Rövşən Ağayev
Azərbaycana böyük neft pullarının gəlməyə başladığı son 13 ildə (2005-2018-ci illər) ölkə iqtisadiyyatı real olaraq cəmi 2,3 dəfə böyüyüb. İqtisadiyyata yönəldilən resursların (200 milyard dollardan artıq) müqabilində bunu ciddi böyümə saymaq olarmı? Hər 10 dollar ən yaxşı halda 1 dollar milli gəlir yaradırsa, gizli iqtisadiyyat rəsmi iqtisadiyyatdan daha sürətlə böyüyürsə, iqtisadi sistemin nə dərəcədə effektiv çalışdığını dartışmağa ehtiyac var.
Real böyümə iqtisadiyyatın zənginləşmə səviyyəsini göstərir. Daha aydın mənzərə ev təsərrüfatı ilə müqayisədə yaranır. İxtiyari bir ailənin 2005-ci ildə 50 min dollar dəyərində bir mənzili və avtomobili vardı, bu gün həmin ailə 100 min dollarlıq sərvətə malikdir. İlk baxışdan ciddi böyümə kimi görünə bilər, çünki ailə öz sərvətini 2 dəfə artırıb. Amma onu da təsəvvür edin ki, 13 il ərzində həmin ailənin sərəncamından ən müxtəlif mənbələrdən (kredit, dost yardımı və s. formasında) sərmayə kimi azı 500-600 min dollar gəlib-keçib. Bu qədər geniş investisiya imkanları müqabilində ailə öz sərvətini cəmi 2 dəfə artıra bilib.
Azərbaycan iqtisadiyyatının real böyümə tempi ilə ən zəngin 10%-lik əhali qrupunun varlanma tempini müqayisə etmək də çox maraqlı olardı. Təəssüf ki, etibarlı və əhatəli milli statistika yoxdur. Nəzəri olaraq bu fərqi Mərkəzi Bankın pulkəsmə sürətinə nəzərən təsəvvür edə bilirəm: 2005-2018-ci illərdə Mərkəzi Bankın çap maşını hesabına iqtisadiyyata daxil olan pul kütləsinin həcmi 11 dəfə artıb. Bu qədər monetar genişlənmə milli iqtisadiyyatı real olaraq cəmi 2,3 dəfə, nominal olaraq 6,5 dəfə böyüdə bilib. Nominal böyüməyə baxdıqda çap maşınının sürətinin iqtisadiyyatın qiymət miqyasının sürətini az qala 2 dəfə arxada qoyduğunu görürük. Ən üst təpədəki zənginlərin varlanma sürətini də həmin çap maşının sürətinə yaxın təsəvvür edin. Monetar siyasət milli iqtisadiyyatdan çox onların işinə yarayıb…