Yaddaşımın küncündə bu anlar da yaşayır… (7a)
Şakir Yaqubov
…Toyumuzdan üç-dörd gün sonra yaxın-uzaq kəndlərdən ayrı-ayrı tanışlar, qohumlar bizi – məni və gələcək uşaqlarımın anasını evlərinə, necə deyərlər, ayaqaçdıya dəvət eləməyə başladılar.
Belə dəvətlər kifayət qədər yaddaqalan və macəralı oldu.
Məsələn, paytaxtdan səmimi münasibətdə olduğum görkəmli sənətkar, hazırda Azərbaycandan daha çox qardaş Türkiyədə məşhur olan əməkdar incəsənət xadimi, pedaqoq və teatr rejissoru Əflatun Neymətzadənin Astaranın mərkəzi xəstəxanasında cərrahiyyə şöbəsinin müdiri işləyən qardaşı Tofiq Nəhmətovun Ərçivan qəsəbəsindəki evinə gedərkən axşam Bakı-Astara magistral yolunun Pensər kəndindən keçən hissəsindəki sərhəd postunda sərhədçilərin bizi saxlaması və doktor Tofiqin evindən bir telefon zəngi ilə bizi “xilas etməsi” unudulan deyil.
Bu hadisədən təxminən altı il sonra qardaşım Ağaverdinin faciəli vəfatıyla əlaqədar “Azərbaycan” nəşriyyatının balansında olub “Səhər” qəzetinin redaksiyasına xidmət edən QAZ-32 markalı avtomaşında ailəliklə təcili rayona getməyimizi xatırlayıram. Bakıdan gündüz – təxminən saat 3-də, xəbər tutan kimi çıxdıq.
Şofer Əzim kişi yaşlı adamıydı, gözü zəif görürdü, uzaq yola demək olar ki, çıxmırdı. Böyüyünün cəmi-cümlətanı 15 yaşı olan qızlarım da, onların anası da maşında olduğu üçün Əzim kişiyə tapşırmışdım ki, saatda 60 kilometrdən artıq sürməsin. Elə buna görə Bakı-Astara şose yolunun üstündə, indiki Çayoba – ovaxtkı Telman kəndinin girəcəyində qurulmuş, Lənkəranla Astaranı bir-birindən ayıran müvəqqəti posta axşam təxminən saat doqquzda çatdıq. Şlaqbaumun önündə dayanmış yol polisləri bizi saxladılar. Əzim kişiyə dedim ki, nə soruşsalar, arın-arxayın cavab versin…
Polislər sərnişinlərin maşını tərk edib yerə düşməsini əmr eləyəndə şofer özünü saxlaya bilməyib hirslə maşındakının əslən yaxınlıqdakı Balaca Şahağac kəndinin yetirməsi olduğunu və qardaşının hüzrünə getdiyini deyəndən sonra “qaişniklər” heç nə olmayıbmış kimi sakitcə yoldan çəkilib bizi buraxdılar, ancaq bu halda da “mız” qoymaq xasiyyətlərindən qalmadılar: bir qədər əvvələdək Kommunist Partiyası Mərkəzi Komitəsinin balansında olduğu üçün və iri partiya məmurlarına xidmət elədiyi üçün banının üstündə qoşa anteni olan maşını “daha belə sürməmək” barədə iradlarını da bildirdilər.
Məlum oldu ki, maşını antenə görə saxlayıblar: yəni haranın maşınıdır, kimin maşınıdır, hara gedir…
Sərhəd şlaqbaumlarında saxlanmağmızın səbəbi məlumdur, üstəlik də saxlayanlar “hırla zırı” ayırd eləməyən sovet sərhədçiləri olurdu və nizamnamə tələbinə əməl etmək onların əsgəri borcuydu, bunlar isə özümüzünkülərdi…
Ayaqaçdıya Şiyəkəran kəndinə, Rza müəllimgilə gedişimiz isə faciəvi məqamına görə yaddaşımdan heç silinməyəcək.
…Əsil bahar havasıydı, həyətdə, ağacların altında stollar düzülmüş, süfrə açılmışdı. Məclisdə Rza müəllimin yaxın qohumları, o cümlədən özündən kiçik qardaşı, kənddəki sovxozda tərəvəzçilik üzrə briqadir işləyən Səbzəli də iştirak edirdi və hətta məclisin əsas yönətiçilərindən biri idi.
Süfrə başında oturanlar müxtəlif məsələlərdən, ən çox da könül açan şeylərdən danışa-danışa plovun verilməsini gözləyirdilər.
