Emin Hüseynzadə
“Feysbuk”da bir “barışmazlar” qrupu var, müxtəlif dəyərlərin müdafiəçisidirlər. Bu dəyərləri müdafiə etməkləri adi məsələdir, amma son bir il ərzində onlar barışmaz müdafiəçilikdən hücumçuya çevriliblər. Bu keçid radikallığın artmasının göstəricisidir. Hansısa sahədə hər şeyin pis olduğunu deməyə və öz “dəyərlərini” hamıdan “müdafiə etməyə”, dəyərlərinin başqaları tərəfindən fərqli dəyərləndirilməsi zamanı isə hücum etməyə özlərini börclu bilirlər.
Barışmaz feministlər kişilərin qadın haqda hər sözünə qıcıqlanır və hücuma keçirlər. Onları müxtəlif manipulyasiyalarla susmağa və ən əsası (!) bu mövzuya bir daha toxunmamağa vadar edirlər.
Digərləri dini qrupları lağa qoyur, onların ayinlərini mənfi formada göstərir, kimsə səsini çıxaranda müxtəlif sözlərlə eyni nəticəyə – danışanı həmişəlik susdurmağa çalışırlar. Ekologiyadan, küçə itlərindən, pozğun həyat tərzindən, həkimlərdən, müəllimlərdən danışanda belə qruplar mütləq ortaya çıxır.
Ümumi nəticə cəmiyyətin susması olur. Zəhlətökən hücumlardan cana doymuşlar və bu “fikir müharibəsini” görənlər müəyyən mövzulara toxunmadan keçirlər, üstəlik, gələcəkdə də o mövzularda onlayn müzakirələr açmır, açılanlara da qoşulmurlar. Beləliklə, bu “barışmazların” xüsusi fəaliyyəti nəticəsində özünüsenzuranın yeni forması ortaya çıxır.
Radikal adlandırdığım “barışmazlar” çox vaxt eyni təfəkkürlü, bəzən də eyni adamlardır. İstifadəçilərə ismarışları da eynidir: “bizim bir dəyərimizi qəbul edirsənsə, digər dəyərlərimizi də mütləq şəkildə qəbul etməlisən, yoxsa… Yoxsa səni geridə qalmış, elmsiz, vəhşi və s. adlandıracağıq”. Və adlandırırlar da!
“Barışmazların” fəaliyyətinin nəticəsində onların baxış bucağı ilə razılaşmayanlar yoxa çıxmır, real həyatda movcudluqlarını davam etdirirlər, sadəcə onlayn müzakirələrdən kənarda qalırlar. Bildiyimiz kimi, real həyatda dəyişikliklər rəqəmsal yaşamdan min dəfə vacibdir, çünki insanlar virtualda deyil, Yer planetində yaşayırlar.
Amma rəqəmsal dünyada da bəzi məsələləri müxtəlif insanlara davamlı şəkildə, gərəkdirsə, hər gün çatdırmalıyıq. Bildirməliyik ki, hər kəsin öz dəyərləri ola bilər, ancaq bu dəyərlərlə razılaşmamaq da hər kəsin haqqıdır. Elmi sübutlardan danışanlar bilməlidir ki, elmi sübutlarla razılaşmamaq da hər kəsin hüququdur! İnsanların bu hüququnu tanımamaq kökündən səhvdir. Tarixi perspektivdən baxıldıqda, hətta elmin yanaşmaları və ya ayrı-ayrı alimlərin fikirləri dəqiqlik demək deyil. 20-ci əsrin ortalarında meydana çıxan bəzi elmi nəzəriyyələr 21-ci əsrdə təkzib olunub. Eləcə də hansısa “dəyərlər” cəmi 5-6 il bundan əvvəl normal görünürdüsə, indi sual altına alınır. Yəni istənilən məsələni sorğulamaq, sual işarəsi qoymaq, razılaşmamaq normal haqdır və bunu təbliğ etmək lazımdır. “Dəyərin” hansısa ölkə, qurum, birlik və hətta BMT tərəfindən indi qəbul olunması heç də yüz faiz dəqiqliyə dəlalət etmir.
Müsbət dəyişikliklər aparmaq istəyənlərin özləri dünənə qədər qarşı çıxdıqları, səhv bildikləri şeyləri indi öz alətlərinə çevirməkdədirlər. Bax bu, son ilin ən təhlükəli istiqamətidir. Radikallıq müsbət nəticə vermir, sadəcə eşidilməyən sözlər, dinlənilməyən adamlar və ortadakı aqressiya qalır.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi