Zelenski Ukrayna üçün nə deməkdir?
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin siyasi planları hələ məlum deyil. Onun prezidentliyi də seçilməsi kimi bənzərsiz olacaqmı?
Prezident seçkisinin ikinci turu ərəfəsində paytaxt Kiyevin olimpiya stadionda keçirilən debatın sonunda dövlət başçısı Pyotr Poroşenko əlini ürəyinin üstünə qoyaraq Ukraynanın milli himnini oxudu. Onun rəqibi, aktyor və yumorist Vladimir Zelenski həmin an tərəfdarlarına sarı çönüb iki barmağını qələbə əlaməti olaraq yuxarı qaldırdı, özünə inamlı şəkildə gülümsədi. Milli lider kimi yox, daha çox kino ulduzu üslubunda…
Sonra Zelenski də himni oxudu, amma bu epizod namizədlər arasındakı fərqi göstərdi.
Poroşenko 2014-cü ildən bəri Rusiya hərbi təcavüzünün hədəfinə çevrilmiş xalqın atası rolunu oynadı. O, əsas diqqətini milli kimliyə və təhlükəsizliyə cəmlədi. Zelenski, əksinə, Poroşenkonun beşillik prezidentliyinə hücum çəkərək istehzalı postmodern şoumen rolunu oynadı.
Qələbəlik stadionda siyasi debatların keçirilməsi ideyası seçkiqabağı kampaniyada Zelenskinin ən uğurlu gedişlərindən biri oldu. O, ikinci turdan əvvəl Poroşenkonu rezonans doğuran video vasitəsilə debatlara çağırdı. Bu gediş ona çox fayda gətirdi: o, şoumendir və kütləni necə ələ almağı yaxşı bilir. Siyasəti şouya çevirmək, siyasətlə əyləncə arasında sədləri aradan götürmək Zelenskinin başlıca strategiyası oldu. Bu metod digər ölkələrdə də yayıla bilər.
Poroşenkonun seçki kampaniyası şüarlar üzərində, Zelenskinin təşviqatı isə oynaq zarafatlar üzərində qurulmuşdu.
Poroşenkonun şüarları xarici düşmənə (Putin Rusiyasına) qarşı mübarizəyə səfərbər etməklə insanları birləşdirməyə yönəlmişdi. Zelenskinin istehzalı zarafatları isə insanlara gülmək və əsasən daxili düşməni (korrupsiyanı) rədd etmək imkanı verirdi.
Poroşenko ukraynalılarda birlik hissi doğururdu, Zelenskinin taktikası isə insanlara etirazlarını ifadə etmək imkanı verirdi. Siyasəti əyləncə ilə, siyasi kampaniyanı marketinqlə birləşdirməklə Zelenskinin təşviqatı yeni bir populizm nümunəsi – “populizm 2.0” oldu. Ukrayna onilliklərlə sadə taktikalı populist siyasətçilərin vətəni olub: daha çox qeyri-real vədlər vermək və seçkinin sabahı onları yaddan çıxarmaq.
Zelenski özünü ayrı cür apardı. O, çox vəd vermədi. Onun zarafatlarından biri belədir: “Nə vəd var, nə də əfv”. Ancaq o, özünü xalqa yaxın sadə oğlan kimi göstərməyə çalışdı. Çoxları Zelenskiyə onun siyasi kursunu anladıqları və ya dəstəklədikləri üçün deyil, sadəcə müxtəlif istedadlar şousunda bəyəndikləri müğənnilərə və ya rəqqaslara səs vermiş kimi səs verdi.
“Populizm 2.0” yeni modern cərəyan – siyasətin siyasi debatlardan yoxa çıxmasıdır.
Biz Zelenskinin əsas sahələrdə hansı siyasət aparacağını hələ də bilmirik və bu, ölkəni xarici qüvvələrin əli ilə asanlıqla sarsıtmağa imkan verən böyük riskdir. Ancaq Zelenski və Poroşenko qarşıdurması geosiyasi dəyərləri əhatə etmədi. Hər iki namizəd dedi ki, Putin düşməndir, hər ikisi Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşmasının vacibliyini vurğuladı. Zelenskiyə səs verənlərin yarısı, Poroşenkonu dəstəkləyənlərin isə 60%-i Avropaya inteqrasiya tərəfdardır.
Ancaq onların Ukrayna milli layihəsinə baxışı fərqlidir. Poroşenko liberal Avropa layihəsi ilə milli Ukrayna layihəsinin (Rus imperiyası və Sovet İttifaqının əsrlər boyu davam edən zülmündən sonra Ukrayna mədəniyyətini dirçəltmək arzusu) bir-birinə yaxın olduğuna inanan cəmiyyətin böyük hissəsini təmsil edir. Cəmiyyətin bu qismi hesab edir ki, onların bir düşməni var: sovet irsi və Putin Rusiyası.
