Qadın azadlığı: xəyalda və realda
İsveç və Azərbaycan qadınları haqda
Nərgiz Qazi
Lund (İsveç) Universitetinin tələbəsi
“Qadın olmaq nə deməkdir” sualına hər cəmiyyətdə bir cür cavab taparsan. Bu ilk növbədə o cəmiyyətdə formalaşmış mühitə bağlıdır. Din, kültür, ənənə və qadına verilən azadlığın hüdudu o mühiti formalaşdıran əsas amillərdir.
Bir ABŞ institutu gender bərabərliyi mövzusunda beynəlxalq araşdırma aparmışdı. İsveç bu sahədə dünya birincisi seçilmişdi.
İsveçdə insan hüquq və azadlıqları dedikdə kişi və ya qadın ayrı-seçkiliyi edilmir. Hər kəsə bərabər təhsil, iş, maaş və s. fürsətlər verilir. “Bu qadın işi deyil” deyə bir anlayış yoxdur! Cəmiyyətdə özünü təsdiq etmək istəyində cinsi fərqlilik heç bir önəm daşımır.
İsveç tarixinə baxsanız görərsiniz ki, qadınlar bu azadlıqları heç də asanlıqla əldə etməyiblər. Bu, uzun illərin mübarizə sonucudur. Bir faktın da vacibliyini qeyd edim ki, ötən əsrdə formalaşan məşhur İsveç modeli sosial-demokratiya idelogiyası əsasları üzərində bərqərar olub. Qadın hüquqlarını tanıyan və qoruyan ideoloji əsaslı qanunlar bu işdə misilsiz rol oynayıb.
Özəl sektordan tutmuş kommun (bələdiyyə), dövlət təşkilatlarınadək hər qurum Gender Bərabərliyi və Müxtəlifliyi Komitəsi (Jämställdhets och mångfaldskommitten) qarşısında hesabatlıdır. “İşçilərin neçə faizi qadındır”, “iş saatları və əmək haqqı necə bölünüb” kimi suallar o hesabatlarda cavabını tapır.
Bu gün isveçlilər elə bir cəmiyyət qurublar ki, burada qadın xəyal etdiyi arzuların dalınca uğur qazanacağına əmin olaraq gedir.
Elə son olaydan danışım. 16 yaşlı Qreta Tunberq iqlim dəyişikliyinin fəsadlarını, təbiətin dövlətlər səviyyəsində qorunmasının vacibliyini Riksdag üzvlərinin diqqətinə çatdırmaq üçün İsveç parlamenti önündə neçə gün əldə plakat etiraz aksiyası keçirdi. O, bu işə təkbaşına başlayanda ən azından cəmiyyətin diqqətini bu qlobal problemə yönəldəcəyinə inanırdı. Elə də oldu: nəinki İsveç parlamentinin və ictimaiyyətinin diqqətini cəlb etdi, hətta Avropa ölkələrində yeni ekologiya hərəkatının yaranmasına səbəb oldu. Hazırda Qretanın adı Nobel mükafatına namizədlər sırasındadır.
Qadın hüquq və azadlıqları probleminin çözüldüyü ölkələrdən minlərlə belə misal gətirmək olar.
Bəs bizdə 16 yaşlı qızlar hansı xəyallarla yaşayırlar?
Biz istədiyimizi həyata keçirmək bir yana, xəyalımızı belə bəlli çərçivədə qururuq.
Nə demək istəyirəm? Bizi formalaşdıran və şəkilləndirən böyüdüyümüz mühitdir. Mühitsə biz gəncləri limitlər içərisinə salır. Gələcəyi gənclər qurur, demək, gələcəyimiz bu gün gənclərə yaradılan mühitdən asılıdır.
Yeniyetmə qızları təhsil almadan ərə vermək gələcək qarşısında ən böyük günahdır! Mən bir az uzağa gedib, bunu cinayət də adlandrardım. Böyüklərimiz bununla bizim xəyallarımızı belə yönəldir, arzularımıza əl qatırlar.
“Qızı qoydun beşiyə, cehizi çək eşiyə”, “Qız qundaqda, cehizi sandıqda”. Nə qədər belə atalar sözümüz var. Sanki valideynlər doğulan gündən qızları ərə hazırlayırlar. Təbii ki, belə mühitdə böyüyən qızların ağlında tək olan şey ilk öncə evlilik xəyalı qurmaq olacaq. Evlilik deyəndə isə göz önünə lüks həyat, parlaq zinət əşyaları və “ağ atlı şahzadə” gəlir.
Anlamadıqlarımdam biri də təzə evlənən bir cütlük üçün ana-atanın niyə borca girməsidir? Toy xərcləri bir yana, cütlüyün evini də valideynlər döşəməlidirlər. Gənclər bunu özlərinə necə rəva görürlər?
