İlham İsmayıl
Xristianlar pasxanı, biz də Şuşanın işğal gününü geridə qoyduq. Əlaqə varmı? İlk baxışdan yox…
Pasxadan sonra sosial şəbəkədə Şuşanın işğalı ilə barışmağa çağırış oldu, bir daha onu görməyəcəyimiz deyildi, uzaqbaşı gələcək nəsillərin turist kimi ziyarət etmək perspektivi haqqında mövqe bildirildi. Ağ bayraq qaldırmağı 150 nəfər bəyənib şərik olduqlarını ifadə etdilər.
Mövcud sistemi müdafiə edən, məxfi kuluar söhbətlərini məsləhət bilinəndə üzə çıxaran, əks cəbhədə dayananları ən sərt sözlərlə vuran biri niyə məhz Şuşanın işğal günü belə mövqe ortaya qoydu? Öz sözü idimi, yoxsa həmişəki kimi ağalarının buyruğu idi?
Bu suallara cavab axtara-axtara xəyanətin klassik nümunəsi olan İudanın (Yəhuda) İsa Məsihi satmasını düşünürdüm.
İsa peyğəmbərin ölümünə qərar verənlər bu qətli necə və nə vaxt həyata keçirmək üçün müxtəlif planlar fikirləşirdilər. Müqəddəs kitabda yazılır: “Cinayət törətmək niyyətində olduqları üçün onlar Allahdan qorxmurdular, ancaq xalqdan qorxurdular. Onlar bayram günlərində Məsihi öldürdükləri təqdirdə xalqın intiqam üçün üsyan edəcəyindən qorxurdular. Məsihin ölümünün ictimai xarakter daşıycağından qorxurdular. Ancaq xaini tapdılar və xalqın iradəsini nəzərə almadan onu öldürdilər”.
Qarabağın işğalından 30 ilə yaxın vaxt keçir. Bu illərdə Azərbaycanın Dağlıq Qarabağa müstəqillik verməsi barədə gizli və aşkar siyasi addımlar da olub. Xalqdan qorxduqlarını, xalqı inandıra bilməyəcəklərini dərk edib bu xəyanətdən qaçıblar, heç onu dilə də gətirməyiblər. İsa Məsihi öldürmək haqqında düşünənlər kimi.
Amma zaman keçdikcə hiss edirlər ki, dövlət olaraq işğalı aradan qaldırmaq, vətən torpaqlarını azad etmək birbaşa vəzifə, borc kimi qarşıda dayanıb və bu asan olmayan məsələni həll etmək istiqamətində addım atmadıqca xalq narazılığı getdikcə artır və narazılıq bir gün özünü açıq şəkildə göstərə bilər. Bu zaman yalnız Qarabağ problemi deyil, başqa narazılıqlar da vulkan kimi püskürə bilər. Və İudanın əli ilə xalqın nəbzini yoxlamaq, reaksiyasının necə olacağını çox incə şəkildə öyrənmək istəyirlər: Şuşanın və təbii ki, bütün Dağlıq Qarabağın, bəlkə də ətrafdakı rayonların da düşmənə verilməsinə zəmin hazırlamaq, inandırıcı görünmək üçün Gəncəbasarı və Naxçıvanı qorumaq adı ilə pərdələnmək, əlimizdə olanla kifayətlənməyi qələbə kimi təqdim etmək…
Bəlkə də təslimçi ovqatı yayan adam hadisələrin içində olduğundan xalqı xəbərdar etmək istəyir ki, boşuna ümidlənməyin, vəziyyət göründüyündən daha acınacaqlıdır?.. Baş verənlərin və ortadakı şəxslərin mahiyyəti bu cür düşünməyə çox da imkan vermir.
Bəs xalqda necə, xalqda da belə bir ruh düşkünlüyü varmı və ümumiyyətlə, bu mövqeyi bölüşənlər ola bilərmi? Bu mövqeni açıq şəkildə dəstəkləyən və bəyənən 100-dən çox adamın olmasını görmək nə qədər dəhşətli idisə, bir o qədər də təəccüblü deyildi. Ona görə təəccüblü deyil ki, on illərdir İudaların yetişdirilməsi üçün konkret işlər görülüb, İudaların fəaliyyəti stimullaşdırılıb, nümayişkaranə şəkildə mükafatlandırılıb. Bu gün İuda olmaq üçün növbəyə düzülənlər var.
İsa Məsihi satmaq necə bəşəri faciə kimi qəbul olunubsa, Şuşanı və Qarabağı düşmənə güzəştə getməyi təbliğ etmək də Azərbaycanın faciəsi deməkdir. Gəncəbasar və Naxçıvanın az qala tükdən asılı olduğunu vurğulamaq və onları gələcək nəsillərə salamat verməklə təsəlli tapmağı aşılamaq ümidsizlikdən, gələcəksizlikdən, fəlakətdən xəbər verir. Görünür, Gürcüstan dövlətinin bu ərəfədə torpaq iddialarına qalxması İuda təbliğatının nəticə verə biləcəyinə hesablanıb.
Dərdin batmanla başımıza töküldüyü bir zamanda İudanı 100 nəfər açıq şəkildə dəstəkləyirsə, gərək milyonlar əleyhinə olduğunu nümayiş etdirəydi. Olmadı. İuda addım-addım qalib gəlirmi?