Elə bu məqamda ev sahiblərinə də tanış olmayan boylu-boxunlu iki nəfər stolumuza yanaşdı. Səbzəlinin qulağına nəsə dedilər, o da öz növbəsində böyük qardaşına nəsə pıçıldadı və ağacların birindən asdığı pencəyini çiyninə atıb mənimlə gəlinə yaxınlaşıb harasa getməli olması ilə bağlı üzrxahlıq elədi…
Sanki hamı, hətta belə işlərdə gen-bol həyat təcrübəsi olan Rza müəllim də donub qalmışdı. Heç nəyə etiraz-filan olmadı, yığnağın nə məqsədlə düzəldildiyi, qonaqlardan birinin “Azərbaycan gəncləri” qəzetinin Bakıdan gələn müxbiri olduğu (bu, o dövr üçün çox ciddi bir fakt idi), süfrəyə elə bu məqamda plov veriləcəyi və plovun dadına baxmamağın günah olduğu da dilə gətirilmədi.
Və Səbzəli iki nəfərin müşayiətiylə “gedər-gəlməz”ə yollandı…
Bu “gedər-gəlməz”in nə olduğunu açmağın məqamıdır.
Mənim bildiyimə görə, sovet hakimiyyətinin son 28 ilində Astara rayonunda 1 nömrəli vəzifəyə yerlilərdən cəmi iki nəfər təyin olunub – biri yeni idarəçilik sisteminə keçidin başlanğıcında, o biri isə 80-ci illərin sonunda, sovet hakimiyyətinin axır günlərində.
Astara 6 yanvar 1965-ci ildən yenidən müstəqil rayon kimi fəaliyyət göstərməyə başlayanda rayonun iqtisadi həyatının quruluşu dəyişdirildi: kolxoz sistemi ləğv edildi və onun əsasında sovxozlar yaradıldı, faraş tərəvəzçilik iqtisadiyyatda başlıca məşğuliyyət sahəsinə çevrildi.
69-cu ilin ortalarında rayon istehsalat idarəsinin rəisi, əslən Təngərüd kəndindən olan aqronom Məmmədağa İbrahimov rayona rəhbər təyin edilmişdi.
Aradan illər keçib, kimin haqlı, kimin haqsız olduğunu sübut eləməyə nə imkanım, nə də həvəsim olduğu üçün eləcə eşidib-bildiyim faktlarla kifayətlənəcəyəm.
70-ci illərdə Astara rayonu bütün Sovet İttifaqında (Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın sayəsində) “Pomidor işi” ilə məşhurlaşmışdı: guya uzun illər boyu rayondan boş vaqonlar məhsul dolu vaqonlar kimi rəsmiləşdirilib SSRİ-nin müxtəlif yerlərinə yola salınır və banklardan çox iri məbləğdə pullar qamarlanırmış. Həm də rayon partiya komitəsinin birinci katibindən tutmuş sovxoz briqadirlərinə qədər bütün vəzifə sahibləri bu işlə məşğul imiş!
80-ci illərdə Özbəkistanda Telman Qdlyanın apardığı “pambıq işi”ndə olduğu kimi Astarada da SSRİ Prokurorluğunun böyük bir briqadası “işləyirdi”, yerli hüquq mühafizə orqanlarının əməkdaşları isə bu briqada üçün bir növ “işverənlik” edirdilər.
Səbzəlinin dalınca gələnlər də moskvalı briqadaya xidmət göstərən yerlilər idi. Dedilər ki, bizi Qamışovkada oturan müstəntiqlər göndərib və Səbzəlini tapıb tez onlara çatdırmalıyıq…
O plov heç kimin boğazından keçmədi. Səbzəli o gedən oldu; 12 il iş aldı, bir də düz 10 ildən sonra evinə qayıtdı…
Hər dəfə Səbzəlinin adı çəkiləndə mənə elə gəlir ki, onu sadəcə olaraq istintaqa aparmadılar, elə bizim o süfrənin başında güllələdilər – sorğusuz, sualsız!
“Pomidor işi”ylə bağlı dodaq qaçıran bir məqam da yadıma düşür. Deyilənə görə, bu adamlar adətən Ərçivan kəndində (indi qəsəbədir) bir evə yığışar və orada “gündəlik qazancı” 4-5 nəfər arasında bölüşərlərmiş. Bu işlə əlaqədar məhkəmədə həmin evin sahibəsinin də ifadəsi alınır. Yaşlı kənd qadını nə desə yaxşıdır: “Onlar evə yığışanda mən onlara bir stəkan çay aparardım. Təxminən bir saatdan sonra qapı açılar və onlar “Gəl, otağı yığışdır” deyib çıxıb gedərdilər. Mən hər dəfə evi yığışdıranda otağa tökülmüş kağız-kuğuz qismində bir kisəyədək əsginaz toplayardım”…
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:
Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (9)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (10)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3a)
Müəllifin başqa yazıları:
Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
Mən təqaüd almıram, pensiya alıram!