Ruzanna Rəşidqızı
Baxdığımız yeganə Azərbaycan telekanalı – “Mədəniyyət TV” danışır. Neyləməli, uşaqlar hərdən Azərbaycan ədəbi dilini də eşitməlidirlər, ya yox? Həm də maraqlı danışır, söhbət xalçaçılıqdan, araşdırılmamış sahələrdən – Şəmkir kəndlərinin xalçaçılıq sənətindən gedir. “Heç yeridir?” deyə bilərsiniz. Bayram tutulur, döyülür, azadlıq və qorxmazlıq nümunəsi olmaq istəyir, baxan “cəhənnəmə tutulsun, dilini dinc qoyaydı” deyib, çılpaq qızların videosunun muzakirəsinə keçir… Əliyev Paşinyanla niyə görüşüb, danışan yoxdur…
“Yeridir”-“yeri deyil”i kim müəyyən eləyir?
Xalçaçılıqdan danışanların məni apardığı aləmə qayıdım. Yadıma evlərdə gördüyüm qeyri-simmetrik əl xalçaları düşür. Nənəmin xanayla bağlı xatirələri, Qarabağda, Göyçənin ucqar kənd evlərində qalan xanalar, xalça toxuyan qadınlar, rənglər, naxışlar… “Mədəniyyət TV” araşdırılmamış Şəmkir xalçalarından danışır, amma qərb torpaqlarımız qalsaydı, daha nə qədər xalçaçılıq nümunəmiz tapılardı. Azərbaycanın yeddi xalçaçılıq məktəbi var, səkkizinci olardı Göyçə məktəbi.
Bəlkə bunları indi də ev-ev düşüb axtarmaq, ortaya daha nələri çıxarmaq olar? Bir həvəsli jurnalist maraqlı proqram hazırlayar, proqramda gördüyü gözəllik, naxışlar bir gələcək ananın xalçaçı olmağına, birinin sənətşünas, o birinin mədəniyyət tarixçisi-araşdırıcısı kimi yetişməyinə səbəb olar. Yoxsa ölkəmiz dolub-daşır müəllim, həkim, bir də polislə. Tibb Universiteti ildə 1000-dən çox məzun buraxır, təkcə Pedaqoji Universitetdə 21 min tələbə var. Polisin sayı açıqlanmır. Onların neçə faizi sevdiyi işlə məşğuldur? Bu haqda da danışmaq olmazmı? Sevgi, özgüvən, uğurun yolları… Kitablar var, amma televiziyanın yeri hələ ayrıdır.
Təsəvvür eləyin, şoudan ibarət kanalların, siyasətdən danışanların paralelində hər şeydən danışanlar da var, həm də çoxdurlar. Düymələri basdıqca açılan proqramlardan hansına baxasan, bilmirsən. Birində Azərbaycanda Qırmızı kitaba salınan 23 növ nadir quşdan – əti çox dadlı turac, dovdaq, bəzgəkdən danışılır, ərəblərin ölkəyə ova bu quşlara görə gəldiyini deyirlər. “Ornitologiya”, “ornitoloq” nədir, bilir uşaqlar. O birində uşaqlara hörmətin nəticələri, fərqli sistem, tərbiyəçilərin idarəçi yox, yardımçı olduğu məktəblərin uğurlarını eşidirik, anaların, müəllimlərin baxışları təzələnir. Ya da baxırsan, İsfar Sarabski ifa edir, evdəkilər də bilir caz var, ünlü azərbaycanlı cazmen var, hər il keçirilən, sarayı cazsevərlərlə dolduran Bakı Caz Festivalı var…
Nə çox şey dəyişər! Əslində biz – mətbuat nə qədər güclüyük, nə qədər güclü ola bilərik, amma nə qədər zəifik. Auditoriya-filan deməyin, bizik zəif. Əgər bir səhər proqramında bir yaxşı reportaj gedirsə, ya da söhbət olursa, deməli, olur. Deməli, zəifliyi – auditoriyanı dalımızca aparmaqdansa, auditoriyanın dalınca düşməyi biz seçmişik.
Elə zəifik ki, sosial şəbəkələrin verdiyi mövzularla yaşayırıq. Camaata daha dadlı yemək – daha dəyərli mövzular təklif eləmək əvəzinə, özümüz də sosial şəbəkələrlə qidalanırıq. Və menyumuzda ikicə yeməyimiz var – şou, bir də siyasət. İkisi də dadsız…
Bunun sonrası necə olacaq? Efirdə maraqlı heç nə görməyib, telefondan qopmayan uşaqlar, sənət, təhsil yerinə Zaurun qəhrəmanlarından bəhs edən valideynlər çoxalırsa, onların uşaqları böyüyüb jurnalist olsalar efirə nə verəcəklər? Jurnalistika onlar üçün nə olacaq? Onlara baxanlar nə biləcək? Onda heç AzTV-nin “Mədəniyyət” kanalı da qalmayacaq?
…Suallar aləmindən qayıdaq, kitab alaq uşaqlara.