Ukraynada seçki dövrüdür. 38 nəfərin yarışdığı birinci turu iki namizəd dəf edib: hazırkı prezident Pyotr Poroşenko və ilk dəfə namizəd olan yumorist Vladimir Zelenski. Sabiq baş nazir Yuliya Timoşenko üçüncü olub. Onların xarici siyasət kurslarında nələr var?
Zelenski: NATO və Putinlə razılıq axtarışında
Zelenski öz siyasi proqramında bildirir ki, NATO və digər müdafiə ittifaqlarına doğru irəliləyiş ölkənin təhlükəsizliyi üçün mühüm şərtdir, amma bu, referendum predmeti olmalıdır.
Bu sözün özü (“digər müdafiə ittifaqları”) və referendum keçirmək öhdəliyinin olmaması faktı çoxlarını narahat edir və belə fikir yaradır ki, Zelenski xarici siyasətə rəhbərlik etmək iqtidarında deyil, onun müdafiə siyasətində dəqiq xətti yoxdur.
Zelenski siyasi proqramdan savayı heç nə demir. O demək olar ki, müsahibə vermir, verdiyi açıqlamalarda da inam yaratmır. Ötən ilin dekabrında jurnalist Dmitri Qordonun verilişində Zelenski “NATO nə deməkdir” sualı verdi: “Mənim NATO ilə bağlı sualım var. Bu nədir? Bizi təcavüzkardan müdafiə edən hərbi qüvvədirmi?”
Zelenski həmçinin deyir ki, ehtiyac yaransa, NATO ilə razılıq əldə olunacaq. O bununla Ukraynanın alyansa inteqrasiyasını təmin edəcəyini nəzərdə tutur.
Elə həmin müsahibəsində Zelenski dedi ki, Donbasda müharibəni bitirmək istəyir, prezident Vladimir Putinlə və Kremlin digər rəhbərləri ilə birbaşa danışıqlar aparmağa hazırdır. Sonradan Kiyevdə Avropa İttifaqının səfirləri ilə görüşündə prezidentliyə namizəd belə danışıqlar aparmağa hazır olduğunu təsdiqlədi.
Zelenski Avropa İttifaqı ilə münasibətlərlə bağlı qeyri-müəyyən fikirlər söyləyir. Poroşenkonun Avropa İttifaqına inteqrasiya siyasətini dolayı tənqid edərək “dəvət olmadan harasa getmək” istəmir. Şoumen qeyd edir ki, müvəqqəti zəbt olunmuş torpaqları qaytarmaq və təcavüzkarı vurduğu ziyanlara görə kompensasiya ödəməyə məcbur etmək ümidi ilə Budapeşt bəyannaməsinin qarantlarının və Avropa İttifaqı tərəfdaşlarının dəstəyini əldə etməyə çalışacaq.
Prezident yarışmasının liderinin xarici siyasətdəki fikirləri və hökmləri sadəlövh ola bilər. Bu onun prezidentliyi üçün riskli faktordur. Ölkə hələ də hərbi təcavüzlə mübarizə aparır və Zelenskinin həm daxili, həm xarici manipulyasiyanın qurbanı olmaq ehtimalı var. Amma o, komandasına ağır çəkili xarici siyasətçiləri gətirə bilsə, vəziyyət dəyişə də bilər.
Timoşenko: “Budapeşt+” formatı və Minsk razılaşmasının tənqidi
Timoşenkonun seçkiqabağı “Ukraynanın yeni kursu” proqramı genişdir, amma o, xarici siyasət barədə konkret danışır.
Zelenski kimi Timoşenko da sülh axtarışı baxımından Budapeşt bəyannaməsini xatırladır, ancaq onu genişləndirmək istəyir. Ötən ilin oktyabrında Timoşenko Donbasda sülh və Krımın qaytarılması prosesinin yeni siyasi və diplomatik formatına çağırış etdi, bunu “Budapeşt+” adlandırdı. Timoşenko sənədə imza atan ölkələrdən başqa Fransa, Çin və Almaniyanı danışıqlara cəlb etmək istəyir. O əsasən Almaniyanın iştirakını vacib sayır, çünki bu ölkə və şəxsən kansler Angela Merkel müharibəni dayandırmaq üçün böyük səy göstərib.
Timoşenkonun Minsk sazişi ilə bağlı bəyanatları çox ziddiyyətlidir. O, danışıqların Minsk prosesi çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayır və eyni zamanda Minsk razılaşmasını “Ukrayna xalqına arxadan zərbə” kimi tənqid edir.
NATO-ya daxil olmaq planlarına gəlincə, Timoşenko alyansa Rusiyadan müdafiə aləti kimi baxır: “Bundan (NATO-ya üzvlükdən) başqa müdafiə yoxdur”.
Timoşenkonun proqramında Avropa İttifaqı və NATO ilə bağlı planlar ətraflı şərh olunmur. Amma o bildirmişdi ki, hərbi baxımdan Ukrayna davam edən müharibə ilə üzü-üzə qala bilməz, ona görə də NATO-ya üzvlük vacibdir: “Ukrayna Avropa İttifaqı və NATO-da olacaq və növbəti prezident bunu edəcək”.
Timoşenko 2018-ci ildə Ukraynanı Avropa-Qərb sivilizasiyasının bir hissəsi kimi xarakterizə edərək demişdi ki, ukraynalılar Avropa İttifaqına daxil olmaq üçün çoxdan müraciət ediblər.
Amma Timoşenkonun “Avroatlantik səmimiyyətinə” bəzi şübhələr qalır. Ukrayna hələ də onun Rusiya ilə qaz müqaviləsini, Putinlə görüş zamanı Qərbyönlü prezident Viktor Yuşşenkoya istehzasını və 2007-2008-ci illərdə NATO-ya inteqrasiya siyasətini irəli aparmamasını xatırlayır.
Poroşenko: Avropa İttifaqı və NATO-ya üzvlük Ukraynanın müstəqilliyini təmin edəcək
Zelenski və Timoşenkodan fərqli olaraq Poroşenkonun təhlükəsizlik və xarici siyasət kursu birmənalıdır. Poroşenko seçki kampaniyasının lap əvvəlində bəyan etdi ki, məqsəd Avropa İttifaqı və NATO-ya üzv olmaqdır.
O, NATO-ya üzv olmaq üçün tədbirlər planı hazırlayıb həyata keçirməyə söz verir. Hazırkı prezident Avropa İttifaqına və NATO-ya üzvlüyü yüksək həyat səviyyəsi, iqtisadi inkişaf, qanunun aliliyi, ölkənin təhlükəsizliyi və bir çox məsələlərə təminat aləti kimi görür.
Poroşenkonun xarici siyasət sahəsində verdiyi bəyanatlardan bəzisi həyata keçməyə bilər. O, 2023-cü ildə Avropa İttifaqına üzv olmaq üçün ərizə verəcəyini vəd edir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Poroşenkonun bu bəyanatına belə cavab verdi: “2024-cü ildə nə baş verəcəyini şərh etməyəcəm, amma bizim daha yaxın vaxtda həll olunası vəzifələrimiz var və onları yerinə yetirmək mümkündür”.
Ümumilikdə seçkiqabağı proqramdan savayı Poroşenko öz prezidentliyi dövründə Avroatlantik inteqrasiyanı fəal şəkildə irəli apardı. O, Avropa İttifaqı ilə assosiasiya sazişi və azad ticarət sazişi imzaladı, Avropa İttifaqı ilə vizasız rejimə nail oldu, Ali Radanın dəstəyi ilə Ukrayna Konstitusiyasına düzəlişlər edərək Avropa İttifaqı və NATO kursunu möhkəmləndirdi.
İslahatlar proqramını tam yerinə yetirmədiyinə, müttəfiq seçiminə və köhnə, Maydana qədərki rejim metodlarını tətbiq etdiyinə görə Poroşenkonu tənqid etmək olar, amma o, Ukraynanın Avropa İttifaqına inteqrasiyasının sürətlənməsi üçün real səylər göstərdi.
Konstantin Romaşka,
“İnternews Ukraine” və “UkraineWorld”un ekspert-jurnalisti
Məqalə ilk dəfə “Atlantic Council” və “UkraineWorld”da dərc olunub.