Zelenski seçicilərinin fərqli baxışı ola bilər. O, Ukraynanın cənub-şərqində yerləşən sənaye mərkəzi Krivoy Roqda doğulub. Ölkə müstəqillik əldə etdikdən sonra (2014-cu ilin Maydan hadisələrinədək) bütün seçkilərdə bölgə sovetpərəst və ya Rusiyapərəst namizədləri dəstəkləyib. Amma o vaxtdan vəziyyət dəyişib. Zelenskiyə səs verənlər əsasən rusdillilər ola bilər, amma onlar eyni zamanda Avropayönlüdürlər (baxmayaraq ki, onların bəziləri hələ də Rusiyaya meyllidir). Onlara Ukrayna mədəniyyəti layihəsi rahat gəlməsə belə, artıq özlərini siyasi “rus dünyası”nın (Qərb əleyhinə yönəlmiş ideya bundan ibarətdir: Rusiya ayrı bir sivilizasiyadır) bir hissəsi hiss etmirlər. Bu kəsimi təhlükəsizlik problemi Poroşenko tərəfdarlarından daha az qorxudur. Onlar sürətli dəyişiklikləri və modernləşməni qəbul etməyə daha çox hazırdırlar. Bu insanları Rusiya kütləvi mədəniyyəti də qane edə bilər. Onlar, ola bilsin, sabiq prezident Leonid Kuçmanın məşhur “Ukrayna Rusiya deyil” kitabı ilə razılaşa bilərdilər, amma cəmiyyətin bu hissəsinin “Ukrayna nədir” sualına hələ bir cavabı yoxdur.
Ona görə də Zelenski qara qutudur. O, əyləncə ilə siyasəti birləşdirən, məşhur teleserialların və rezonans doğuran onlayn videoların kampaniyanın ən uğurlu strategiyasına çevrildiyi yeni bir era açır.
Zelenskiyə səs verənlər çox fərqlidirlər, çünki onlar hərtərəfli və məqsədli marketinqdə üzə çıxıblar. Bu həm də Ukrayna milli layihəsini özü üçün hələ müəyyənləşdirməmiş əvvəlki Rusiyayönlü bölgələrin tədricən Avropayönlü regionlara çevrilməsi əlamətidir.
Beləlilklə, Zelenskinin prezidentliyi hər iki tərəf üçün “Troya atı” ola bilər. Bu həm əvvəlki sovetpərəst və ruspərəst düşüncənin “Avropalaşmasına”, həm də Rusiyanın kütləvi və siyasi mədəniyyətinin “Avropayönlü” və “modernləşmə” adı altında sakitcə geri qayıtmasına yol aça bilər.
Çox güman ki, Putin Rusiyası yeni prezidentlə həm kətə, həm kötək oyunu oynayacaq. Zelenski Kreml üçün, əlbəttə, Poroşenkodan daha əlverişlidir. Çünki hazırkı prezident millətin güclənməsi və dövlətin möhkəmlənməsinə istiqamətlənib. Bəzi rusiyalı siyasətçi və KİV Zelenskinin ilk turda qalib gəlməsinə çox sevinmişdilər və onun tərəfdarlarının səhifələrindən Rusiyanın dəstəyinə alqışlar gəlmişdi. Amma Zelenski bu alqışlara reaksiya vermədi və Putini düşmən adlandırmaqda davam etdi.
Rusiyalıların uğur qazana bilib-bilməyəcəyi və Zelenskinin hansı səmtə dönəcəyi əsasən iki faktordan – Ukraynanın daxilində mülki cəmiyyətin gücündən və xarici təzyiqlərdən asılıdır.
Əsas məsələ islahatları davam etdirmək, Avropa və NATO ilə yaxınlaşmaq, Donbasda sülhə nail olmaq (amma Rusiyanın şərtləri əsasında deyil), əsrlər boyu davam edən repressiyadan sonra Ukraynanın siyasi və mədəni layihəsini inkişaf etdirmək, Krımı ilhaq etdiyinə və Donbasda davam edən hərbi əməliyyatlara görə Rusiyaya təzyiq göstərmək. Bunlar yeni prezidentin əməl etməli olduğu əsas strateji prinsiplərdir.
Vladimir Yermolenko, “UkraineWorld”ün baş redaktoru
Məqalə ilk dəfə “New Eastern Europe” və “UkraineWorld” da dərc olunub.