-ə yüksəlsə də, sonrakı illərdə azalaraq 2016-cı ildə 5,5%-ə, 2017-cı ildə 4,5%-ə düşüb”.
Tədqiqata görə, ümumi sahibkarlarda qadınların payı 2012-ci ildə 7,8% olduğu halda 2017-ci ildə 14,3%-ə qədər yüksəlib, ümumilikdə fond indiyədək 4200-dək qadın sahibkara 104 milyon manatadək güzəştli kredit verib.
Vəziyyəti dəyərləndirmək üçün tədqiqat qrupu ilk olaraq Bakı şəhəri və ölkənin 3 müxtəlif iqtisadi regionunda (Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax) fəaliyyət göstərən 15 nəfər sahibkar qadından müsahibələr götürüb. İştirakçıların 11 nəfəri qeyd edib ki, fəaliyyətləri dövründə maliyyə resurslarına ehtiyacları olub və borc vəsaitərindən istifadə ediblər.
Onların 4 nəfəri fəaliyyətlərinin xarakteri (məsələn, əl işlərinin və bəzək əşyalarının hazırlanması, turizm) ilə bağlı maliyyə resurslarına ehtiyaclarının çox olmadığını vurğulayıb.
Müsahibələrin analizi göstərib ki, qadınlar borc vəsaiti kimi əsasən kreditlərdən istifadə edir və lizinq onların yararlandığı borc alətləri sırasında yer almır. Yalnız 1 nəfər fəaliyyəti dövründə lizinq xidmətindən bəhərələndiyini bildirib.
Qadın sahibkarlar, xüsusilə aqrar sektordan kənar sahələrdə çalışan iş adamları lizinqə maraq göstərməməyi maliyyə bazarının bu seqmentinin zəif inkişaf etməsi ilə əsaslandırıblar. Onların fikrincə, lizinq şirkətləri sahibkarların ehtiyac duyduğu zəruri avadanlıqlar təklif etməkdə çətinlik çəkirlər. Müsahiblər biznes üçün lizinq xidmətlərinin şərtlərini sadələşdirməyi, aqrar sektorda olduğu kimi iqtisadiyyatın digər sahələrində çalışan iş adamlarının da daha uzun müddətə, güzəştli faizlərlə və dövlətin dəstəyi əsasında zəruri texnika və avadanlıq əldə etmək imkanına malik olmasını təklif edir.
Samir Əliyevin sözlərinə görə, daha bir ciddi problem odur ki, lizinq şirkətləri (kənd təsərrüfatı texnikası üzrə ixtisaslaşmış “Aqrolizinq” ASC istisna olmaqla) hamısı Bakı şəhərində yerləşir, onların bölgələrdə strukturları yoxdur, internetdə fəaliyyətləri ilə bağlı yaydıqları məlumatı ətraflı deyil, operativ və daimi yenilənən olmur.
Qadın sahibkarların kredit resurslarına və lizinq xidmətlərinə əlçatanlığını qiymətləndirmək üçün 2018-ci ildə “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinin “Qadın sahibkarlığı” komponenti çərçivəsində 500 qadının rəyi öyrənilib. Sorğu Bakı şəhəri və ölkənin 7 iqtisadi rayonunu əhatə edib. Qadınlar sahibkarlıq fəaliyyətinə başladıqları zaman hansı problemlə üzləşdikləri ilə bağlı suala cavabında ikinci əsas problem kimi maliyyə çatışmazlığını qeyd ediblər.
Sorğu nəticələrindən məlum olur ki, respondentlərin 84,6%-i biznesi üçün maliyyə vəsaiti tələb olunanda bir qayda olaraq banklara üz tuturlar. Rəyi soruşulanların 13,8%-i maliyyə üçün dost-tanışa müraciət edir, 1,6%-i öz imkanlarına güvənir.
Qadın sahibkarların kredit resurslarına əlçatanlığını qiymətləndirmək üçün Sorğuya bankların şərtlərinin onları nə dərəcədə qane etmələri barədə də sual daxil edilib. Cavab variantlarından aydın olur ki, respondentləri qane etməyən əsas şərt kreditlərin illik faiz dərəcələrinin yüksək olmasıdır (71,2%). Bundan başqa sorğuda iştirak edən qadın sahibkarların 15,4%-i ağır şərt qismində zaminliyin tələb olunmasını (15,4%) və çoxlu sənədin istənməsini (8,5%) qeyd ediblər.
