Emin Hüseynzadə
“Bölgələrdən niyə xəbər yoxdur?” deyənlərə kiçik səyahət təklif edirəm. İstənilən rayona gedin və jurnalist olduğunuzu deyin. Bazarda, çayxanada, görüşdə, yolu soraqlayanda… Xəbər qıtlığının, ya da yalnız bəzi bölgələrdən xəbər almağınızın səbəbini onda biləcəksiniz.
Ölkəmizin xeyli bölgəsi var ki, ordan ildə bir dəfə də olsun məlumat, xəbər verilmir, hər hansı hadisə haqda eşitmirik. Digərlərində 3-4 aydan bir hansısa inəyin ikibaşlı bala doğması barədə xəbər görə bilərik. Bəzən belə əcaib şeylərdən başqa hadisələrin də olduğunu eşidəndə təəccüblənirik. İnəklər haqda xəbər verənlər özlərinə jurnalist deyən yaşlanmış və sözün düzü, əlindən bundan artıq iş gəlməyənlərdir. Onlardan başqa heç nə gözləmək də olmaz…
Xəbəri heç gəlməyənlər isə lap qəribə bölgələrdir. Belə bölgələrdə jurnalistə nə az, nə çox, casus kimi baxırlar. Sanki bütün rayon hansısa gizli hərbi zavodda işləyir, burda hamı bir-birini tanımalı və kənara məlumat verməməlidir. Kartofa qurd düşməsi də hərbi sirr sayılır. Kənddə asfalt örtüyünün olmamasını demək isə vətənə xəyanət kimi qiymətləndirilir. Bu cür şəraitdə hamı casus axtarışında olur. Casus gəlsə, ona bütün mümkün əzabları vermək və “gizli hərbi zavoddan” çıxarmaq birinci, ümdə vəzifədir.
Belə də edirlər. Ona görə də bu bölgələr illərlə dəyişmədən, inkişaf etmədən, bəy tərifi deməklə yaşayır. Birdən hansısa jurnalist olanları açıqlayanda şoka düşürlər və… alqışlayırlar. Çünki bu bölgələrdə problemlər başqa bölgələrdəkindən dəfələrlə çoxdur. Maraqlı, bəzən fəxr ediləcək hadisə də boldur, amma danışa bilən, olanları nağıla və dastana çevirə biləcək adamları yoxdur. Hamısını casus adı ilə sıradan çıxarıblar.
Bu durumu necə dəyişmək olar? İdarələrdə oturanları danışmağa öyrətməklə. Sadə səslənsə də, idarə rəisləri, müdirlər, şöbə idarəçiləri iki cümləni bir-birinin ardına qoşub deyə bilmirlər. Qışqırmaq, səs-küy salmaq, başqa bacarıqları da var, amma mikrofonu uzadıb söz istəsəniz bağça uşaqları kimi əzbərlədiklərindən başqa heç nə deyə bilməyəcəklər. Utandıqlarından söz istəyənləri uzaqlaşdıracaqlar.
Danışmağı öyrətmək. Bunu idarəçinin üzərinə məsuliyyət kimi qoymaq lazımdır. Təkcə çıxış eləmək deyil, suallara cavab verməyi vəzifə borcu kimi öyrənməlidirlər. Evdə uşaqları sual verəndə hirslənən kişilər, avtomobil sürəndə piyadaya çımxıran əmilər danışmağı da öyrənməlidirlər.
Ümumiyyətlə, danışmağı, rahat danışmağı bacarmamaq sovet dövründən qalma xəstəlikdir. Danışmaqdansa susmağı üstün tutan Stalin dövrünün nəsli bu adəti uşaqlarına da keçirib. Elə o vaxtdan repressiya qorxusu olmasa belə danışmamaq adəti qalıb, üstəlik, çiçəklənib. İndi həmin çiçəklərdən əmələ gələn meyvələrin nəticələrini görürük. Amma susqun ağacları danışdırmayanda başqaları ilə əvəzləmək lazımdır. Bu, birinci növbədə yalnız neqativ xəbərlərin yayılmasının qarşısını almağa kömək edəcək, istənilən fövqəladə hal zamanı medianı daha məsuliyyətli edəcək və problemi daha tez cilovlamağa yardım göstərəcək.
Hələliksə jurnalistlər casus, rəsmilər susqun, bölgələr problem prizmasından görünməkdədir.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?
Mediamızı idarə edən gözəgörünməzlərin adları
Azərbaycan mediasının bacarmadığını avtobus şirkəti etdi
Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı səbəbi və nəticəsi