Könüllülər olmasa… Ukrayna Avropa ölkəsinə çevrilərdimi?
Könüllülərsiz Ukrayna müasir Avropa ölkəsinə çevrilə bilməzdi. 2013-2014-cü illərdə onların sayəsində ölkədə ləyaqət inqilabı baş verdi. 2014-cü ildə könüllülər Ukrayna ordusuna qoşuldular, ən çətin aylarda ona hərtərəfli yardım göstərdilər, ölkənin şərqində Rusiyanın hərbi təcavüzünü dayandırmağa kömək etdilər.
Könüllülərin orduya dəstəyi davam edir. Bundan başqa onlar uşaqların həyatını xilas edir, qan verir, yoxsullara yardım göstərir, heyvanlara sığınacaq tikir və sağlam həyat tərzini təbliğ edirlər.
Ukraynada könüllülər hərəkatı müstəqilliyin ilk illərindən başlanıb. 1992-ci ildə sırf könüllülərdən ibarət telefon rabitəsi (“Etimad xətti”) yaradılıb. Sonra könüllülərin təşkilatları HİV/QİÇS xəstəliyinə yoluxanlara, böyük ailələrə, kimsəsiz ahıllara və əlillərə kömək məqsədilə müxtəlif sosial layihələr həyata keçirməyə başlayıblar.
Amma 2013-cü ilədək Ukraynada könüllü təşkilatları çox zəif inkişaf etmişdi. 2011-ci ildə Ümumdünya Xeyriyyə İndeksində Ukrayna 145 ölkə arasında 105-ci yeri tutmuşdu. O vaxt əhalinin yalnız 5%-i könüllülər hərəkatında iştirak edirdi. Ləyaqət inqilabı, Krımın ilhaqı və Donbasda müharibə vəziyyəti dəyişdi.
Könüllülərsiz 2013-2014-cü illərin ləyaqət inqilabı da olmazdı.
Bəli, Maydan adam toplaya bilərdi, amma etibarlı və geniş miqyaslı könüllü dəstəyi olmasaydı, tab gətirə bilməzdi. O dövrdə kiyevlilər və bölgələrdən paytaxta axışanlar ölkəni dəyişmək, Ukraynanı hüquq dövlətinə, Avropa ölkəsinə çevirmək hədəfi uğrunda gözəl bir təşkilatçılıq nümunəsi göstərdilər.
Könüllülər hər gün Kiyevin Kreşatik küçəsində çalışırdılar. Minlərlə insanın Maydanda rahat qala bilməsi üçün təşkilati işlərin böyük hissəsi onların üzərinə düşmüşdü. Könüllülər arasında müxtəlif peşə sahibləri – həkimlər, hüquqşünaslar, psixoloqlar, jurnalistlər vardı. Bir neçə gün ərzində onlarla könüllü təşəbbüsü və internet layihəsi ortaya çıxdı. Məsələn, “#Eurohostel“ etirazçılara kiyevlilərin mənzillərində sığınacaq tapmaqda kömək edir, “Avromaydan SOS” hüquqi yardım göstərir, Böhran Media Mərkəzi KİV-lə əlaqə qurmaq, “Maydan. Təbiblər” tibbi yardım almaq işində yardımçı olurdu.
“Avromaydan SOS” 2013-cü ilin 30 noyabr gecəsi – Maydanda etirazçı tələbələr döyüləndə yaranmışdı. Təşkilat hakim rejimin əməllərini və Rusiya Federasiyasının işğal etdiyi ərazilərdə törətdiyi qanunsuzluqları qeydə alır, işgəncələr, sərt rəftarlar, qeyri-qanuni hökmlər barəsində Ukraynanı və ATƏT üzvlərini məlumatlandırırdı. “Avromaydan SOS” imkan daxilində Kremlin məhbusu olan şəxslərə hüquqi yardım da göstərirdi.
