Hikmət Nazim
Təxminən bir il qabaq teleaparıcı Elçin Əlibəyli status yazmışdı ki, ev alan jurnalistlər mühacirlərin Azərbaycan hakimiyyətinə qarşı apardığı “qarayaxmalar”a etiraz etməlidirlər. Yəni aldıqları evin haqqını verməlidirlər. Düzdür, onda heç kim bu fikrə reaksiya vermədi, bircə mən dilləndim. Təklif etdim ki, Elçin bəyin fikri qeydə alınsın, yaxşı etiraz etməyən jurnalistlərin evləri əlindən alınıb teleaparıcıya bağışlansın.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun parlamentin fevralın 1-də keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı təklifi isə olduqca maraqlıdır. Qısa məzmunu belədir ki, bu gün prezident İlham Əliyev mətbuata böyük diqqət göstərir, jurnalistlərə ev verilir, qəzetlərə maliyyə yardımı ayrılır, jurnalistlər də təhqir yazanlara qarşı mübarizə aparmalıdırlar.
Necə də haqlıdır!
Deyəndə ki, dünyanın heç bir yerində belə bir nümunə yoxdur, heç bir ölkə başçısı heç bir qələm adamına durduğu yerdə təmirli mənzil bağışlamır, ölkə başçısı bağışlasa da, qələm sahibləri qəbul etmir, hücuma keçirdilər ki, bu, bir ilkdir, niyə də olmasın?!
Gördük olanda nələr olduğunu… Bizim yazdıqlarımızı paxıllıq kimi dəyərləndirirdilər. Yazırdılar ki, ilklər gözəldir, bütün ilklər tənqid olunur, bədxahlara cavab verməyin, onlar hər zaman tənqid etməyə nəsə tapırlar.
Deyəndə ki, sənin müəllimdən, həkimdən, elektrikdən fərqin nədir? Axı onlar da vəzifə borclarını əllərindən gələn kimi yerinə yetirirlər, sən də. Bəs hökumət onları niyə evlə təmin etmir? Cavab verirdilər ki, bizim maaşımız azdır, dolana bilmirik, sürünürük.
Minimum aylıq əməkhaqqının hələ bu ilin martından 180 manata qalxacağını nəzərdə tutsaq, bu arqument tamamilə əsassızdır.
Bundan əlavə, bəzi jurnalistlərin iddia etdiyi kimi, prezident İlham Əliyev sosial dövlət modeli formalaşdırırdısa, fəhləsindən tutmuş maşinistinə qədər hər kəs evlə təmin olunmalı idi. Təmin olunmadığı halda, indiki kimi, ortaya belə bir sual çıxır: niyə məhz jurnalistlər? Cavabı çox sadədir: əllərində qılıncdan kəsərli qələmləri var. “Qılıncdan kəsərli!” Hərçənd bu ifadə son illərdə sadəcə kağız üzərində qalıb, amma olsun.
Deyəndə ki, etməyin-eləməyin, hökumətdən ev almaqla onsuz da azad olmayan sözünüzün başına kəmənd atırsınız, gülürdülər. Əməklərinin qarşılığını aldıqlarını iddia edirdilər.
İnformasiya müharibəsi apardıqlarını deyirdirlər. Hamıya aydındır ki, bu gün “informasiya müharibəsi” deyilən şey təkcə xəbər saytlarında deyil, sosial şəbəkələrdə hansı şəkildə aparılır. Hərbi analitiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə həyata keçirilən informasiya müharibələrində daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək rəqib dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaradılır, ordu və əhali arasında münasibətlər pisləşdirilir. Jurnalistikanın əlifbasından da məlum olduğu kimi, bir informasiya daşıyıcısının işi yuxarıda sadalananlar deyil, sadəcə doğru xəbər çatdırmaqdır.
Deyəndə ki, bu xəyaldan vaz keçin, başınıza qaxacaqlar. Buyururdular ki, sizin başınız qaçıb, biz bu peşəyə illərimizi vermişik.
Ən gülməli arqument isə məhz budur. Uzağı, 10 il jurnalistika ilə məşğul olan şəxs “illərimi vermişəm” deyir. Amma mən yamaqçılar, traktorçular, çobanlar tanıyıram ki, ömürlərinin 40 ilini öz peşələrinə həsr ediblər, evləri təmirsiz vəziyyətdədir. Gəl ki, heç səslərini də çıxarmırlar.
Deyilənlər deyildi, amma dinləyən olmadı. İndi köşə yazısı yazıb məğlub olmadıqlarını sübut etməyə çalışırlar. Məncə, Elçin Əlibəyliyə cavab vermək asandır, açıqlamasından dərhal sonra Siyavuş Novruzov haqqında hirsli başla yazı yazmaq da. Amma həqiqət gün kimi aydındır. Aydındır ki, o evlərin qiyməti ölkə başçısı ilə selfi çəkdirib, doğum günlərində təbrik yazmaqla ödənəcək qədər ucuz deyil.
Müəllifin başqa yazıları:
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Bakılının erməni musiqisinə qulaq asmağı
Medianın azad fikrə reaksiyası
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim