Xalq Cəbhəsinin ilk samizdat qəzeti – “Meydan”
Bəkir Nərimanoğlu
Novator.az
1988-ci ilin fevralında Qarabağdakı erməni separatizminə qarşı Bakıda başlayan mitinqlər ilin sonuna yaxın yeni bir hədəfə yönəldi. 1988-ci ilin 17 noyabrından başlayan Meydan hərəkatında Azərbaycanın müstəqil dövlət olması ilə bağlı çağırışlar səsləndirilirdi. İstər indiki Azadlıq meydanında sovet qoşunlarının 5 dekabrda dağıtdığı 18 günlük mitinqlər, istərsə də bundan öncəki mitinqlər bir ehtiyacı ortaya çıxardı – Azərbaycanın milli azadlıq hərəkatına rəhbərlik edən təşkilat yaradılmalı idi.
Bu təşkilat yalnız 1989-cu ilin 16 iyulunda yaradıldı. O gün bütün təzyiq və təxribatlara baxmayaraq Azərbaycanın 30 rayonundan məşvərət səslə 240, səsvermə hüququ olan 196 nəfərin iştirakı ilə Bakıda Azərbaycan Xalq Cəbhəsinin (AXC) təsis konfransı keçirildi.
Tribuna axtarışında
Təşkilat yaradılmışdı, ancaq öz fikirlərini bütün ölkəyə yaymaq imkanları yox idi. Çünki bütün media sovet hakimiyyətinin nəzarətində idi, o cümlədən bütün nəşriyyatlar. Çıxış yolu kimi ilkin olaraq AXC-nin bülletenləri buraxıldı. Ancaq bu da istənilən nəticəni vermədi. Çünki bülletenlər media təsiri bağışlamırdı.
AXC-nin təsis konfransında yaradılan qurumlardan biri də redaksiya komissiyası idi. Quruma Nəcəf Nəcəfov, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı, Xalıq Bahadır, Əhməd Əhmədov və Tariyel Allahverdiyev daxil idi.
Komissiyanın üzvləri çap işini necə həll etməyi düşündüyü bir vaxt yazıçı-jurnalist Səfər Alışarlıya bir təklif gəlir. Onun tovuzlu dostları, o cümlədən Mirsalam Seyid Bağır oğlu deyir ki, nəşrlə bağlı kömək edə bilərlər: “Doğrusu, bu təklifi gözləmirdim. Çap işini Bakıda həll edəcəyimizi düşünürdüm. Bakıda bir çox institutun, nazirliyin mətbəələri var idi. Biz onlara giriş axtarırdıq. Bəzilərində də var idi. Mirsalamın bu təklifi məni çox təəccübləndirdi. Dedi ki, materialları ver mənə, aparım yığdırım, sonra özün son variantı oxu təsdiqlə, biz onu A3 formatında çap edək”.
Olası bir qəzet üçün materialları çantasında gəzdirən Səfər Alışarlı çox böyük sevinclə materialları Mirsalam Seyid Bağır oğluna verir.
“O zaman yığım işi ağır iş idi. Hər dəqiqə onu dəyişmək məsləhət deyildi. O materiallardan bəziləri köhnəlmişdi. Qəzet çapa gedənə kimi götürmək olardı. Ancaq texnologiya bizə onu operativ dəyişməyə imkan vermirdi. Mən onları saxladım, çünki müəlliflər əziyyət çəkmişdilər. Tovuza getdim, bir gecə də Mirsalamın qonağı oldum və qəzeti oxuyub çap üçün təhvil verdim” – deyə Səfər Əlışarlı xatırlayır.
Mirsalam Seyid Bağır oğlu yazır ki, Hüseyn əminin (Tovuz mətbəəsinin rəhbəri Hüseyn Seyid Vəli oğlu – B.N.) istər Tovuzun müdafiəsinin təşkilində, istər fövqəladə vəziyyət rejimində bir sıra qəzetlərin çap olunmasında böyük xidmətləri olub: “Yaxşı yadımdadır, həmin qəzetləri Tovuz mətbəəsində gizli yolla çap etdirmək fikrimizi demək üçün gecəyarısı onlara getdik. Yaxşı bilirdik ki, çox riskli işdir. Onun və ailəsinin başı bəlalar çəkə bilər. Ona görə də fikrimizi ona açıq şəkildə deməyə çətinlik çəkirdik.