“Sadə insanların könüllü və kütləvi şəkildə hüquq müdafiəsi işinə qoşulması əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı”. Vətəndaş Azadlığı Mərkəzinin rəhbəri, “Avromaydan SOS”un koordinatoru Aleksandra Matveyçuk belə deyir.
Aleksandranın təmsil etdiyi təşkilatın mühüm uğurlarından biri “#SaveOlegSentsov” adlı qlobal kampaniya (Rusiyanın 20 il həbsə məhkum etdiyi ukraynalı rejissor, ssenarist və yazıçısı Oleq Sentsovla bağlı kampaniya) oldu. Bu kampaniya nəticəsində 40-a yaxın ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirildi. İlk dəfə olaraq onlar insanları Rusiyada və Donbasın işğal olunmuş hissəsində siyasi məhbusların azad edilməsi tələbi ətrafında birləşdirdilər və Avropa Şurası baş katibinin, Fransa prezidentinin, Almaniya kanslerinin, Avropa İttifaqı Şurası sədrinin, digər ictimai-siyasi xadimlərin məsələyə açıq reaksiya bildirməsinə nail oldular.
Aleksandra Matveyçuk deyir: “Biz ilk dəfə bütün siyasi məhbusların adlarının Avropa Parlamentinin qətnaməsinə salınmasına nail olduq. Səsimiz Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətlərinin hər üzvünə çatırdı”.
2014-cü ilin yazında Rusiyanın Donbasa təcavüzü başlananda Maydandakı könüllülərin bir çoxu düşmənə qarşı mübarizə aparmaq üçün Ukrayna ordusuna qoşuldu.
Bundan başqa Ukrayna Hərbi Qüvvələrinə və Milli Qvardiyaya resurslarla yardım etmək üçün toparlanma başlandı. Bu hərəkat Ukraynanın müxtəlif bölgələrində kortəbii yaranmışdı. Həmçinin bütün Ukraynada könüllülər Krım və Donbasdan olan məcburi köçkünlərə yardım etmək üçün birləşdilər.
Sonra Ukrayna ordusu əhəmiyyətli dərəcədə gücləndi. ABŞ-ın müdafiə məsələləri üzrə ixtisaslaşmış “Global Firepower” saytı 2018-ci ildə dünyanın hərbi güc reytinqində Ukraynanı 29-cu yerdə göstərdi.
Ukrayna könüllülərinin orduya yardımı davam edir. Onlar ukraynalı hərbçilərə ən müxtəlif formalarda dəstək olur – maskalanma torları və geyimləri hazırlayır, isti əlcək, corab toxuyur, ərzaq toplayırlar. Könüllülər həlak olan hərbçilərin və mülki şəxslərin meyitlərini daşımaq kimi çox çətin işi də öz üzərlərinə götürüblər.
2014-cü ildə bir zarafat məşhurlaşmışdı: “Ukraynalılara desən ki, qələbə üçün nüvə başlığı lazımdır, könüllülər nəinki onu 2 saata yığar, hətta böyründə çay da dəmləyib gətirərlər”.
Aleksandra Matveyçuk könüllüləri “özünü inkişaf etdirmək, müxtəlif sahələrdə sınamaq istəyənlər”, “ümumi rifah naminə çalışmaq istəyənlər” kimi qruplara bölür və deyir ki, son illərdə hətta “dostları arasında dəb olduğu üçün könüllülər sırasına qoşulmaq istəyənlər” də peyda olub.
İnformasiya texnologiyaları mütəxəssisi, “Salamat qayıt” fondunun yaradıcısı Vitali Deyneqa bildirir ki, müasir dünyada müharibə yalnız səngərdə getmir, mərmidən, güllədən ibarət deyil, bura informasiya savaşı, hibrid savaşlar, hüquqi və diplomatik elementlər də daxildir: “İndi könüllülər ordunu silah və texnika ilə təchiz etməkdən tutmuş diplomatik qurumlarımıza rusiyalı liderlərin beynəlxalq məhkəmədə mühakimə olunması üçün sənəd hazırlanması işində yardım göstərməyədək ən müxtəlif məsələlərlə məşğul olurlar”.
