Müsavat Partiyası 28 May Respublika Günü münasibətilə paytaxtın Novxanı qəsəbəsində aksiya keçirib.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 1920-ci ilin aprelində Rusiya Azərbaycanı işğal edərək cümhuriyyəti süquta uğradıb. İşğal 1991-ci ildə – SSRİ-nin dağıldığı il başa çatıb. Həmin il Azərbaycan dövlət müstəqilliyini bərpa edib.
Hazırkı Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin yanvarında Novxanıda anadan olub. 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.
Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin heykəli var.
Respublika Günü münasibətilə Müsavat Partiyasının fəalları və tərəfdarları öncə qəsəbənin girişindən heykələ doğru yürüş keçiriblər. “Amerikanın səsi”nin məlumatına görə, yürüşdən qabaq Müsavat üzvləri ilə polislər arasında müəyyən gərginlik yaşanıb. 4 nəfər tutulub. Sonradan polis aksiyaya müdaxilə etməyib.
Aksiya iştirakçıları Rəsulzadənin abidəsi önündə toplaşaraq bayram mitinqi keçiriblər.
Mitinqdə Xalq Cümhuriyyətinin araşdırıcısı Nəsiman Yaqublu, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və başqaları çıxış ediblər.
Çıxışlarda Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, müdafiə etdiyi dəyərlərdən danışılıb, həmçinin hazırkı Azərbaycan hakimiyyəti bu dəyərlərə sayğısızlıqda ittiham olunub.
İsa Qəmbərin çıxışı zamanı elektrik enerjisi qısa müddətə kəsildiyindən mikrofon işləməyib. Aksiya iştirakçıları işığın kəsilməsinə etiraz olaraq “İstefa” şüarı səsləndiriblər.
İsa Qəmbər 28 mayı müqəddəs gün adlandırıb və deyib ki, hazırkı hakimiyyət bu müqəddəs günlə mübarizə aparır: “Müqəddəs dəyərləri hörmətdən salmağa, xalqımızın, xüsusilə gənclərin qəlbindən, şüurundan çıxartmağa çalışırlar. Amma nə qədər səy göstərsələr də, xalqımız bu dəyərlərə daha çox bağlanır, onun əhəmiyyətini dərk edir”.
Arif Hacılı da hakimiyyəti Cümhuriyyət banilərinin xatirəsinə yetərincə ehtiram göstərməməkdə, demokratik dəyərlərə hörmətlə yanaşmamaqda qınayıb və bildirib ki, hətta bayram günündə də hakimiyyət insan hüquqlarını pozub, Müsavat Partiyasının Cəlilabad rayon təşkilatından Novxanıdakı mitinqə gələn 4 nəfər tutulub. Arif Hacılı hakimiyyəti tutulanları azad etməyə çağırıb.
Müsavat Partiyası Xalq Cümhuriyyətindən qabaq – 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə olub. O, 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.
Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. İsa Qəmbər 22 il Müsavat Partiyasına rəhbərlik edib. 2014-cü ilin sentyabrından Müsavatın başqanı Arif Hacılıdır.
Mayın 28-i 1990-cı ildən Azərbaycanda dövlət bayramı kimi qeyd edilir.
Şəkillər Bastainfo.com saytından götürülüb