Bəkir Nərimanoğlu
Novator.az
…20 yanvar 1990-cı il. Azərbaycan xalqının müstəqilliyə gedən yolda qanlı gecəsi. O gecə azadlıq üçün küçələrə çıxan azərbaycanlılar vətəndaşı olduqları sovet imperiyasından böyük zərbə aldılar. Sovet əsgəri Bakıda önünə keçəni qətlə yetirdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri qətlə yetirmişdi. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakıda 21 nəfər öldürüldü.
Sovet əsgəri paytaxtla kifayətlənmədi. Yanvarın 25-i Neftçalada və yanvarın 26-sı Lənkəranda daha 8 nəfər qətlə yetirildi. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı.
Əməliyyata bilavasitə rəhbərlik etmiş SSRİ müdafiə naziri Dmitri Yazov 20 yanvardan sonra “İzvestiya” qəzetinə bildirmişdi ki, qoşun şəhərə AXC-nin mövcud strukturunu məhv etmək üçün daxil olub.
Yazov bu istəyinə az da olsa çatmışdı. AXC-nin rəhbərliyi gizli fəaliyyətə keçmiş, bir çox rayon şöbələri bağlanmış, habelə Məclis toplantıları paytaxtdan kənara köçmüşdü.
AXC-nin nəşri olan “Azadlıq” qəzeti də fəaliyyətini dayandırmışdı. Belə vəziyyətdə əhalidə milli azadlıq hərəkatına rəhbərlik edən AXC-nin fəaliyyəti barədə məlumat qıtlığı yaranır, toplumun real vəziyyətdən xəbəri olmurdu.
Rəsmi dövlət qəzetlərində isə yalnız mərkəzi hakimiyyətin senzurasından keçən xəbərlər dərc edilirdi. Yəni ölkədə ciddi informasiya boşluğu var idi. Ümid ancaq samizdat nəşrlərə idi. Belə vəziyyətdə AXC-nin Redaksiya Komissiyasının üzvü Ağamalı Sadiq Əfəndi önə çıxır.
Təklif
Ağamalı Sadiq Əfəndi AXC İdarə Heyətinin üzvü İsa Qəmbərə qəzet buraxmağı təklif edir.
İsa Qəmbər: “20 Yanvar faciəsindən sonra AXC demək olar gizli fəaliyyətə keçdi. Gizli fəaliyyət deyirəm, çünki Moskvadan gələn prokurorluğun, KQB-nin müstəntiqləri AXC-nin rəhbərlərini və tanınmış üzvlərini həbs etməyə, təcrid etməyə çalışırdılar. Amma xalq bizim tərəfimizdə idi. Ona görə də Moskvadan gələnlər uğur qazana bilmirdilər.
AXC-nin qərargahı, çox populyar olan “Azadlıq” qəzeti bağlanmışdı. Cəbhəçilər təqib olunurdular. Təkcə “Azadlıq” qəzeti deyil, ümumiyyətlə media fəaliyyət göstərmirdi. Nəşriyyat rus əsgərlərinin nəzarətində idi. İnformasiya boşluğu yaranmışdı.
Həmin şəraitdə Ağamalı Sadiq Əfəndi gəldi, söhbət elədik və təklif elədi ki, qəzet buraxaq. Dedi bir-iki adamla necə çap edib yaymağı danışmışam. Cəbhə rəhbərliyi ilə məsləhətləşdik, böyük olmasa da maliyyə ayırdıq”.
Buraxılacaq nəşrə ad qoymaq işi də İsa Qəmbərin üzərinə düşür: “Ağamalı bəy soruşdu ki, qəzetin adını nə qoyaq? Dedim ki, nə qoyacaqsan, “FV – ÇP”. Yəni Fövqəladə Vəziyyət – Çrezvıçaynoe Polojeniye. Razılaşdı”.
Nemət kimi…
İsa Qəmbər fövqəladə vəziyyət rejimində belə nəşrin buraxılmasını Ağamalı Sadiq Əfəndinin böyük xidməti sayır: “Ağamalı Sadiq Əfəndi həm çox istedadlı, bacarıqlı qələm adamı idi, qəzet işini çox gözəl bilirdi, həm də çox cəsarətli, fədakar insan idi. Bir növ fövqəladə vəziyyətlərin insanı idi. Bir dizinin üstündə belə qəzet çıxara bilərdi. Ən mürəkkəb mərhələlərdə tək özü işə girişərək, sonra bir neçə dostun və ailə üzvlərinin, xanımının və uşaqlarının köməyi ilə qəzet buraxırdı, onun yayılmasını təşkil edirdi.