O, tərəddüdlərimizə özü son qoydu: “Sözlü adama oxşayırsınız. Nəyə gəlmisiniz, utanmayın, söyləyin. Əlimdən gələn işdirsə, oldu bilin”.
Axır ki, əlacsız qalıb gəlişimizin məqsədini söylədik, ola biləcək təhlükələri də açıqca danışdıq. Gülümsəyərək Türkiyənin asılmaq cəzasına məhkum olunmuş baş naziri Adnan Menderesi misal çəkdi: “Milli marağı qurban verməmək üçün insan özünü qurban verə bilər, millətimin azadlığı, gələcəyi üçün mən də özümü qurban verməyə hazıram”.
AXC sədri təəccüblənir
Qəzeti təhvil vermək üçün Tovuzda olan Səfər Alışarlı həmin gün AXC-nin rayonda baş tutan mitinqinə gedir. Mitinqdən sonra qəzetin ottisklərini görən AXC sədri Əbülfəz Əliyev (Elçibəy) təəccübünü gizlətmir. Səfər Alışarlı: “Tovuza gedən günü səhifələrin ottisklərini mənə verdilər. Rayonda, raykomun qabağında AXC-nin böyük bir tədbiri var idi. Əbülfəz bəy də orda idi. Tədbir bitəndən sonra ottiskləri göstərdim ki, biz belə qəzet hazırlayırıq. O da mənə təəccüblə baxdı. Heç məndən soruşmadı ki, harada, necə çap etmişik. Mən bunu ona Tovuzda göstərdiyim üçün, yəqin bəzi yoldaşlar çatdırmışdılar. Sonradan mən bildim Rauf Arifoğlunun köməyi dəyib, Elxan Zalın köməyi dəyib və əlbəttə, Mətbəə Hüseynin köməyi xüsusilə qeyd olunmalıdır”.
Elçin Səlcuq həkim xalatı geyinir
İlk iş görülmüşdü, qalırdı qəzetin Bakıya gətirilməsi. Bu iş də çap qədər çətin idi, çünki respublikada fövqəladə vəziyyət rejimi hökm sürürdü, yol boyu patrullar düzülmüşdü. Səfər Alışarlı çıxış yolunu necə tapdıqlarını danışır: “Rus əsgərlər müəyyən yollara nəzarət edirdilər. Qarabağ münaqişəsi başlanmışdı, ölüb-itənlər var idi. Biz bilirdik ki, yollarda saxlayıb tirajı əlimizdən alacaqlar, buna heyfimiz gəlirdi. Ona görə Respublika Klinik Xəstəxanasında işləyən Rada Abbasovaya müraciət elədim. Ona dedim bizə təcili yardım maşını lazımdır ki, Tovuzdan qəzetləri gətirsin”.
Rada Abbasovanın cavabı müsbət olur, sadəcə, maşına benzin doldurmaq qalır. Təcili yardım maşınına putyovka yazılır və qalır onu müşayiət etmək.
Davamını Səfər Alışarlıdan dinləyək: “Yasamalda Təhsil Nazirliyinin mətbəəsi var idi. Orada rulonlar görmüşdüm. Elə-belə, yolun qırağına düzmüşdülər. O boyda kağıza ehtiyacları yox idi. Gəldim dedim ki, bu rulonlardan birini bizə verərsinizmi? Dedilər ki, nəyinə lazımıdır? Dedim bu iş üçün lazımdır.
Cüzi bir qiymətə o rulonlardan bizə satdılar. Həmin rulonları təcili yardım maşınına yüklədik, maşın getdi. Qalırdı müşayiət eləmək. Bizim çox fəal jurnalist dostlarımızdan Elçin Səlcuqdan xahiş elədim. Ona həkim xalatı tapıb verdim. Dedim ki, Elçin, olursan həkim, oturursan şoferin yanına, gedirsən.