Hazırda Ukraynada könüllülərin 200-dən çox təşkilatı orduya yardım edir.
“Avromaydan SOS” və Böhran Media Mərkəzi ilə yanaşı başqa fəal və effektli təşkilatlar da var.
“Salamat qayıt”. 2014-cü ildə yaradılmış xeyriyyə fondudur. Hərbi-texniki təminat, kəşfiyyat proqramlarının hazırlanması, atıcılara, snayperlərə, istehkamçılara təlimlərin keçirilməsi işlərində yardımlar edir. Təşkilat 1000-ə yaxın teplovizor hesabına cəbhə xəttində gecəgörmə qurğularına olan ehtiyacı qismən təmin edə bilib. Fond üç Ukrayna gəmisini radarla təchiz edib. Cəbhədə artilleriya atəşinə nəzarət və kəşfiyyat məlumatı ötürməyə hesablanmış, peyk rabitəsindən, kompüterlərdən, proqram təminatından ibarət sistem yerləşdirib. “Salamat qayıt” ötən il 2 min artilleriyaçıya, 700 istehkamçıya və 350 snayperə təlim keçib.
“SOS ordusu”. Bu təşkilatda ordunun hərbi sursat, rabitə vasitələri, uniforma və ərzaqla təchizatı işini əlaqələndirən könüllülər cəmlənib. Onlar hər şeyi birbaşa hərbi hissələrin özünə çatdırırlar.
“Şərq-SOS”. 2014-cü il mayın 5-də yaradılmış bu qurum köçkünlərə, habelə Krım və Donbasda qalanlara könüllü yardım prosesini koordinasiya edən vətəndaş təşəbbüsüdür. Təşkilat artıq Donbasın şəhərlərində yüz minlərlə insana yardım göstərib. Hazırda “Şərq-SOS”un 35 fəalı köçkünlərə müxtəlif problemlərin həllində kömək edir. Məsələn, könüllülər məhkəmələrdə onların maraqlarını təmsil edir, işğal olunmuş torpaqların sakinlərinə pensiya almaqda, doğum və ölüm şəhadətnaməsi əldə etməkdə yardımçı olurlar.
“Şərq-SOS”un təhsil proqramlarının koordinatoru Yuliya Kişenko bildirir ki, təşkilatın digər ölkələrdən könüllüləri dəvət etmək üçün beynəlxalq sertifikatı var: “Hazırda Ukraynanın şərqində “Şərq-SOS”un Fransa, Niderland və Rumıniyadan olan könüllüləri çalışır”.
“Donbas SOS”. Məcburi köçkünlərə və Silahlı Qüvvələrin əməliyyat zonalarındakı vətəndaşlara yardımı düzənləyən ictimai təşkilatdır. Təşkilatı 2014-cü il martın 14-də donbaslı fəallar yaradıb.
“Krım SOS” Krımdan və Şərqi Ukraynadan olan məcburi köçkünlərə yardım edir. Təşkilat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının icraçı tərəfdaşıdır.
“Hər kəs yardım edə bilər”. Krım bölgəsindən və Şərqi Ukraynadan köçkün düşənlər üçün mərkəzdir. Kiyevdə yerləşir. 2014-cü ildə könüllülərin yaratdığı mərkəz məcburi köçkünlərin acınacaqlı durumunda, onların hər şeyə – geyimə, yeməyə, tualet kağızına ehtiyac olduğu bir vaxtda həlledici rol oynayırdı. Hazırda mərkəzin əsas məqsədi ağır xəstələrin müalicəsinə dəstəkdir.
