Media, terror xəbərləri, etika
Xalid Ağalıyev
media hüquqçusu
Terror(izm) nədir?
İnsanlara inanılmaz təsir gücünə sahib olan media siyasi, iqtisadi, psixoloji, sosial faktorlarla birlikdə terrorizmin oturuşmasının əsas faktorlarından sayılır. Hələ 30 il öncə İngiltərənin baş naziri Marqaret Tetçer “Media terrorizmin oksigenidir” söyləmişdi.
“Terror” sözü latıncadan gəlmədir, qorxutmaq, dəhşətə gətirmək, təhdid etmək, talamaq mənalarını verir. Terrorçu sözü isə daha çox “siyasi bir görüşü qəbul etdirmək üçün qarşı tərəfi qorxudacaq, onların canını, malını ala bilən davranışlara hazır təhdidçi insan” mənasını ifadə edir.
Hüquq ədəbiyyatında “terror” və “terrorizm” anlayışları bir-birindən fərqləndirilir, terror haqda xəbər hazırlayan jurnalist də bu fərqləndirməni diqqətə almalı, bu anlayışların fərqlərini bilməlidir.
Terror qeyri-iradi olaraq da meydana çıxa bilər, məsələn, bir insan öz təşəbbüsü ilə toplumun diqqətini çəkmək üçün, yaxud özünə xəsarət yetirərkən istəmədən hansı formadasa dəhşətli, ölümlü olay törədə bilər. Bu zaman söhbət terrordan gedə bilər.
Terror sözü daha çox uzun sürən qorxulu vəziyyəti ifadə edərkən işlədilir. Terrorizm isə həmin dəhşətli, qorxulu durumun formalaşdırılmasını məqsəd seçən strategiyanı ifadə edir. Terrorizm ədəbiyyatda siyasi məqsədli hədəfləri əldə etmək üçün istifadə olunan, siyasi gündəmə önəmli təsir göstərmək məqsədi daşıyan zorakı cəhd kimi qəbul edilir.
Terrorizmi basqı altına alınan insanlar və təşkilatlar vasitəsilə, böyük kütləni qorxutmaqla, özünün siyasi və strateji məqsədlərini gerçəkləşdirmək üçün bir qrupun və ya bir dövlətin anlaqlı və planlı şəkildə güc tətbiq etməsi və ya güc tətbiq etməsi təhdidində bulunması formasında qəbul etmək lazımdır. Terror qarışıqlıq yaratmağın bir forması, terrorizm isə xaosun hökm sürdüyü cəmiyyəti hədəfləyən savaşın doktrinasıdır.
Terrorizmin məqsədləri
Hüquq ədəbiyyatında terror olaylarının məqsədləri geniş şəkildə sadalanır: hədəfə alınan rejimi və ya siyasi iqtidarı gözdən salmaq, mövcud idarəetməni sarsıtmaq, ictimai rəydə çaşqınlıq yaratmaq, daxildə və xaricdə özündən söz açdırmaq, toplumun müqavimət gücünü qırmaq, kütlələri itaətə məcbur etmək, məqsədlərinə çatdıqları cəmiyyətlərdə tərəfdar toplamaq, kütləvi dəstəyi təmin etmək və s.
Ümumi şəkildə ifadə edilsə terrorizmin məqsədini iki qrup təşkil edir: 1) zorakı yolla dövləti ələ keçirib rejimi dəyişdirmək; 2) bir ölkəni siyasi, iqtisadi, mədəni, hərbi baxımdan zəiflətmək.
Qeyd edilən məqsədlərə çatmaq üçün terrorizmin gerçəkləşdirmək istədiyi ilk iş hədəf qrupları arasında qorxu, ümidsizlik atmosferi yaratmaqdır.
Terrorçular üçün ən önəmli olanı öldürülən insanlar, dağıdılan binalar yox, insanların qətlə yetirilməsinin, binaların dağıdılmasının doğurduğu atmosferdir. Onlar üçün təşkil etdikləri əməliyyatların böyük-kiçikliyi yox, həmin əməliyyatların yaradacağı yanğı, doğuracağı qorxu mühiti daha ön plandadır. Bu səbəbdən terrorun qurbanları daha çox terrorçunun məqsədləri üçün əhəmiyyət daşıyan insanlar arasından seçilir.
Terrorun pöhrələməsində medianın rolu
Terror olaylarının pöhrələyib topluma təsir gücünün artmasında medianın olduqca böyük rolu var. Çünki insanları qorxutmaq, dəhşətli duruma salmaq məqsədi daşıyan olayları topluma çatdıran məhz mediadır. Ümumən hər bir təxribat nüanslı olayları kütlələrə təqdim etməyin ən effektli vasitəsi məhz media sayılır. Səsini kütləyə çatdırmaq istəyən hər kəs medianın imkanlarından istifadə etmək məcburiyyətindədir. Terror olaylarının əsas məqsədi də məhz səsini eşitdirməklə varlığını qəbul etdirməkdir.
Terror qrupları özlərini cəmiyyətə tanıtmaq üçün daim təxribat axtarışındadır. Həmin qrupları, onların ideyalarını gündəmə gətirə biləcək istənilən hərəkət onların maraq dairəsinə daxildir. Media bir terror olayına geniş yer verirsə, hər dəqiqəbaşı “terror oldu, yüzlərlə ölü var” başlığı ilə xəbər yayırsa, bir-birinin ardınca həmin olayı qınayan bəyanatları, açıqlamaları işıqlandırırsa, terror olayının məsuliyyətini üzərinə götürmüş terrorçu birləşmədən bəhs edirsə, deməli, terrorçular artıq məqsədlərinə yetişiblər – ictimai diqqəti məhz öz üzərlərinə çəkməyi, qorxu və dəhşət atmosferi yaratmağı bacarıblar.
Deməli, mediada işıqlandırılmayan, səs-küy oyatmayan terror olayı əsl məqsədinə çatmış sayıla bilməz. Qısaca, terror olayının terrorçular baxımından uğurlu olub-olmamasının əsas göstəricisi həmin olayın mediada necə işıqlandırılmasıdır.
Terrorizm-media münasibətlərini araşdıranda medianın vəzifə-məqsədləri ilə terrorun məqsədlərinin kəsişdiyi gerçəyi ilə qarşılaşırıq. Medianın təməl məqsədi gerçəkdən baş verənlərə ayna olmaq, baş verənləri cəmiyyətə çatdırmaq, insanları bilgiləndirməkdir. Terrorun təməl məqsədi isə həm də terror olayları ilə mediada yer almaq, səsini cəmiyyətə bu vasitə ilə çatdırmaqdır. Terrorçu toplumu qorxutmaqla öz məqsədlərinə yetişməyi, media baş verənləri cəmiyyətə çatdırmaq vəzifəsini düşünür. Mübahisə əsasən buradan doğur.
Media nə etməlidir – terrorizmə məqsədlərinə yetişməsi üçün yardımçımı olmalıdır, yoxsa baş verənlərə göz yumub öz təməl məqsədlərini unutmalıdır?..
Media hüquqçularının rəyi belədir ki, media öz məqsədlərini unutmamalıdır. Media ciddi terror olayını işıqlandırmaya bilməz. Hər şey medianın terror olayını necə təqdim etməsindən, hansı xəbər üslubunu seçməsindən, hətta xəbəri ictimaiyyətə çatdırarkən hansı sözlərdən istifadə etməsindən asılıdır.
Terrorizm və medianın kəsişən maraqları
Göründüyü kimi, terrorizmlə medianın kəsişən maraqları var. Bu kəsişmə nöqtəsinə media maraqları prizmasından yanaşsaq, medianın demokratiyanın əsas ünsürlərindən biri olduğunu, eyni zamanda iqtisadi qazanc axtaran sektor olduğunu görürük. Medianın iqtisadi maraqları tələb edir ki, toplumun diqqətini çəkə biləcək istənilən xəbəri gündəmə gətirsin, o cümlədən topluma olan təhlükələri əks etdirən terror xəbərlərinə də geniş yer versin.
Terrorizm-media əlaqələrinə terrorizm pəncərəsindən baxdıqda isə orda terrorizmin reklam və təxribat istəyinin dayandığını görürük. Reklamın və təxribatların ən uyğun yolu da məhz mediadan keçir. Faşizmin ideoloqlarından sayılan Georq Sorel 20-ci əsrin əvvəllərində deyirdi ki, bundan sonrakı dönəmdə dünyanın tək allahı qorxu olacaq, kütlələri qorxu altına salmaqla istənilən rejimi qurmaq mümkünləşəcək. Terrorizmin hədəfi də mediadan istifadə etməklə bir insanı öldürüb milyonları qorxu altına salmaqdır.
Qısa desək, məqsədlərinə yetişmək istəyən terrorizm mediadan maksimum yararlanmaq niyyətindədir. Əsas məqsədi cəmiyyəti bilgiləndirmək olan media da bəzən bilərəkdən, bəzən bilmədən, bəzənsə reytinq maraqları xatirinə terrorizmin bu niyyətinin həyata keçməsini təmin etmiş olur.
Terror xəbərlərinin ictimaiyyətə təqdim olunması – fayda və zərərlər
Terror olaylarının mediada geniş yer almasının xeyri və ziyanı var.
Terror xəbərlərini olduğu kimi cəmiyətə təqdim edən media topluma aşağıdakı faydaları qazandıra bilər:
– Cəmiyyətin senzurasız xəbər almaq haqqı təmin olunur;
– Terror olayından sonra dövlət əleyhinə yayıla biləcək şayiələr və bu tipli digər təxribatçı əməllər əngəllənir;
– Media azad şəkildə olaylara ayna tutmuş olur;
– Terrorçuların ortaya qoyduqları dəhşətləri izləyən insanlarda dövlətin güc strukturlarına etimad, inam uyğuları daha da möhkəmlənir.