Elçin 2 günə tirajla qayıtdı gəldi. Yolda hərbiçilər saxlamışdılar, Allah üzünə baxmışdı, keçib gələ bilmişdi”.
Təcili yardım maşınını təşkil edən Rada Abbasova (Abbas): “Təcili yardım maşınını rayona xəstə gətirmək adı ilə yolladıq. Maşın isə qəzetlə doldurulurdu. Birinci dəfə çox çətinlik çəkdik, ikinci dəfə sanaviasiyanın rəhbərindən xahiş etdim, bizə sevə-sevə yardım elədi. Dedi ki, ilk dəfədən desəydiniz, əziyyət çəkməzdiniz.
Bu bizim vətəndaş vəzifəmiz olduğu üçün borcum hesab edərək həyata keçirmişdim. Bu işlərin həyata keçirilməsində mən də az da olsa əmək sərf etmişəm”.
Rada Abbas hazırda Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədridir.
Qəzetin ilk sayı 10 min tirajla çap olunub, Bakıda mitinqlərdə 1 manatdan satılıb.
Mətbəə Hüseyn
Ümumiyyətlə, milli azadlıq hərəkatının mediasının formalaşmasında Tovuz mətbəəsinin və onun rəhbəri Hüseyn Seyid Vəli oğlunun rolunu xüsusi vurğulamaq lazımdır. Çünki bir çox qəzet və jurnal qeyri-leqal formada bu mətbəədə çap olunub. Başqa sözlə, bütün riskləri Tovuz mətbəəsi və onun rəhbəri öz üzərinə götürüb.
Səfər Alışarlı da bu mətbəənin rolunu qeyd edir: “Doğrudan böyük qəhrəmanlıq idi. Tovuz mətbəəsi Azərbaycanda ilkin olaraq demokratik mətbuatın formalaşmasına öz töhfəsini verdi. “Meydan” qəzetindən sonra bir sıra qeyri-leqal qəzet çap olundu. O cümlədən 20 Yanvardan sonra “FV-ÇP” (Fövqəladə Vəziyyət – Çrezvıçaynoe Polojeniye) qəzeti orada çap olunub.
Mən düşünürəm ki, Azərbaycanda vətənpərvər insanlar həmişə olub, bu gün də var. Onlar qiymətləndirilməlidir”.
Niyə “Meydan”?
Bu suala redaktor Səfər Alışarlı qəzetin ilk sayında cavab verib.
O, baş məqalədə yazırdı: “Bəylər və xanımlar! Hələlik qeyri-formal xarakter daşıyan bu qəzeti “Meydan” adlandırmağımız təsadüfi deyil. Bu adı biz ağlımıza gələn, qulağımıza pıçıldanan, bəzən zarafatyana deyilən yüzlərlə adın içindən seçib xoşlamışıq. Onu da nəzərə almışıq ki, son iki ildə meydan məfhumu bizim təfəkkürümüzdə haqq, ədalət, mübarizə, azadlıq səsinin təcəssümü kimi özünə yer eləyib. “Meydan” deyəndə biz xəyalən Lenin adına Bakı meydanını “Azadlıq” meydanı kimi görürük. “Meydan” deyəndə biz yalnız raykom binaları qarşısındakı asfaltlı genişlikləri yox, bir adamın da ayaq qoyub, mübarizə üçün üstündə dayana biləcəyi hər qarış Azərbaycan torpağını nəzərdə tuturuq. “Torpaq – uğrunda ölən varsa Vətəndir!”. Meydan bu gün AXC-nin vuruşduğu siyasi döyüşlər məkanıdır.