Bu evliliyin adı sevgidir? Valideyn sevgisi, yaxud cütlüklərin sevgisi? Mən sevgiyə inanmayan biri deyiləm, ancaq burda başa düşmədiyim odur ki, təhsilsiz, öz həyatını təmin edə bilməyən yeniyetmə qız “ağ atlı prins”ə necə ümid edə bilər? Gələcək həyatını bir adamın vicdanına necə etibar edər? Sevdiyi olsa belə!
Yaxından tanımadığın, pis baxarlar deyə görüşə çıxmadığın, dünyagörüşündən, maraqlarından xəbərin olmayan, böyüklərin razılığı əsasında evləndiyin biriylə xoşbəxt olmaq ehtimalın nə qədər böyükdür?
Azərbaycanda boşanmaların statistikasına rast gəlsəniz gördüyünüz dəhşətli vəziyyətin səbəblərini düşünəndə bu yazını da xatırlayın!
İsveçdə isə nikah, evlilik anlayışı tamamilə fərqlidir, məşhur filmdə Hatəmxan ağanın dediyi kimi, tam tərsinədir. Bir qızla bir oğlan nikahsız bir evdə yaşayır, uşaqları olur hətta. Amma evlənməyə tələsmirlər. Açığı, bu yaşam tərzini də bəyənmirəm. Odur ki, bizdə olan ailə anlayışı burda yoxdur.
Xaricdə təhsil almaq indi Azərbaycanda oxumağa davam etmək istəyən hər gəncin arzusudur. Qızı təkbaşına xaricə oxumağa göndərmək kompleksindən isə əksər valideyn hələ də azad ola bilməyib. Məncə, bu, övladı sevməkdən (dünyanın hər yanında övlad sevilmirmi?!), qızı qorumaqdan çox ona güvənməməkdən, “camaat nə deyər” qınağından qaynaqlanır. Odur ki, qızları uzaqbaşı Türkiyədə oxumağa buraxırlar.
İtaliyada təhsil alan 8 “Feysbuk” tanışımın yalnız ikisi qızdır. Hər ikisi də bakalavr təhsilindən sonra bir müddət işləyib öz ayaqları üstündə durduqdan sonra gedə biliblər ora.
Keçən il Türkiyəyə səyahətim vaxtı “qurd ürəyi yeyib qız uşağını tək buraxırsınız“ deyən neçə qohumun iradını eşitdim. Yaşıdlarımsa xaricdə yaşamağımın mənə verdiyi azadlığı, atamın gəzməyə getmək üçün icazə və üstəlik, pul verməsini bəxtəvərlik hesab etdi.
Heç kəsə izah edə bilmədim ki, mən ata pulu ilə gözəl geyinib, lüks həyat yaşamağa can atanlardan deyiləm. Gəzməyə dərsdən əlavə işləyib yığdığım pulla gedirəm. Verəcəyi cibxərcliyindən məhrum olmayım deyə atama sorğulamadan inanıb, kor-koranə “baş əyməyi” sevmirəm. Əksinə, atamla müzakirələrdə öz arqumentlərimi gətirməkdən xoşum gəlir. Uşaqlıqdan gördüyüm odur ki, atam da bizim belə olmağımızdan zövq alır.
Turkiyədə isveçli dostumla 4 şəhər gəzdik. Həyatım boyunca heç vaxt özümü bu qədər azad hiss etməmişdim. Özümə inamım təsvir edə bilməyəcəyim qədər artmışdı. Və ən ləzzət aldığım o oldu ki, isveçli dostum Mariyaya əvvəllər danışdığım Şərq kültürünü bu dəfə əyani göstərib sevdirə bildim.
Bəlkə də Avropada böyüdüyüm üçün belə şeylər mənə qəribə gəlir. Fərqli kültürdə yaşayan bir azərbaycanlı qız kimi əvvəllər bəzən özümü iki kültür arasında sıxışıb qalmış kimi hiss edirdim. Çünki hər ikisində xoş cəhətlər olduğu kimi çatışmazlıqlar da var. Məncə, yaxşısı bu iki kültürdən ən gözəl dəyərləri götürməklə qızıl ortanı tapmaqdır.
Və nəhayət…
Bakıda çox sevdiyim bir heykəl var – “Azad qadın” heykəli. O heykəl Şərqin ilk azad qadınına – Azərbaycan qadınına qoyulub. Növbəti səfərimdə ora gül aparacam. Azad qadının azad gələcək təminatçısı olduğuna inandığım üçün.
Müəllifin başqa yazısı:
Azad düşüncənin sonsuz üfüqü