Çox qısa müddətdə qəzet üçün materialları topladı, hərdən məsləhət edirdi, mən də bəzi materiallar verirdim. O zaman material tapmaq asan deyildi. 20 Yanvarla bağlı bir çox sənəd və çıxışlar həmin qəzetdə işıq üzü gördü.
Birinci nömrəni pulsuz payladıq. İnsanlar həmin qəzeti bir nemət kimi görürdülər, almaq, oxumaq istəyirdilər. Minlərlə tirajla yayıldı. Bakıya və Azərbaycanın digər bölgələrinə çatdırdıq. Qəzetin 20 Yanvar şəhidlərinin qırx mərasimində geniş şəkildə yayılmasını təmin etdik. Böyük bir hadisə oldu. Bu ilk növbədə Ağamalı bəyin bacarığı, fədakarlığı, fövqəladə rejimdə işləmək istedadı ilə bağlı idi”.
İlk nömrə
Qəzetin adı qoyulub, maliyyəsi həll olunub, qalırdı onu çap edib yaymaq. Bu işdə Ağamalı Sadiq Əfəndinin köməyinə Tovuz cəbhəçiləri çatır. Qəzetin ilk sayı milli azadlıq hərəkatı dövründə bir çox media üçün ümid yeri olan Tovuz mətbəəsində çıxır. Ağamalı Sadiq Əfəndi xatirələrində yazır ki, xəbər qıtlığı xalqda bir çaşqınlıq yaratmışdı: “Bu məqsədlə təcili olaraq işə başladıq ki, ölkədə nə baş verdiyindən xəbərsiz olan xalqın məlumatsızlığını müəyyən qədər aradan götürək.
Mən əlimdəki bir neçə materialla Qazaxa getdim. Qəzetin birinci nömrəsini orada tərtib etdik. Bu nömrədə hörmətli yazıçımız İsmayıl Şıxlının fövqəladə sessiyadakı çıxışını, AXC İdarə Heyətinin qərarını, SSRİ-nin müdafiə naziri Yazovun bəyanatını verdim.
Qəzetin rəssamı Şərif idi. Bu işdə Xıdır Qazaxbəyli, yazıçı Saday Budaqlı, Qəzənfər Rüstəm, AXC Qazax rayon şöbəsinin fəalları, eləcə də Tovuz cəbhəçilərinin ağsaqqalı Mirsalam bəy mənə böyük kömək göstərdilər.
Qəzet Qazaxda hazırlandıqdan sonra Tovuzda çap olundu. Tovuz mətbəəsinin müdiri Hüseyn bəy Seyid Vəli oğlu çox cəsarətli və ağıllı adam idi. Onun fövqəladə milli qeyrəti və cəsarəti sayəsində bu qəzeti çap etdirə bildik. Qəzeti Bakıya gətirmək isə çox çətin idi. Bakının kənarları da rus əsgərlərinin əhatəsində idi. Mən bu qəzetləri “Jiquli” maşınıma doldurub çox çətinliklə Bakıya gətirdim. Qəzetin ilk nömrəsini şəhidlərin qırxı günü Şəhidlər xiyabanına çatdırıb əhaliyə paylaya bildik. Qəzet 40 gün ərzində psixoloji təzyiqlər, ruh əzən matəm musiqisi ilə ölgünləşdirilmiş və ümidsizləşdirilmiş xalqı bircə dəqiqənin içində dirçəltdi. Hamı gördü ki, imperiyaya qarşı müqavimət və milli azadlıq hərəkatı davam edir”.
Ağamalı bəy qeyd edirdi ki, qəzetin ilk sayında qiymət yerinə “Pulsuzdur” sözü yazılmışdı: “Bu söz qəzetlə bağlı hər cür möhtəkirliyi aradan qaldırır, mübariz insanların təmiz niyyətinə xalqda şübhə yeri qoymurdu”.
