Yaddaşımın küncündə bu anlar da yaşayır… (3a)
Şakir Yaqubov
…Məktəb illərindən yazı-pozu ilə məşğul olmağım, kəndçilərimin diliylə desəm, müxbirlik eləməyim başıma xeyli iş açıb. İkisini qeyd etməliyəm.
Lap birincisi budur ki, Azərbaycanın istisnasız olaraq bütün rayonları bir yana, hətta SSRİ-nin ən müxtəlif guşələrindən müxtəlif yaşlı adamlar, daha çoxu da məktəblilər mənə “dostluq məktubu” yazırdılar. Ən uzaqlardan biri yadımda qalıb: Başkirskaya ASSR, Kumertausskiy rayon, Murantalosskaya srednyaya şkola. Bir qız idi məktubu yazan. Özü də məndən 2-3 sinif yuxarıda oxuyurdu.
Bakıdan, 20 nömrəli məktəbdən Süleymanzadə soyadlı bir oğlan da yadımda qalıb…
Çox qəribədir ki, mənə məktub yazan yüzlərdən heç biriylə nə tələbəlik illərində, nə peşəkar jurnalistliyim dövründə, nə də müstəqilliyimizin bərpasından keçən bu uzun illər ərzində rastlaşmadım. Halbuki səkkizillik məktəb illərində onların əlindən nə gecəm vardı, nə gündüzüm. Hər gün azı 3-4 məktub alır və o qədərinə də cavab yazırdım. Poçt zərfinin birinin 5 qəpiyə olduğunu desəm, hər gün ev büdcəsinə nə qədər ziyan vurduğum öz-özünə aydın olar.
Bir ara tamam müflisləşdiyimiz vaxtı buna yüngülvarı bir əlac tapmışdım: üzərindəki markalara poçt ştempellərinin “dəymədiyi” zərfləri tikiş maşınının ağzına verər, nişanladığım markaları cırıb markasız zərflərə yapışdırar, bu yolla vəziyyətdən çıxardım; sonrası barədə o qədər də narahatlıq keçirməzdim, yəni ünvanına məktubum necə çatırdı – markalı zərf kimi, yoxsa qondarma markalı kimi…
Həmin vaxtlar günlərin birində evimizdən təxminən 100-150 metr aralıda yaşayan ailənin qızı, böyük bacımın yaşıdı olan deputat xanım bizə gəldi. Otağa girib qapının cəftəsini arxadan bağladı, pəncərənin qabağında oturub “dərdini danışmağa” başladı.
Nəymiş bu dərd? Onu deputat eləmiş kolxoz sədrinin “şorgözlüyü”. Xeyli danışdı, mən də səbirlə qulaq asdım. Axır sözü bu oldu: “İndi mən neyləməliyəm?”
Həqiqətən gülməli vəziyyət idi: mən 10-11 yaşlı yeniyetmə əsil ərlik yaşda olan qıza “o boyda” sədrdən qorunmaq barədə məsləhət verməliydim… Əslində, deputat qız məsləhətdən daha çox danışdıqlarını “qəzetə yazmağımı” istəyirdi, mən isə bunu ya bacarmırdım, ya da necə yazmağı bilmirdim. “Bir şey fikirləşərəm” – deyib onu yola saldım.
“Fikirləşməyim” çox uzun çəkdi – ta o vaxtacan ki, günlərin birində deputat qızın qonşu rayondan birinə qoşulub qaçdığını eşitdim.
“Araşdırmaçı” jurnalist kimi ilk oxum daşa dəydi: bəlkə elə buna görə mən heç vaxt araşdırmaçı olmadım – həm jurnalist kimi, həm də adicə insan kimi…
Jurnalistliklə bağlı daha bir unudulmaz xatirə.
1975-ci il sentyabrın 1-ydi. Hava indiki kimi olmasa da, hər halda istiydi. İndiki İdman sarayının arxasında kirayə qaldığım həyətdən çıxıb Cəlil Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçəsinə tərəf irəliləyirdim. Bu yolda nəqliyyat vasitəsi olmadığına görə piyada getməyə məcbur idim. Ovaxtkı “Spartak” stadionunun qabağına keçəndə xoş bir mənzərə ilə üz-üzə gəldim. Əllərində gül dəstələri olan 50-dək məktəbli Mehdi Hüseynzadənin abidəsi önünə yığışmışdı. Hiss olunurdu ki, yeni dərs ilinin başlanmasını qəhrəmanın xatirəsini yad eləməklə qeyd eləyirlər. Ürəyimdən keçdi: əsil qəzetlik faktdır, necə də yazılmalıdır?!
Piyada “Beşmərtəbə”nin altına, oradan da keçmiş Hüsü Hacıyev küşəsiylə Kommunist küçəsinin tininə və sonra da üzüyuxarı metro stansiyası ilə üzbəüzdəki redaksiyaya gəlib çıxdım. Daxilimdəki narahatlıq çəkilib getmirdi: inanmaq olmurdu ki, dərs ilinin başlanması barədə nömrəyə bir xətt də yazı vermirik.
Təxminən saat 11-də şöbə müdiri Rizvan Cəbiyev qapının ağzındakı iş stoluma yaxınlaşıb heç nə demədən sağ əlini stolun üstünə qoydu: ovcu açıqıydı və hiss olunurdu ki, nəsə umur. Mən də sakitcə nə istədiyini soruşdum. Bu dəfə dikəldi və bir kəlmə ilə sorğu-suala nöqtə qoydu: “Yazı…”
Növbəti sualıma bir qədər əsəbi və bərkdən sualla cavab verdi: “Bu gün nə günüdür?”
Məsələ aydınlaşdı və bizim dialoqumuz da artıq cızığından çıxmağa başladı. Mən belə bir tapşırıq almadığımı, səhər işə gələrkən Mehdi Hüseynzadənin heykəlinin önündə qarşılaşdıqlarımı və həmin an ürəyimdən keçənləri də dilə gətirdim. Lakin bunların heç biri Rizvan müəllimin qulağına girmədi.
Elə bu dəm stolunun üstündəki selektor səsləndi: redaktor idi. Rizvan müəllim selektora cavab verib sürətlə otaqdan çıxdı. Mən üzbəüzdə oturan Möhbəddin Səmədə him-cimlə əhvalatı başa salmağa çalışdım. Bu isə əhəmiyyətsiz idi.
Rizvan sürətlə otağa qayıtdı, iş stolunun arxasına keçib kiməsə zəng elədi; hiss olunurdu ki, dərs ilinin başlanmasıyla əlaqədar tanış məktəb direktorlarından biriylə danışır. Danışıq bitdi və yazı yazmaq mərhələsi başlandı.
Təxminən 15-20 dəqiqədən sonra əlyazmanı Möhbəddinə uzadıb: “Zəhmət olmasa, makinada diktə elə” dedi.
Yazı hazır oldu, onu məsul katib Zeynal Babayevə verib otağa qayıdanda Rizvan müəllim mənə tərəf əyilib: “Belə məsuliyyətsizlik olmaz. Gərək Şamil müəllimə deyəm ki, mənim daha sən adda işçim yoxdur”.
Mənim növbəti etirazıma heç məhəl də qoyulmadı…
Tam qanıqara halda təxminən bir həftəni birtəhər başa vurdum. Bir kimsə mənimlə maraqlanmadı və aramızı düzəltmək üçün bir addım da atmadı.
Həftənin sonunda əlacsız qalıb redaktor müavini Əlirza Balayevin yanına getdim. O, təxminən iki il olardı ki, komsomolun mərkəzi komitəsindən gəlmişdi və hamı onu bir növ yüksək səlahiyyətli nəzarətçi, rəsmi adam sayırdı, buna görə də redaksiya işçilərindən heç biri onunla səmimi münasibətdə olmurdu.
Yay-qış bir layı açıq olan qapısını döyüb balaca iş otağına keçdim. Əliboş olduğumu görüb hansısa inzibati məsələdən ötrü məsləhətə gəldiyimi zənn edib oturmaq üçün yer göstərdi.
Başıma gələnləri olduğutək danışdım. Təbii ki, şikayətlənmirdim, düşdüyüm vəziyyəti anlatmağa çalışır və məsləhət istəyirdim. Məni diqqətlə dinlədi və… laübalı şəkildə: “Hə, belə şeylər olur” dedi.
Bu o demək idi ki, gedə bilərsən…
Daha heç nə demədən otağı tərk elədim. Ürəyimdə qərar verdim ki, bazar ertəsi redaktorun yanına gedim və məsələni birdəfəlik ya üzüm, ya da düzüm…
Redaktorun yanına getməyimə ehtiyac qalmadı, necə deyərlər, qanımın arasına ölkənin başçısı girdi: təxminən saat 11-in yarısında Rizvan otağa girib əvvəlkitək stoluma tərəf əyilib bir söz demədən ovcunu açdı. Onun bu hərəkəti məni təəccübləndirsə də nəsə istədiyini anladım, ona görə də bircə kəlməylə “Nə” deyə soruşdum.
Yay aylarında, yəni iyun-avqust üçün Azərbaycan komsomolu nəzdində tələbə inşaat dəstələri – SSO qərargahının mətbuat üzrə əlaqələndiricisi sayılırdım. Rizvan dedi: “Brejnev “SSO”nu təbrik edib, bir səhifə material verməliyik. Redaktora söz vermişəm…”.
Qırışığım açıldı, ürəyimdə öz-özümə dedim ki, bax, dəmir qapının taxta qapıya beləcə işi düşür. Sakitcə “Düzəldərik…” dedim.
Təxminən bir saata həqiqətən bir qəzet səhifəsi qədər materialı Rizvana verdim.
Həmin səhifə sabahı gün qəzetdə getdi; bir materialı indiyədək yadımdadır: “Od tutub qırmızı atəşlə yenə yandı üfüq…”.
Azərbaycan radiosunun “Qəzetlərin icmalı” verilişində əməkdar diktor Aydın Qaradağlı onu başdan-başa oxudu. Düzü, sevincim yerə-göyə sığmırdı. Birinci məni təbrik edən elə redaktor Şamil Fərzəliyev oldu. Dünyanın işinə bax, nəzərdə tutmuşdum ki, kabinetinə gedib dərdimi deyəcəyəm, ancaq elə oldu ki, onun özü gəlib bir layı açıq qapıda dayandığı halda məni təbrik elədi…
Rizvan müəllimlə küsülülüyümüz beləcə aradan qalxdı. Məni “Azərbaycan gəncləri” qəzetinə o gətirmişdi, o da axıracan mənə həyan oldu – yaradıcılıqla bağlı aradakı xırda-xuruş umu-küsülərimizi nəzərə almasaq…
Müəllifin başqa yazıları:
Allah sənə rəhmət eləsin, Dədə Məmməd!..
Mən təqaüd almıram, pensiya alıram!
Dərslik, yoxsa dərs vəsaiti? Həm də necə?..
“Yaddaşımın küncündə bu anlar da yaşayır…” silsiləsi:
Yaddaşımın küncündə bu anlar da yaşayır… (1)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (2)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (3)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (4)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (5)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (6)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (7)
Yaddaşımın küncündə bu anlar da yaşayır… (8)