İsmayıl Vəliyev
Ölkəmizi təmsil edən futbolçuların Slovakiya yığmasına 1:5 hesabı ilə uduzması çoxlarının ümidini qırdı. Bu ona görə baş verdi ki, ardıcıl uğursuzluqlar kütləvi məntiqlə izahını tapmır. Axı gözəl stadionlarımız, olimpiya mərkəzlərimiz, ən keyfiyyətli ləvazimatlarımız var; forma, butsı, futbolçulara hörmət (həm hərfi, həm məcazi mənada) – istənilən qədərdir. Məşqçiləri ən məşhur futbol ölkələrindən dəvət edirik: Braziliyadan, Almaniyadan, Xorvatiyadan. Pul, necə deyərlər, “bir bizdə, bir də ingilisdə”, amma gəl ki, alınmır; uduzuruq.
Müəyyən mənada bu, çox müsbət təcrübədir. Futbol ilahəsi anlatmağa çalışır ki, pul hər şeyi həll etmir. İdmanı, xüsusən futbolu milyonlara sevdirən də elə budur (məsələn, nəhəng ABŞ İran millisinə uduza bilər). Lakin mən Azərbaycandan danışmaq istəyirəm, bizdə futbol, məsələn, güləşimiz səviyyəsinə qalxa bilərmi? Birmənalı və şəksiz “bəli” deyirəm.
1960-cı illərin sonlarından SSRİ-də məktəb yaşlı uşaqlar arasında “Dəri top” (“Кожаный мяч”) adlı ümumittifaq futbol çempionatı keçirilirdi. Bütün respublikaların əvvəlcə şəhər və qəsəbələrində keçirilən məhəlli yarışlarda həvəskar futbolçular arasından şəhər çempionu müəyyən olunurdu. Sonra şəhərlər arası görüşlərdə respublika çempionu seçilir və nəhayət, ümumittifaq turnirində 15 respublika arasında qaliblər elan edilirdi.
1970-ci illərin əvvəlində Gəncənin yeniyetmələrindən ibarət futbol seçməsi SSRİ-nin bu genişmiqyaslı yarışmasında qızıl medala layiq görüldü. Milyonlarla tirajla çıxan “Sovetski sport” (“Советский спорт”) qəzetində tanınmış mütəxəssislər bizim komandada oynayan istedadlı uşaqlara parlaq gələcək vəd edirdilər (xüsusən hücumçu Böyükağa Cəfərova). Yəni 250 milyonluq nəhəng ölkədə Rusiya, Ukrayna kimi rəqibləri qabaqlaya biləcək istedadlar top qovurdu bizim küçələrdə (münasib top da tapmaq çətin idi o vaxtlar, geyim-filan barədə heç söhbət getmirdi, qapı əvəzinə iki kubik daş qoyulurdu…).
Bu misalı “Komanda idman növləri milli mentalitetimizə uyğun deyil” kimi miskin fikirləri yayanlara xitabən çəkirəm. Bir düşünün, komanda ruhu bizə uyğun olmasaydı, müzəffər ordu yarada bilərdikmi? İmperiyalar idarə etməyi bacarardıqmı? Bu, çox ciddi təbliğat səhvidir. Futbolumuzun hazırkı vəziyyəti isə tamam başqa səbəblərlə bağlıdır.
Ölkə çempionatının yüksək liqasındakı komandalara nəzər yetirək: “Keşlə”, “Neftçi”, “Qarabağ”, “Qəbələ”, “Sabah”, “Səbail”, “Sumqayıt”, “Zirə”.
“Qəbələ”ni çıxmaqla bütün komandalar Abşeronda qərar tutub. Belə çırtdan futbol çempionatı kimə lazımdır? Sabah bura Masazırın, Pirallahının, Biləcərinin, Nardaranın komandaları əlavə oluna bilər. Niyə də yox? Lakin bununla beynəlxalq aləmə “milli yığma” adı altında çıxmaq nə dərəcədə düzdür?
Futbolun öz xüsusiyyətləri var, bu, şahmat deyil ki, kitab, yaxud kompüterlə öyrənəsən. Yalnız kollektiv oyunlarda futbol istedadı üzə çıxa və inkişaf edə bilər. Məhz həmin fitri futbol istedadına malik yeniyetmələr fəaliyyət göstərən, çempionatda yarışan yerli komandalarda cilalanmalı, real mübarizələrdə yetişməlidir.
Nə qədər ki, köklü-köməcli məntəqələrimiz – Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, Quba, Şamaxı, Naxçıvan, Lənkəran… bir sözlə, Azərbaycan ruhunun sinonimi olan bütün diyarlarımız futbol çempionatımızdan kənarda qalacaq, nəyəsə ümid etməyə dəyməz.
Müəllifin başqa yazıları:
Ermənilər nə yazırdılar?
Sökülən evin əvəzində pul ödənməsi qadağan olunmalıdır
Media güzgüsü və güzgüdə media
Nə üçün müharibə münaqişə kimi təqdim olunur?