Gah Tiflis, gah Dərbənd yazılsa da…
Ağamalı Sadiq Əfəndi özü risk etsə də, bu işdə ona kömək edənləri qorumaq istəyirdi. İlk say Tovuz mətbəəsində çap olunsa da, Tiflis yazılmışdı. Digər saylarda da gah Dərbənd, gah Tiflis yazılıb. Ağamalı Sadiq Əfəndi xatirələrində yazır ki, qəzetdə nəşr yeri kimi Tiflis yazılsa da, onu Tovuz mətbəəsində – igid mətbəə müdirinin və milli qeyrətdə ondan da geri qalmayan Tovuz cəbhəçilərinin qəhrəmanlığı sayəsində çap etmişdik: “Sonrakı nömrələri isə bizim evdə hazırladıq və Səfər Alışarlının Qaraşəhərdə çox böyük çətinliklə tapdığı mətbəənin “Dominant” maşınında ofset üsulu ilə çap etdik.
Nömrələrin hazırlanmasında həmçinin AXC İdarə Heyətinin üzvü Sabit Bağırov, “Gənclik” jurnalının əməkdaşı Məti Osmanoğlu, Azər Əbilbəyli və başqa dostlar iştirak edirdilər.
Qəzetlərin basılmasında “Qızıl Şərq” mətbəəsinin çapçıları İbrahim, Yasəf, Canəli kimi qardaşlarımız böyük əziyyətlərə qatlaşaraq əsl vətəndaşlıq nümunəsi göstərdilər. Çünki şəhərdə fövqəladə vəziyyət idi və mətbəənin yerləşdiyi zavod ərazisindəki köhnə inzibati binada rus qoşunlarının bir hissəsi yerləşmişdi. Ona görə də qəzet çox çətinliklə çap olunur, bir hissəsi evə gətirilir, digər hissəsi qərargahlara paylanırdı”.
Nəşrin redaktoru kimi Asəf yazılıb. Bu da elə Ağamalı Sadiq Əfəndi deməkdir.
Qəzetin nəşrində Ağamalı Sadiq Əfəndiyə kömək edənlərdən biri də Mehman Cavadoğlu idi. Onlar tələbə yoldaşı olub, 5 il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyublar. Azərbaycanı müstəqil görmək onların elə tələbəlik arzuları idi. Bu dəfə onlar arzularına çatmağa yaxın idilər.
“Ağamalı ilə tələb yoldaşı olmuşuq, uzun illərin dostu olmuşuq. Xalq hərəkatı başlayanda da bir yerdə olmuşuq. Bir yerdə mübarizə aparmışıq, o cümlədən bir yerdə “Müxalifət” qəzetini açmışıq” deyə Mehman Cavadoğlu xatırlayır.
Mehman Cavadoğluna da təklif Ağamalı Sadiq Əfəndidən gəlir: “Ağamalı mənə təklif etdi ki, belə bir qəzet buraxmaq istəyirik. Vəziyyət də çox ağır idi. Ölkə informasiya blokadasında idi. Hadisələr yalnız Kommunist Partiyasının mövqeyindən şərh olunurdu”.
Mehman Cavadoğlu “FV – ÇP” qəzetinə olan maraqdan danışır: ”Hərbi vəziyyət olmasına baxmayaraq qəzet bir göz qırpımında satılırdı. Yadımda gəlir, İbrahim, Allah rəhmət eləsin, qucağında aparırdı, küçəyə çıxan kimi qəzet qurtarırdı. 100-200 min tirajla çap edə bilsəydik, bir günə satılardı. Ancaq buna nə texniki, nə də maddi imkan var idi.
Bir nəfər alanda qəzeti 15 nəfər oxuyurdu. O vaxt ictimai rəy çox həssas idi, 20 Yanvardan, rus ordusunun işğalından sonra bu qəzet bir qığılcım oldu. 4 səhifəlik balaca bir qəzetdə nə bacarırdıqsa verdik. Sanki bu dəryada damla idi, ancaq bu damla da bir çox şeyə məlhəm idi. Onun ən böyük yükünü Ağamalı Sadiq Əfəndi çəkirdi”.
Həmin dövrdə nəinki regiondan paytaxta, eləcə də Bakıda bu küçədən o küçəyə qəzet daşımaq çox riskli idi. Çünki hər küçənin başında sovet əsgəri növbə çəkirdi. Qəzetin nömrələrindən birini mətbəədən götürüb evə aparanda hərbiçilər maşını saxlayır.
