Nərgiz Qazi
BMT-nin Helsinqborq (İsveç) şəhər nümayəndəliyinin sədri,
Lund Universitetinin tələbəsi
Plutarxın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”.
Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır.
İnsan şüurunu aydınladansa bilikdir. Biliklərə yol mütaliədən keçər. Etiraf edək, insanlarımız az mütaliə edir.
Aydınlanmaq – bilgilənmək bütün zamanların hökmü olub. Hazırkı internet əsrində xüsusən.
***
Qonşu Ermənistanda son demokratik gəlişmələrin səbəblərindən biri də, şübhəsiz, bu ölkənin bilgilərə açıq olmasıdır. Məlumatlanmanın, öyrənmənin yeni yollarını axtarır, hər fürsətdən yararlanırlar.
O gün Birləşmiş Millətlər Təşkilatının statistikaları ilə tanış olanda duruxdum qaldım. Bir neçə ildir BMT Ermənistana demokratik bilik və bacarıqları aşılamaq, təhsilin inkişafına kömək etmək üçün könüllülər, praktikantlar göndərir. Bənzər proqramlar Gürcüstanda hələ xeyli əvvəldən həyata keçirilir. Bunları biləndə belə proqramlar Azərbaycanda niyə gerçəkləşmir deyə pərtlik yaşadım.
BMT-nin elanlarına İsveç gəncləri çox maraq göstərirlər. Ermənistan – xüsusilə inqilabdan sonra – gənc könüllülərin maraq çevrəsinə düşüb. Səbəb orda biliyə və təhsilə önəmin verilməsi, cəlbedici imic və tələbatın olmasıdır.
Bir gürcü tanışım danışırdı ki, ABŞ-ın “Sülh korpusu” (Peace Corps) öz könüllülərini prezident Saakaşvilinin çağırışı ilə həvəslə Gürcüstana göndərirmiş. Yüzlərlə amerikalı gənc ucqar kənd məktəblərində belə şagirdlərə ingilis dili öyrədirmiş.
Bizdə isə oxuyuram ki, məşhur Massaçusets Texnologiya İnstitutu daxil dünyanın neçə tanınmış universitetinə qəbul olan Yasin Qarayevin Meksikada keçirilən beynəlxalq robotexnika yarışmasına qatılması üçün müraciətinə bizim nazirliyimiz rədd cavabı veribmiş.
Elm və təhsilə qayğı bir ölkənin gələcəyi üçün ən önəmli şərtdir. Mustafa Kamal Atatürk də “Həyatda ən həqiqi mürşid elmdir” demişdi. Bizim cümhuriyyətçi babalarımız da bunu dərk edirdilər deyə yeni yaranan dövlətin maddi imkansızlığına baxmayaq, 100 seçmə tələbəni xarici universitetlərə təhsil dalınca göndərmişdilər. Maraqlıdır, bəs neft kapitalının zənginləşdirdiyi bu günün Azərbaycanı nə üçün dövlət hesabına xaricdə təhsil proqramını dayandırdı?
Yüksək keyfiyyətli təhsil azad düşüncəyə açılan üfüqdür! Bəlkə azad düşüncələrdən qorxuruq?
Biz sanki zaman boşluğuna düşmüşük və kiminsə bizi oradan çıxaracağını gözləyirik. Amma bizi bu boşluqdan heç kim çıxarası deyil, özümüzdən savayı.
Keçmişimizlə fəxr edirik. Lakin gələcək keçmişə qapanaraq qurulmur.
Çingiz xanın Çin səddi qarşısında söylədiyi “Bu divarın gücü, onu tikən insanların ürəyi qədərdir” fikrini əsrlər sonra Viktor Huqo “Zamanı gələn bir düşüncənin gücünə heç bir ordu qarşı dura bilməz” deyərək tamamlamışdı.
Zaman yeniliklərdən qorxmayan, bilgilərə açıq, azad düşünən gənclərə mühit yaradılmasını, meydan verilməsini tələb edir.
Gələcək onsuz da gəncliyindir! Xoşbəxt gələcəyi isə yalnız azad düşüncəli insanlar qura bilər!