Qadın sahibkarlara Sahibkarlığın İnkişafı Fonduna (SİF) kredit üçün müraciətlə bağlı da sual verilib. Cavablardan aydın olub ki, respondentlərin cəmisi 1,2%-i fonda müraciət edib. Rəyi soruşulanların 62,8%-i fonda müraciət etmədiyini, 36%-i isə belə qurumun varlığından ümumiyyətlə xəbərsiz olduğunu bildirib.
SİF-ə müraciət edənlər üzləşdikləri çətinliklər qismində sənədləşmənin çətinliyini (83,3%) və tələb olunan qədər vəsait ala bilmədiklərini (16,7%) göstəriblər.
Banklardan kredit alarkən qeyri-rəsmi xərclər də ortaya çıxır. Respondentlərin cavab variantlarından məlum olur ki, alınan kredit vəsaiti məbləğinin müəyyən hissəsini qeyri-rəsmi ödənişlərə gedir.
İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva çıxışında bildirib ki, qadınların sahibkarlıqla məşğul olmasına heç bir məhdudiyyət yoxdur. “Son məlumatlara əsasən, Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 186 minə yaxındır. Onların 32 faizə yaxını Bakıda, 17 faizə yaxını Aran bölgəsində, 16 faizi Gəncə-Qazax, 10 faizə yaxını Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərir, qalanları digər regionların payına düşür”.
Ulduz Babayeva əlavə edib ki, sahibkarlıqla bağlı qaydalar liberallaşdırılıb.
“Rabitəbank”ın nümayəndəsi Elvin Tahirov deyib ki, təmsil etdiyi qurumda qadınlara xüsusi proqram yaradılıb: “Bankımızın nümayəndələri Gəncə, Şəmkir, Tovuz və Ağstafada görüşlər keçirdilər. Belə nəticəyə gəldik ki, əsas problemlərdən biri maliyyə savadlılığı ilə bağlıdır. Artıq qərar verilib, qadınlara yönəlik proqramımız uzunmüddətli olacaq”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nigar Əhmədova deyib ki, 2019-cu ilin ilk 6 ayı ərzində aqrar sektorda çalışan 9 qadına 393,5 min manat güzəştli kredit verilib: “10 nəfər qadın kənd təsərrüfatı texnikasının alınması üçün 45,8 min manat vəsait, həmçinin 28,6 min manat məbləğində subsidiya alıb”.
Nigar Əhmədova bildirib ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə həyata keçirdiyi layihə çərçivəsində 2018-ci ildən indiyədək 361 qadını özündə birləşdirən, 10-20 qadından ibarət 30 Qadın İnkişaf Qrupu yaradılıb, onlara 39 min manat maliyyə dəstəyi göstərilməsi nəticəsində 100 yeni və daimi iş yeri yaradılıb.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının direktoru Jalə Hacıyeva qeyd edib ki, problemlərdən biri banklarda kredit mütəxəssislərinin əsasən kişi işçilər olmasıdır: “Qadınlar kişi mütəxəssislərlə söhbətdə özlərini rahat hiss etmirlər. Biz bu boşluğu aradan qaldırmaq üçün təkliflər vermişik”.
Tədbir ekspert və dövlət qurumlarının müzakirəsi ilə davam edib. Sonda müvafiq dövlət qurumlarına təqdim olunmaq üçün bir sıra tövsiyələr müzakirə edilib.
Təkliflər arasında gender bərabərliyini təmin etmək üçün əlverişli hüquqi və normativ mühitin işlənməsi; KOS-ların, o cümlədən qadın sahibkarların məhkəmə sisteminə çıxışının gücləndirilməsi və mübahisələrin həllinin alternativ mexanizmlərinin tətbiqi; qadın sahibkarlara xidmətin yaxşılaşdırılması üçün maliyyə institutlarının potensialının gücləndirilməsi; qadın sahibkarların maliyyəyə çıxışını artırmaq üçün güzəştlər təmin etmək; lizinq xidmətləri bazarının inkişafına yönəlik xüsusi dəstəkləyici siyasətin işlənməsi və tətbiqi kimi məsələlər var.
Bəkir Nərimanoğlu