Mehman Cavadoğlu: “Həmin qəzetin növbəti nömrələrindən birini, səhv etmirəmsə, ikinci nömrəsini mətbəədən götürüb mənim maşınımda 8-ci mikrorayona aparırdıq. Şəhərdəki saysız-hesabsız postların birində, Karl Marksın heykəlinin yanında maşını saxladılar. Bakı şəhər komendantının yuxusuna haram qatmış, təşkilatçılarını gecə-gündüz çıraqla axtardığı “FV – ÇP” qəzetinin 2 minə yaxın nüsxəsi də maşının baqajında. Təxminən 10-12 nəfər silahlı hərbiçidən ikisi bizə yaxınlaşdı. İkisi də qıyıqgöz idi. Mərkəzi Asiyadan olduqları şübhə doğurmurdu.
Əsgərin biri mənim sənədlərimi yoxlayarkən ikincisinin türklük damarını oyatmağa çalışan Ağamalı bəyin, necə deyərlər, oxu daşa dəydi. Əsgərlərin ikisi də tacik idi.
Sənədlərin yoxlanması başa çatdı və növbə baqaja çatdı. Birdən Ağamalı bəy başqa valı fırlatdı. Əlindəki qəzeti əsgərə göstərib dedi ki, bu yaxınlarda sizi öz respublikanıza göndərəcəklər. Qərar var ki, bundan sonra hər millətin nümayəndəsi öz respublikasında xidmət etsin.
“Sübut üçün” qəzeti əsgərə verdi və əsgər də sevinə-sevinə mənim sənədlərimi yoxlayan yoldaşına tacik dilində nəsə deməyə başladı, əli ilə isə bizə “sür” komandası verdi. Onlar bilmədilər ki, “FV – ÇP” qəzetinin o nömrəsində əsgərlərin öz ölkəsində xidmət etməsi ilə bağlı bircə kəlmə də söz yoxdur.
Biz isə onu bilmədik ki, həmin qəzeti əsgərlərin əlində görən komandirlər onlara nə cəza verdilər”.
Həm qərargah, həm redaksiya
AXC təsis edildikdən sonra hökumət bir müddət ona qərargah vermək istəmirdi. 1989-cu ilin ilk kütləvi mitinqlərinin birində AXC-yə müraciət etmək üçün bir neçə ünvan və bir neçə telefon nömrəsi elan olunur. Bu ünvanlardan biri Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayonda yerləşən evi idi.
Həmin ev növbəti dəfə fövqəladə vəziyyətdə “FV – ÇP” qəzetinə redaksiya oldu. 20 Yanvardan sonra, fövqəladə vəziyyətdə bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil.
Bütün bunlar indi də Nofəlin gözləri önündədir. Nofəl Ağamalı bəyin böyük oğludur. Qəzetin yayılmasında iştirak edən Nofəl o günləri belə xatırlayır: “Hələ Meydan hərəkatı dövründə AXC rəhbərliyi 8-ci mikrorayondakı evimizin nömrəsini, 61-26-42-ni AXC-nin Redaksiya Komissiyasının qərargahı kimi elan etmişdi. “FV – ÇP” və digər bütün qəzetlər bu evdə müzakirə olunar, səhifələnər, lazımi materiallar fədakar insanların köməyi ilə toplanıb nəşrə hazırlanardı. Demək olar ki, 5 otaqlı evimiz mənzil-qərargah idi və bura gələn qonaqların çay süfrəsini həmişə anamız təşkil edirdi. O, böyük məclislər yola salmışdı. AXC İdarə Heyətinin iclasları da burada mütəmadi keçirilirdi”.
Bütün bunlar Ağamalı bəyin ailəsi üçün problemsiz ötüşmürdü. Evlərinə dəfələrlə təhdid zəngləri gəlirdi.
Nöfəl: “Elan olunmuş ev telefonumuza təhdid və provokasiya xarakterli zənglər də olurdu. Hətta bir neçə dəfə anam dəstəyi götürdükdə “Yığışdırın o qəzetləri, yoxsa sizi öldürərik, məhv edərik” ifadələri ilə təhdid olunmuşdu.