Son yetmiş ildə ilk dəfə 19 fevral və 18 may 1988-ci ildə xalqımızın birliyindən doğan sevinc hissi məhz Meydanda bizim gözlərimizi yaşartdı. 5 dekabr 1988-ci ildə isə Azərbaycanın mərd, namuslu oğul və qızlarının gözünü meydanda rus ordusunun atdığı zəhərli qaz paketləri yaşartdı. 5 dekabr gecəsi, ora tökülən qan da, orada qalxan nalə-nifrin də, qadın və uşaqlara da rəhm etmədən enən rezin dəyənəklər də bizim meydanımızı müqəddəsləşdirdi, onu bürokratik dövlət aparatının təhqiramiz nümayişlər, paradlar yerindən həmişəlik ayıraraq xalqın azadlıq, haqq işi uğrunda mübarizəsinin tərkib hissəsinə çevirdi. Ona görə də “Meydan” deyəndə biz vaxtilə o tribunadan müqəvva kimi xalqa əl eləyən nökər rəhbərləri yox, Nemət Pənahovu, Məhəmməd Hatəmini, Əbülfəz Əliyevi, Siyaməki, Xəlil Rzanı, Bəxtiyar Vahabzadəni, Səməd Vurğunun oğullarını və onlarla digər vətənpərvərləri xatırlayırıq.
Noyabr mitinqlərinin 17 günü ərzində Meydan Azərbaycan ictimai fikrinin, Azərbaycan ədəbiyyatının on illər boyu görə bilməyəcəyi siyasi maarifləndirmə prosesini qəti şəkildə yerinə yetirdi, onu irəli apardı, xalqın kölə vəziyyətini imperiyanın sürtük ideyalarla bəzədilmiş soyucu siyasətinin iç üzünü açdı və onu ifşa etdi. Məhz buna görə SSRİ Prokurorluğu və DTK hələ mitinqlər qurtarmamış özünün ən bic və yırtıcı qüvvələrini DİN qoşunları ilə birlikdə təcili Bakıya, Azərbaycan xalqının azadlıq ideallarına divan tutmağa göndərdi…”
İcazəsiz qəzet nəşri narazılıq yaradır
“Meydan” qəzetinin 1989-cu ildə yalnız iki sayı çap olundu. Həmin dövrün şərtlərini nəzərə alan Səfər Alışarlı qəzetin çapını AXC-nin rəhbərliyindən xəbərsiz edir. Bu isə AXC İdarə Heyətində münaqişə yaradır.
Səfər Alışarlı bildirir ki, gizli iş olduğuna görə bu formada çap etməyə məcbur olublar: “Bir qrup adam fədakarlıq edib qəzet buraxmışıq. İşimizə pəl vurulmasın deyə biz bunu açıqlaya bilmədik. Onlar dedilər ki, AXC-nin “əsl” qəzetini təsis etməmişik. Ona görə hələlik rayon qəzeti kimi çıxın, baxarıq. İkinci say Oktyabr (indiki Yasamal) rayonunun qəzeti kimi çıxdı, Bakıda çap olundu”.
“Meydan” qəzetinin ilk sayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi ilə AXC İdarə Heyəti arasında 1989-cu il sentyabrın 13-də aparılmış danışıqların protokolu və onun icra vəziyyəti, o cümlədən ictimai-siyasi vəziyyətlə bağlı məlumatlar, “Meydan” hərəkatı ilə bağlı SSRİ Prokurorluğunun başlatdığı cinayət işinin istintaq materialları və başqa yazılar verilib.
Qəzetin ikinci sayının şüarı belə idi: “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq – uğrunda ölən varsa Vətəndir!”
Qəzetin 1989-cu ilin oktyabrında buraxılan ikinci sayında milli azadlıq hərəkatının görkəmli nümayəndələrindən Xudu Məmmədova həsr olunmuş şeir dərc edilib. Səfər Alışarlının bildirdiyinə görə, imzasız dərc olunan bu şeirin müəllifi Əbülfəz Elçibəydir:
Qara qapılanların qalxdı, çilədi,
Dədəm, gözün aydın, ay gözün aydın.
Ceyranların Təbriz dedi, mələdi,
Dədəm, gözün aydın, ay gözün aydın.
Araz axır, Kürə dəyir, durulur,
Dəli könül ay-ulduza vurulur.
Bu gün-sabah Xudafərin qurulur,
Dədəm, gözün aydın, ay gözün aydın.