“Həblər”. 2011-ci ildə könüllülərin təsis etdiyi xeyriyyə fondudur. Fond onkoloji xəstə uşaqlara ünvanlı psixoloji və palliativ yardım göstərir və Ukrayna ərazisindəki 17 onkologiya şöbəsinin zəruri dərmanlarla təchizatına davamlı kömək edir. Fonddan ümumilikdə 3 min uşaq 158 milyon qrivnalıq (6 milyon ABŞ dollarına yaxın) yardım alıb. Könüllülərin vəsaitin toplanmasında böyük rolu var. Məsələn, 3 ildə onlar xeyriyyə marafonlarında fond üçün 1,75 milyon qrivna vəsait toplayıblar.
“Açıq əllər”. Ağır, habelə müalicəsi mümkün olmayan xəstəliklərə düçar olmuş uşaqlara və böyüklərə kömək edən xeyriyyə fondudur. Fondun prioritet istiqamətləri tənəffüs və oksigen çatışmazlığından əziyyət çəkən xəstələrdir.
“Donor UA”. Pulsuz qan donorluğuna yardım etmək üçün donorların seçilməsi və əlaqələndirilməsi üzrə layihədir. Onu Gənc Donorlar Assosiasiyası qeyri-hökumət təşkilatı “DevRain” informasiya texnologiyaları şirkətinin əməkdaşlığı ilə yaradıb.
GoGlobal. Ukraynada xarici dillərin öyrənilməsinə və könüllülük işinə, mədəniyyətlərarası dialoq və ictimai diplomatiyaya yardım layihəsidir. Onun ən böyük işi ukraynalı və əcnəbi könüllüləri ingilis dili düşərgələrinə cəlb etməsidir.
2014-cü ilin dekabrında “GfK Ukraine” şirkəti BMT-nin sifarişi ilə ölkədə könüllülük fəaliyyətini araşdırıb. Nəticələrə görə, ukraynalıların 23%-nin könüllülük fəaliyyətində təcrübəsi var. 2018-ci ilin fevralında “Corestone Group” və “GfK Ukraine” şirkətləri yeni tədqiqat aparıblar. Hesabata əsasən, Ukrayna əhalisinin 15%-i könüllülər hərəkatına cəlb edilib. Könüllülər daha çox həssas qruplara və orduya yardımlar göstərirlər.
Ukraynanın təbiəti də diqqətsiz qalmır. Könüllülər Kiyevdə, Vinnitsada və digər şəhərlərdə kiçik çayları canlandırır; Karpat dağlarını qanunsuz ağackəsmələrdən və meşələrin məhvindən xilas etmək üçün mübarizə aparır; Dnepr və Dnestr çaylarında balıq yetişdirir; təbii xəz istehsalına qarşı etirazlar təşkil edir; təkrar emal plastik məmulat, kağız və şüşə toplayırlar.
Ukraynada könüllülər hərəkatı elə geniş vüsət alıb ki, 2014-cü ilin noyabrında “Avromaydan SOS” İctimai Birliyi eyniadlı mükafat təsis edib. Hər il təsisçilər könüllü fəalları toplayıb mükafatlandırır, onlara layihələri haqda danışmaq, vacib məsələlərə diqqət çəkmək və milyonlarla ukraynalını könüllülüyə həvəsləndirmək imkanı verirlər.
Ukraynada könüllülük daha çox inkişaf, təmas, təsir, yeni biliklərin qazanılması, tanışlıq və yenilik vasitəsi kimi qəbul olunur. Bu, Ukraynanı insan hüquqları və dəyərlərini müdafiə edən hüquqi, yüksək texnologiyalı və güclü ölkəyə çevirmək üsuludur. Onun məqsədi Ukraynanı həqiqətən Avropa ölkəsi etməkdir.
Tatyana Matıçak,
“UkraineWorld”un jurnalist və eksperti
Məqalə ilk dəfə “UkraineWorld”da dərc olunub.