Sovet imperiyasına qarşı mübarizənin gərginliyi Ağamalı bəyin səhhətində dərin fəsadlar yaratdı. Ağamalı Sadiq Əfəndini vaxtsız itirsək də onun tək bizdən getmədiyini hər zaman hiss etdik. Daim el üçün, vətən üçün yaşadı. Müstəqil, azad Azərbaycan onun böyük idealı idi”.
Qəzetdən…
“FV – ÇP” qəzet formatında çıxsa da, “AXC-nin xüsusi bülleteni” kimi təqdim olunmuşdu. Xüsusi bülletenin ilk sayında AXC İdarə Heyətinin qərarı çap olunub: “1990-cı il yanvarın 19-da Bakıda və respublikamızın digər rayonlarında baş verən hadisələr SSRİ-də irticanın hücuma keçdiyini nümayiş etdirir. Demokratiya və milli suverenlik uğrunda çıxış edən qüvvələrlə dinc siyasi mübarizədə uduzduğunu görən imperiya istibdadı tankların və avtomat silahların dili ilə danışmağa başlamışdır. İstibdad yalançı demokratiya pərdəsini öz üzərindən atmağa məcbur olmuş və bununla da öz məğlubiyyətini etiraf etmişdir.
Azərbaycan xalqı yaranmış şəraitdə yüksək siyasi yetkinlik və təmkin göstərərək Moskva imperializminin və daşnak dairələrinin xalqımız üçün hazırladığı və milli xainlərin, liderlik azarına tutulmuş maymaqların köməyi ilə həyata keçirdiyi fəlakət ssenarisini pozmuşdir…
…İndi vəzifə bir tərəfdən mərkəzi hökumətin fitnələrinə, digər tərəfdən isə bəzi üzdəniraq “Millət qəhrəmanlarının” düşüncəsiz hərəkətlərinə uymayaraq sınaqdan çıxmış dinc fəaliyyət xəttini davam etdirməkdən ibarətdir”.
AXC İdarə Heyətinin qərarında bunlar yer alır:
1. AXC üzvlərindən (rayon, şəhər) şöbələrindən, ilk dayaq dəstələrindən tələb olunsun ki, təcavüzə qarşı mübarizəni dinc siyasi üsullarla davam etdirsinlər.
2. Ən yaxın günlərdə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasının işinin bərpa olunması və mərkəzin təcavüzünün nəticələrinin aradan qaldırılması üçün sessiyada təsirli qərarların qəbul olunması istiqamətində iş aparılsın.
3. Azərbaycan xalqına qarşı cinayətdə Sov. İKP və Azərbaycan KP rəhbərliyinin oynadığı rolun aydınlaşdırılması və belə bir partiyaya üzv olmağın mənəvi və siyasi məqsədəuyğunluğunun müzakirəsi davam etdirilsin…
İlk sayda Ağamalı Sadiq Əfəndinin “Redaktordan” başlıqlı yazısından bir hissə: “…Müharibəsiz yaşaya bilmədiyini tarix qarşısında dəfələrlə sübut edən imperiya generallarının bu qədər tankla, bu qədər vertolyotla və bu qədər müasir texnika ilə Bakıya və respublikanın digər rayonlarına hücumu onun yeni dünya müharibəsi başlamaq cəhdiydimi görəsən? Əliyalın əhaliyə, körpə uşağa, qocaya, cavana odlu güllələr atan, anaları tırtılların altına əzən ordu başçıları hansı anadan süd əmib, hansı məktəbdə oxuyub, hansı kollektivdə böyüyüb, ilahi! Yazov, sənin anan olub?! Ermənistanla sərhəd rayonlarda kəndləri basqına məruz qalan biz, yetmiş ildə torpaqları hərraca qoyulan biz, adamları öldürülən biz, FV tətbiq edilən biz. Bizim “FV” də belə bir müdhiş FV-yə etirazdan doğdu”.
Bülletenin mart ayında çap olunan 2-ci sayında Azərbaycan KP MK-nın əsas binasının fotosu verilmiş və şəklin üzərinə o dövrdə divarlara rus dilində yazılmış şüarlar həkk edilmişdi:
Krovavıy Qorbaçov – palaç!
Sovetskaya armiya – faşistskaya Armiya!