Terror olaylarının olduğu kimi cəmiyyətə təqdim edilməsinin zərərli tərəfləri də çoxdur:
– Bir terror qrupunun törətdiyi olayın yaratdığı səs-küy digər qruplara rövnəq verə bilər;
– Terror xəbərlərinin tez-tez ekranlara daşınması terrorçuları qəhrəman obrazına gətirə bilər;
– Medianın terror olaylarını detallı incələməsi terrorçulara yanlışlıqlarını aradan qaldırmaq, istifadə etdikləri taktikanı gözdən keçirmək üçün vəsait də ola bilər. Məsələn, ABŞ-dakı Ticarət Mərkəzində ilk partlayış 1993-cü ildə törədilmişdi, 2001-ci ildə baş verən partlayış daha dəhşətli oldu, bir çox araşdırmaçı terrorçuların məhz az zərər vermiş ilk partlayışın mediada detallı incələnməsindən dərs aldığını söyləyirdi;
– Davam edən terror olaylarının mediada canlı yayımlanması yolverilməzdir. Canlı yayım əsasən terror olayına son verməyə çalışan güc strukturları bölmələrinə yaxın sahələrdən aparılır. Əgər terrorçular telekanalları izləmək imkanlarına malikdirlərsə, terror olayı daha uzun sürə, daha dəhşətli nəticələrə gətirə bilər;
– Terror xəbərlərində əsas vurğunun dövlətin olayın qarşısını almağa çalışan güc strukturlarının nöqsanları üzərinə qoyulması təhlükəlidir. Bu, toplumda xaosa sürüklənməyə, köməksiz duruma düşmək duyğularının formalaşmasına səbəb ola bilər.
Terror xəbərlərini necə hazırlamalı?
Terror xəbərlərinin necə hazırlanmalı olması zaman-zaman ortaya çıxan suallardandır. Media hüquqçuları buna daha anlaşıqlı cavabı tapmaq üçün medianın təməl məqsəd və vəzifələrini araşdırmaqdan başlamağı tövsiyə edirlər.
Medianın ən önəmli vəzifəsi cəmiyyətin maraqlarına xidmət etməkdir. O zaman mütləq medianın xidmət etdiyi cəmiyyətin maraqlarının terror olaylarına münasibətdə nələri tələb etməsinə diqqət yetirilməlidir.
Terrora münasibətdə cəmiyyətin maraqları demokratiya və insan haqlarını təhdid edən terrorizmin məqsədlərinə xidmət etməməyi tələb edir. Bu səbəbdən “Media terror xəbərlərini necə versin” sualının cavabının məhək daşını da məhz media mənsubunun terrorun məqsədlərinin nələr olduğunu bilməsi və nələrin bu məqsədlərin həyata keçməsinə xidmət edəcəyini görməsi təşkil edir.
Yəni jurnalist xəbəri verməklə kifayətlənməməlidir, o, bundan öncə həmin xəbərin hansı məqsədə xidmət edəcəyini bilməyə borcludur. Xəbərçi jurnalist terrorçuların cəmiyyətə vermək istədiyi mesajın önünə keçməyi, verdiyi xəbərlərin cəmiyyətdə doğura biləcəyi nəticələri görməyi bacarmalıdır. Media terror olayı baş verdiyi anda bu olayı “dəhşətli terror, yüzlərlə ölü, yaralı, terroçuları zərərsiləşdirmək mümkün olmur…” formasında təqdimatdan qaçmalıdır. Olayın vurduğu yaralar nə qədər böyük olursa-olsun, media bu gerçəyi cəmiyyətə aramla, səbirlə çatdırmalıdır.
Qısası, jurnalistin terror xəbərini çapa və ya yayıma verməsindən öncə bu xəbərin doğura biləcəyi nəticələr üzərində bir daha düşünməsi faydalıdır.
Digər tərəfdən, media terror olayları ilə bağlı xəbərləri topluma təqdim etməklə kifayətlənməməlidir. Media bu xəbərlərlə yanaşı terror mövzusunu – terror olaylarının səbəblərini, terrorçuların bağlantılarını araşdırmalı, terror olaylarını önləmək yönündə müzakirələr açmalıdır.
Ancaq media bütün bunları edərkən hansısa qrupun sözçüsü olmamalı, kimlərəsə çətir tutmamalı, seçdiyi sözlər, qurduğu cümlələrdə, istifadə etdiyi üslub və təqdimat vasitələrində ittihamedici mövqedən çıxış etməməli, tərəfsiz, doğru, yalnız reallığa söykənən xəbərçilik anlayışını qorumalıdır. Cəmiyyətə xidmət etdiyini yaddan çıxarmamalı, topluma qarşı məsuliyyətinin fərqində olmalıdır.
Müəllifin başqa yazıları:
Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?
Bayramdan bayrama – mediamız
Necə bloklamalı?
Jurnalistlərin işi: dövlət əleyhinə çağırış, yoxsa xəbər, mülahizə?