Elmar Məmmədyarov: “Çətinliklərimiz də var”
- 04 Aprel 2019
- comments
- Novator.az
- Posted in Xəbər
Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-ü Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında çıxış edib. O deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli saziş layihəsi üzrə planların müzakirəsinə ehtiyac var: “İnanıram ki, danışıqları yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda biz danışıqları onun hər üç hissəsi üzrə sinxronlaşdırmağa müvəffəq olmuşuq. Artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız var.
Biz dialoqumuzun strateji əhəmiyyət kəsb edən məsələlərini də əhatə edəcəyik. Bu, enerji və nəqliyyatla bağlı məsələlərdir. Azərbaycan regionda və kənarda bir sıra əlaqələndirmə layihəsinin təşəbbüskarı kimi çıxış edir. Bütün bunların məqsədi ticarət kanalları şəbəkəsi yaratmaq və regionda siyasi və iqtisadi sabitlik və rifahı təmin etməkdir.
Biz Avropa İttifaqı ilə nəqliyyat sahəsində ayrıca dialoqa başlamışıq. Həmçinin vahid aviasiya üzrə sazişlə bağlı danışıqlar aparırıq. Azərbaycandan Avropa İttifaqı bazarına daha çox təbii qazın çatdırılmasını mümkün edəcək Cənub Qaz Dəhlizinin tikintisini yekunlaşdırırıq.
Çətinliklərimiz də var. Buna görə də təhlükəsizlik dialoqunu başlatmışıq. Biz təhlükəsizlik, terrorizm və ekstremizmə qarşı mübarizə və digər bir çox məsələdə oxşar təsəvvürlə tərəfdaşlığımızı siyasi baxımdan necə dəstəkləyəcəyimizi görmək istəyirik. Qeyri-qanuni miqrasiya ilə birlikdə bu məsələlər hamımız üçün ciddi narahatlıq doğura bilər.
Xüsusilə nəzərə çatdırmaq istərdim ki, beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılması istiqamətində müvəffəqiyyətsizlik, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsir olunması və selektiv tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur. Avropa İttifaqı qonşuluq siyasətini inkişaf etdirirsə, bu işə siyasi və maliyyə baxımından bu qədər çox sərmayə qoyursa, onda qaydalara əsaslanan bir yanaşma olmalıdır”.