Qeneralnıy qolovorez, uberi svoy palaçey!
(Qaniçən Qorbaçov – cəllad! Sovet ordusu – faşist ordusudur! Baş cəllad, başkəsənlərini rədd elə!).
2-ci saydakı “Başlayan yol bitməlidir” yazısında bunlar qeyd olunur: “Bütün Azərbaycan xalqı bilmək istəyir ki, onun soyqırımına fərman verənlər kimlər olub. Ordunun başlıca məqsədi nə idi? Doğrudanmı Azərbaycan Xalq Cəbhəsi imperiya generallarını bu qədər təşvişə salmışdı? Adam heç inana bilmir ki, bir belə nizami ordu, bu qədər tank, top, vertolyot, ağır hərbi təyyarə, hərbi dəniz donanması ancaq və ancaq AXC-nin təşkilati strukturunu parçalamaq üçün səfərbər edilmiş olsun… müəmmalı məsələdir.
Hər halda dərk edə bildik ki, Qorbaçovun demokratiyası oyunbazlıqdan başqa bir şey deyilmiş. Biz onun “mərhəmətinə” inanır, daim irəliyə doğru can atırdıq. İnsan isə ancaq qorxanda çevrilib arxaya baxır. Biz geri dönəndə arxamızda rus tankları və günahsız qurbanlar gördük. Artıq gec idi. Bütün bunlar yəqin ki, bizə dərs olacaq. Yəqin düşünməli olacağıq ki, necə amansız və hiyləgər düşmənlə üz-üzə dayanmışıq. Nəhayət, biz kilsə xaçını sındırıb böyük məqsədləri kiçik qələbələrə qurban verən “millət qəhrəmanları”na ləbbeyk deməyəcəyik. Nəhayət, biz Azərbaycan demokratik hərəkatını SSRİ-də, hətta bütün dünyada gedən demokratik proseslərin tərkib hissəsi kimi təhlil və inkişaf etdirməyin necə böyük zərurət olduğunu dərk eləyəcək, çıxış yolunu bu qüvvələrlə birləşməkdə axtaracağıq…”.
Bülletenin 4-cü sayında ürəyi ilə bərabər cibindəki sovet pasportunu güllə deşmiş Fuad Fərhad oğlu Mövludovun və onun pasportunun şəkli verilib. Şəkillərin üzərinə belə yazılıb: “Fuadın ürəyinin başına dəyən güllə imperiyanın özünü deşib keçmişdir”.
Qəzetin iyunda çıxan son sayında 20 Yanvardan sonra baş verən haqsızlığa dözməyərək intihar edən Azərbaycan Neft-Kimya İnstitutunun 2-ci kurs tələbəsi Ağabəy Novruzovun taleyindən bəhs olunan “Kimdir müqəssir?” məqaləsi gedib.
Ağabəy “Bağışlayın, əzizlərim. Azərbaycanın azadlığı uğrunda mübarizə aparmağa gücüm və iradəm çatmadı. Yaşasın Azad Azərbaycan” yazaraq həyata əlvida demişdi.
Bülletenin 1990-cı ilin may aylında çıxan 5-ci sayında AXC İdarə Heyətinin 17 aprel 1990-cı il iclasının protokolundan çıxarış, Ayaz Mütəllibovun Ali Sovetin 11-ci sessiyasında prezident seçilməsi və buna AXC rəhbərliyinin münasibəti, Səfər Alışarlının “Yanvar dərsi” məqaləsi yer alıb.
Ağamalı Sadiq Əfəndinin işi tək “FV – ÇP” ilə bitmədi. O bundan öncə də AXC-nin ilk nəşri olan bülletenləri nəşr etmişdi. Bundan sonra onu 20 Yanvardan sonra bağlanan “Azadlıq” qəzetinin bərpası, Azərbaycan parlamentindəki müxalif blokun mətbu orqanı olan “Müxalifət” qəzetinin nəşri gözləyirdi. O yalnız jurnalist deyildi, həmçinin milli istiqlal şairi idi. Onun səyi nəticəsində AXC-nin “Azadlıq” qəzeti bərpa edildikdən sonra “FV – ÇP” nəşrini dayandırdı. Ancaq əhəmiyyəti baxımdan Azərbaycanın mətbuat tarixində öz yerini aldı.
Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan”