Böhtan, təhqirə görə məsuliyyət və prezidentin fərmanı
- 09 Aprel 2019
- comments
- Novator.az
- Posted in AktualAnalizManşet
Xalid Ağalıyev
media hüquqçusu
Azərbaycan prezidenti aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı. Həmin fərmanla Ədliyyə Nazirliyinə tapşırılıb ki, cinayətlərin dekriminallaşdırılması ilə bağlı üç ay müddətinə təklif hazırlayıb, təqdim etsin.
Cinayətlərin dekriminallaşdırılması dedikdə, ilk yadımıza düşən böhtan və təhqirə görə mülki məsuliyyətin müəyyən edilməsi ilə bağlı Azərbaycanda illərdir davam edən müzakirələrdir. Məsələ Azərbaycanın Avropa Şurasına qəbul edildiyi günlərdən gündəmdədir. Böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləgvi mövzusu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən doğur. Avropa İnsan Hüququları Məhkəməsi ifadə azadlığı hüququ ilə bağlı Azərbaycana qarşı bir neçə qərar da çıxarıb. Böhtan və təhqirə görə mülki məsuliyyətin müəyyən edilməsinin vacibliyi bu qərarların məzmununda da ifadə edilir. Ən başlıcası, böhtan və təhqirə görə cinayət məsuliyyətinin mövcud olması ifadə azadlığı hüququnun təmin olunması baxımından problemlər doğurur. Bu, ifadə azadlığı hüququndan geniş yararlananlar – jurnalistlər, müxalif görüşlü siyasi fəallar üçün davamlı olaraq qorxu effekti yaradır. Dəyişiklik zərurəti ən çox elə bu məqamdan doğur.
Gerçəklik budur ki, mövzu 20 ilə yaxındır müzakirə olunsa da, məsələ çözülməmiş qalır.
İndiyədək azı beş cəhd olub
Böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvi məsələsi 2000-ci illərin əvvəllərindən bu sahədə çalışan vətəndaş cəmiyyəti qurumlarının, əlaqəli rəsmi qurumların diqqətində olub. İndiyə kimi vətəndaş cəmiyyəti qurumları və digər subyektlər azı beş dəfə böhtan və təhqirə görə məsuliyyətin dekriminallaşdırılması üçün qanun layihəsi ilə çıxış edib.
Təkcə Media Hüququ İnstitutu böhtan və təhqirə görə məsuliyyət məsələsini ehtiva edən iki qanun layihəsi hazırlayıb. 2007-2014-cü il aralığında hazırlanmış həmin layihələr deputatlara, parlamentə, əlaqəli qurumlara təqdim edilib. Təkliflərdən biri böhtan və təhqirə görə cinayət məsuliyyətinin ümumiyyətlə ləğv edilməsini, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin məcəllədən çıxarılmasını nəzərdə tuturdu. Həmin təklif paketinə “Defamasiya haqqında” qanun layihəsi də hazırlanıb daxil edilmişdi. Layihə böhtan və təhqirə görə məsuliyyət müəyyən edən maddələr məcəllədən çıxarılandan sonra bu kontekstdə mübahisələrin necə həll edilməli olduğu barədə idi.
Fərqli zamanlarda hazırlanmış digər qanun layihəsində isə Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələrinin məzmununun dəyişdirilməsi təklif edilirdi. Təklifdə bu əməllərə görə azadlıqdan məhrumetmə cəzasının ləğvi, maddələrin sanksiya hissəsindəki digər cinayət cəzalarının saxlanılması istənilirdi.
Media Hüququ İnstitutu qeyd edilən təkliflərdən əlavə vətəndaş cəmiyyəti qurumları ilə birlikdə iki qanun layihəsinin hazırlanmasında da iştirak etmişdi. Həmin layihə təkliflərinin məzmunu da eyni idi – böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğv olunması, bu kontekstdə mübahisələrin mülki hüquqi müstəvidə tənzimlənməsi.
Böhtan və təhqirə görə məsuliyyət məsələsini sonuncu dəfə Mətbuat Şurası gündəmə gətirmişdi. Şura 2012-2013-cü illərdə Avropa Şurası ilə birlikdə qanun layihəsi hazırlamış, parlamentə təqdim etmişdi.
Bəhs etdiyimiz bütün layihə təklifləri ictimai müzakirələr süzgəcindən keçmiş, müzakirələrdə əlaqəli tərəflər, o cümlədən hökumət rəsmiləri təmsil olunmuşdu.
Təəssüflər olsun ki, hökumət təkliflərə pozitiv cavab vermədi. Dedi ki, Azərbaycan cəmiyyəti qanunvericiliyə təklif olunan bu dəyişikliklərə hələ hazır deyil. Hökumətin bu mövqeyi ifadə etməsindən 5 ilə yaxın zaman keçib. Bu müddətdə mövzu demək olar ki, təkrar müzakirəyə çıxarılmayıb.
Nələri dəyişmək lazımdır?
Azərbaycan prezidenti bir neçə gün əvvəl “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzaladı. Fərmanın 2-ci hissəsi böhtan və təhqirə görə məsuliyyətin dekriminallaşdırılması mövzusunu yenidən gündəmə gətirməyə və məsələyə birdəfəlik nöqtə qoymağa imkan yaradır. Fərmanda yazılır ki, cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlər davam etdirilməli, Ədliyyə Nazirliyi müvafiq qanun layihələri hazırlayıb üç ay müddətinə ölkə başçısına təqdim etməlidir.
Böhtan və təhqirlə bağlı məsuliyyətin yenilənməsi ictimai tələbatdır. Bunu Avropa Şurası qarşısındakı öhdəliklər, Avropa Məhkəməsinin uyğun presedent hüququ da zəruri edir. Bu kontekstdə nələri dəyişmək zəruridir?
Azərbaycanın Cinayət Məcəlləsi böhtan və təhqirlə əlaqəli üç əməli tənzimləyir. Məcəllənin üç maddəsi bu mövzu ilə əlaqəlidir. Məcəllənin 147 və 148-ci (habelə 148.1-ci maddə) maddələri mediada (habelə internetdə) böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu maddələrə görə, ən yüngül cəza 1000 manatdan 1500 manata qədər cərimədir. Ən ağır cəza isə 3 ilədək müddətə azadlıqdan məhrumetmədir. Bundan əlavə, Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycanın dövlət başçısına yönəlik ləkələyici ifadələrin yayılması məsələsini düzənləyir. Həmin maddədə ən yüngül cəza 2 ilədək müddətə islah işləri, ən ağır cəza isə 5 ilədək müddətə azadlıqdan məhrumetmədir.
Bunlar davamlı tətbiq edilən maddələr deyil. Böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan maddələr 2011-2015-ci illərdə demək olar ki, tətbiq edilməmişdi. Ondan sonrakı illərdə isə əsasən onlayn media təmsilçilərinə qarşı tətbiq edilib. Ölkə başçısının ləkələyici ifadələrdən qorunmasını nəzərdə tutan maddə isə demək olar ki, ümumiyyətlə tətbiq edilmir, “ölü maddə”yə çevrilib.
Böhtan və təhqirdən, ölkə başçısının ləkələyici ifadələrdən cinayət qanunvericiliyi vasitəsilə qorunması təcrübəsi Avropa Şurasına daxil olan bəzi ölkələrdə də var. Amma Avropa Şurası ölkələrinin bir çoxu belə qanunlardan tamamilə imtina edib. Bir sıra ölkələrin qanununda belə maddələr qalsa da, on illərdir istifadə olunmadığına görə “ölü maddələr”ə çevrilib.
Cinayət Məcəlləsinin barəsində danışdığımız maddələrinin ləgv edilməsi, ən azı hər hansı formada yenilənməsi zəruridir. Yazının əvvəlində də vurğuladığımız kimi, bu, təkcə Azərbaycanın öhdəlikləri ilə bağlı məsələ deyil. İfadə azadlığı hüququ çox vacib hüquqdur, bu hüququn təmin olunması demokratik cəmiyyətin, ölkə quruculuğunun qaçılmaz şərtidir. Bu hüquq təmin olunmayanda başqa fundamental haqların təmin edilməsi də mümkünsüzdür. Deməli, bəhs etdiyimiz sahədə islahatın aparılması ən başlıcası bizim özümüzə lazımdır.
Müəllifin başqa yazıları:
Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?
Jurnalistlərin işi: dövlət əleyhinə çağırış, yoxsa xəbər, mülahizə?