Samir Əliyev
Əmanətlərin tam sığortalanması barədə 2016-cı il qanununun qüvvədə olma müddəti martın 1-də bitir. Qanunun tələbinə görə, banklara yerləşdirilmiş bütün əmanətlər qorunur. Bir şərtlə ki, milli valyutada yerləşdirilmiş əmanətlərin illik faiz dərəcəsi 15%-dən, xarici valyuta əmanətlərinin illik faiz dərəcəsi isə 3%-dən yüksək olmasın. Müddət uzadılmasa, bu qanun qüvvəsini itirəcək və əvvəl qüvvədə olmuş qanun – “Əmanətlərin sığortalanması haqqında“ qanun işləyəcək. Bu halda bağlanacağı təqdirdə bankdan alınacaq kompensasiyanın həcmi 30 min manatdan çox olmayacaq. Bunun üçün əmanətçinin bir bank üzrə əmanətlərinin həcmi illik faizlə birgə 30 min manatı ötməməlidir. Xarici valyuta əmanətçiləri üçün bu limit ümumiyyətlə sərf etmir. Çünki sığorta hadisəsi baş verəcəyi təqdirdə onların alacağı kompensasiyanın maksimum həcmi təxminən 17 min 647 dollar olacaq.
Əmanətlərin tam sığortalanmasını nəzərdə tutan qanun bank sektoru üçün çətin bir dövrdə qəbul edilmişdi. Devalvasiya dalğasında bankların bağlanması əmanətlərin müəyyən hissəsinin taleyini sual altına almışdı. Həmin dövrdə qorunmayan əmanətlərin payı təxminən 40%-ə çatırdı. Bir tərəfdən yüksək faizlə əmanət cəlb edilməsi, digər tərəfdən də 30 min manatlıq kompensasiya limiti əmanətlərin əhəmiyyətli hissəsini sığortadan kənarda qoyurdu. Bankların bağlanması isə əmanət qaçışına rəvac vermişdi. 1 yanvar 2015-ci ildən qanunun qüvvəyə mindiyi 1 mart 2016-cı ilədək manat əmanətlərinin həcmi 4,4 milyard manatdan 1,4 milyard manata qədər azalmışdı. Devalvasiyanın əvvəlində xarici valyutada yerləşdirilmiş əmanətlərin əhali üçün cəlbediciliyi artsa da, sonrakı dövrdə bankların bağlanması riski onların da həcmində azalma tendensiyası nümayiş etdirdi. Əmanətlərin tam sığortalanmasının həmin dövrdə əsas vəzifəsi qaçışın qarşısını almaq idi.
Manatın sabitliyi fonunda əmanət qoyuluşunda artım müşahidə edilir. Hazırda manat əmanətlərinin həcmi 2014-cü il həddinə (4,4 milyard manat) çatmasa da, 3 milyard manata qədər artıb, bu da 2012-ci il səviyyəsidir. Ümumi əmanət qoyuluşunun həcmi isə 8 milyard manatı ötüb. Bunun bir səbəbi də əmanətlərin tam sığortalanmasıdır.
Əmanətlərin tam sığortalanması barədə qanunun müddətinin uzadılıb-uzadılmaması məsələsi yəqin hökumətdə müzakirə edilir, bəlkə artıq qərar da var. Fikrimcə, bu qanunun qüvvədə olma müddəti azı bir il (3 il olsa daha yaxşıdır) uzadılmalıdır. Çünki bankların bağlanması riski tam aradan qalxmayıb və əmanətçilər proseslərə həssasdır.
Ancaq sığortalanma şərtləri dəyişməlidir. Çünki banklarda izafi likvidlik yaranıb. Yüksək faizlə əmanətləri cəlb ediblər, həmin vəsaitləri, o cümlədən digər mənbələrdən cəlb edilmiş depozitləri isə kreditləşməyə yönəltməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqət resursların ucuzlaşdırılmasına yönəldilməlidir. Bunun yollarından biri sığortalanan əmanətlərin illik faiz dərəcəsinin aşağı salınmasıdır. İlk növbədə manat üzrə sığortalanan əmanətlərin illik faiz dərəcəsinin aşağı həddi 10%-ə endirilməlidir. Sığortalanan əmanətlərə görə banklardan yığılan sığorta haqqının hazırkı səviyyəsi (qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,125 faizi) illik faiz dərəcəsi 10% olan əmanətlərə şamil edilməlidir. Qorunan əmanətlərin illik faiz dərəcəsi artdıqca sığorta haqları da ona uyğun artırılmalıdır.
İllik faiz dərəcəsi 15%-dən yüksək faizlə cəlb edilən əmanətlər isə sığortalanmamalıdır. Bu addım bir tərəfdən əmanət bazarında illik faiz dərəcələrinin azalmasını təmin edəcək, digər tərəfdən bankları yüksək faizlə əmanət cəlbi niyyətindən çəkindirəcək.