Dilavər Əzimli
tarix üzrə fəlsəfə doktoru
Proseslər göstərir ki, biz dövlət olaraq regionda ciddi şəkildə uduzuruq. Ermənistan həm Rusiya, həm də Avropa Birliyi arasında manevrlər edib, yerini möhkəmlədir. Özünə o qədər arxayındır ki, hətta Azərbaycan səmasında uçuşlar edən hərbi uçağımıza da raket zərbələri endirdi. Bizim mətbuat da uçağımızın yayınmasını qəhrəmanlıq kimi təqdim etdi. Öz səmamıza daxil ola bilmirik, əslində bu biabırçılıqdır.
Bizim uçağımız həmin hədəfləri dərhal susdurmalıydı. Amma ona icazə vermədilər. Çünki Rusiyanın xoşuna gəlməzdi. Demək, biz bölgədə Rusiya ilə vuruşuruq. Onda hardandır bizdə bu qədər Rusiya məhəbbəti?
Azərbaycanda dövlət hesabına maliyyələşən rusdilli məktəblərin sayı 350-ni keçib. Rusiya mədəniyyət mərkəzlərinin sayı günü-gündən artır. “Beşinci kolon” güc yığır və Moskvadan gəlməsi ehtimalı olan “12-ci ordu”nu həsrətlə gözləyir.
Bugünlərdə Türkiyənin Samsun şəhərində Mustafa Kamal Atatürkün istiqlal mücadiləsinə başlamaq üçün Samsun şəhərinə çıxmasının 100-cü ildönümü ilə bağlı elmi konfransda iştirak etdim. Bu konfransda bir çox ölkədən, o cümlədən Azərbaycan və Gürcüstandan böyük elmi heyət iştirak edirdi.
Gürcüstan heyəti məndə qürur hissi oyatdı. Bu heyətin bütün üzvləri rusca, ingiliscə və türkcə sərbəst danışa bilirdilər. Amma çıxış edəndə yalnız gürcücə danışırdılar. Tərcüməçi onların çıxışını zaldakılar üçün tərcümə edirdi. Fasilədə onlardan hansısa sözü rus dilində soruşanda cavab vermirdilər. Məcbur olub bildiyim qədər ingiliscə soruşurdum. Onlar çox vüqarlı idilər. Görünürdü ki, azad bir ölkənin, demokratik cəmiyyətin nümayəndələridirlər.
Bizimkilər isə çıxışlarını ya ingiliscə, ya da Anadolu türkcəsində edirdilər. Düzdür, dostum Faiq Ələkbərli çıxışında Türk Tarix Qurumuna müraciət edib bildirdi ki, siz bizdən məqaləmizin Osmanlı türkcəsinə tərcümə olunmasını tələb etməyin, əgər qardaşıqsa Azərbaycan türkcəsində də yayımlayın. Qoy sizin alimlər də bizim türkcəni yaxşı mənimsəsinlər.
Burada qeyd edim ki, onsuz da onların alimlərinin əksəriyyəti bizim türkcəni tam şəkildə mənimsəyib. Problem dövlətlərin arasındadır. Təsəvvür edin ki, Türkiyə filmləri bizdə bizim türkcəyə tərcümə olunur, həm də eybəcər şəkildə. Əslində bu filmlərə Anadolu türkcəsində baxmaq daha yaxşıdır. Bundan əlavə, qardaş Türkiyədən bura gələnlər viza almaq məcburiyyətindədirlər. Təsəvvür edin ki, Rusiya ilə aramızda viza yoxdur, amma qardaş Türkiyə ilə aramızda viza var. Biabırçlıqdır! Bunlar bir yana qalsın… Məni maraqlandıran gürcülər oldu.
Nə Gürcüstanda, nə də Ermənistanda dövlətin maliyyələşdirdiyi rusdilli məktəb yoxdur. Amma bizdə var. Bununla belə Rusiya daha çox Gürcüstana və Ermənistana hörmət edir. Halbuki Rusiyanın “aşiqləri” bizik.
Yadınızdadırsa, 1989-cu ildə SSRİ hərbi qüvvələri Gürcüstanda dinc mitinqi gülləbaran etdi və 9 nəfər şəhid oldu. O zamankı SSRİ rəhbəri Mixail Qorbaçov şəxsən SSRİ adından gürcülərdən üzr istədi. 1990-cı ildə həmin hərbi qüvvələr Bakını qana boyadı… Ölənlərin sayı hələ də dəqiq bilinmir. İtkin düşənlər oldu. Yaralananlar da minə qədər. Bunun müqabilində Qorbaçov elan etdi ki, onlar ölməyiblər, qaçıb, sökülən sərhədlərdən İrana gediblər. Bilirsiniz niyə? Ona görə ki, biz həmişə qul psixologiyasından çıxış edirik. O zamankı rəhbərlik bunun müqabilində yenə də Moskvaya özünün itaətkarlığını göstərdi və öz xalqının fəallarına divan tutdu. Bu proseslər sonra da davam etdi.
İnanın ki, Rusiya Azərbaycanı yenidən işğal etsə, Rusiya nökərləri milli qüvvələri dilindən asar!
Sevgimiz o qədərdir ki, Azərbaycanda rusdilli məktəblər az qala 400-ə çatır. Dövlət idarələrində, məktəblərdə, universitetlərdə, elmi idarələrdə, avtobuslarda, gəzinti yerlərində rus dilində danışmaq böyük mədəniyyət sayılır. Əslində bu, qul psixologiyasıdır, öz kökündən ayrılmaq və manqurtlaşmaqdır!
Gürcülərə həsəd apardım…
Mənbə: Facebook
Mövzuya uyğun digər yazı: