İsa Qəmbər
Mayın 5-i xalqımızın ən görkəmli sənətkarlarından Fuad Poladovun ölümsüzlüyə qovuşmasının 1 ili tamam oldu.
Mən onu 8-9 yaşımdan – Fuad Poladov 19-20 yaşında teatr və kinoda ilk addımlarını atandan tanıyırdım. 1960-cı illərdə parlayan gənc aktyor nəslinin ən seçilən nümayəndələrindən biri o idi.
Tale mənə 1980-1990-cı illərdə Fuad Poladovla yaxından tanışlıq da qismət elədi. Hətta 2000-ci ilin parlament və 2003-cü ilin prezident seçkilərində Fuad bəy öz siyasi mövqeyini açıq bəyan etdi və bizə – Müsavata tam dəstək verdi.
Əlbəttə, mənim bu böyük insana sevgi və sayğım sadəcə bu dəstəyə görə deyil. Fuad Poladov yüksək səviyyəli professional aktyor, ləyaqətli ziyalı olmaqla yanaşı cəsarətli vətəndaş idi. Fuad Poladov haqda yazanların bir çoxu onun professionalizmini qeyd edərkən aktyor sənətinin göstəricilərindən biri olan pauza saxlamaq bacarığını da xüsusi vurğulayırdılar. Və mən də Fuad Poladovun bütün keyfiyyətlərini birləşdirən bir epizod barədə – məncə, onun aktyor karyerasında ən uzun pauza haqda danışmaq istəyirəm.
2002-ci il dekabrın 7-də Fuad Poladov yaradıcılığının zirvələrindən birini fəth etdi. Milli Dram Teatrında Hamlet rolunu yüksək səviyyədə ifa elədi. Həmin premyerada olan Heydər Əliyev tamaşadan sonra səhnəyə qalxaraq rejissor-aktyor heyəti ilə görüşüb 15-20 dəqiqəlik söhbət etdi. Bu müddətdə bir neçə dəfə Fuad Poladova müraciət etsə də, təkrar-təkrar onu təbrik etsə də, Fuad Poladov bir dəfə də danışmadı, ona cavab vermədi, susdu…
Mən bu möhtəşəm səhnənin o zaman videosunu izləmişdim, bu günlərdə o söhbətin mətnini tapıb oxudum və təəssüratımı yenilədim. Gördüm ki, yaddaşım məni yanıltmır.
…Yüksək sənət, intellekt və cəsarət kimi keyfiyyətləri öz şəxsiyyətlərində birləşdirən böyük insanlarımız olub, var və olacaq. Kimsə bəhanə etməsin ki, dövr, şərtlər onları nəyəsə məcbur edir…
Mənbə: Facebook