Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçota Nəzarət Departamentinin baş direktoru Natiq Şirinov Vergiler.az saytına açıqlamasında əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi irəliləyişin olduğunu deyib. O qeyd edib ki, qeyri-neft sektorunun özəl bölməsində aylıq əməkhaqqı 8000 manatadək olduqda gəlir vergisi 0 dərəcə ilə hesablanır: “Bunun nəticəsində 2019-cu ilin ilk 4 ayı ərzində əmək haqlarında ciddi “ağarma” müşahidə edilib. Əmək müqavilələrinin sayında 81 min artım baş verib, bunun da 58 mini qeyri-neft sektorunun özəl bölməsinin payına düşür. Artımın 60 faizə yaxını ticarət, tikinti və xidmət sektorunda çalışanların hesabınadır. Halbuki bu ilə qədər əmək müqavilələrinin bağlanmasından yayınma halları məhz bu sahələrdə müşahidə olunurdu.
Gəlir vergisindən 8000 manata qədər güzəşt verildiyi üçün bu vergi üzrə daxilolmalarda hər hansı ciddi artım gözlənmir. Lakin məcburi dövlət sosial sığorta haqlarının toplanmasında ciddi artımlar baş verib. Ötən ilin ilk 4 ayı ilə bu ilin analoji dövrünü müqayisə etsək, məcburi dövlət sığorta haqları üzrə yığımda 17 faizə yaxın artım müşahidə olunduğunu görərik”.
Novator.az bildirir ki, Vergi Məcəlləsində dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirindən 7 il müddətində vergi tutulmur.
Aylıq gəlir 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində vergi tətbiq edilir.
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.