Şahbaz Xuduoğluna din və dindarlıq haqqında məktub
Niyazi Mehdi
Əziz dostum, sənin alicənab (ləyaqətli) ateizmin məni düşündürdüyü üçün bu yazını yazmaq fikrinə düşdüm.
“Alicənab (ləyaqətli) ateizm” sözü ilə onu bildirmək istəyirəm ki, sənin ateist meylində insanın alicənablığına, ərdəminə (ləyaqatinə) xidmət etmək istəyi var.
Bu məktubu səni bu istəkdən daşındırmaq üçün yazmıram. Hamımızın Allaha, dinə inanmaq və inanmamaq haqqı var. Mən inanmaq haqqını seçmişəm. Ancaq inanmaq haqqını seçib öz mifoloji (yəni ilkəl, primitiv) dini düşüncələrini hamı üçün böyük həqiqət sayan dinçilərdən sənin kimi ateistlə söhbət mənə daha maraqlıdır – əgər hövsələn olub bu yazını oxusan.
Ateistləri dinlə, Tanrı ilə bağlı inkarçı edən nəsnələr
Sənin ateizmin maarifçi və sovet ateizminə çox oxşayır. Bu ateizm primitiv deyil. Di gəl, Eynşteyn fizikası yanında Nyuton fizikası kimidir. Onun bəzi müddəalarını sadalayım:
– Neyçünsə Tanrı həmişə böyük batalyonların tərəfində durur (Volterin aforizmi). Yəni gücün azdırsa, heç Tanrı da sənə kömək etməz (halbuki hərb tarixindən zəif ordunun qalib gəlməsinə çoxlu örnəklər var);
– İnsanlar böyük təbiət gücləri, anlamadıqları ictimai fəlakətlər, ağır xəstəliklər qarşısında acizdirlər – din onlara qarşı ovunmaq ehtiyacından doğur, ona görə də tiryəkdir (Marksdan qabaq da bunu deyən olub);
– Bütün dinlərin tarixində ilkin, sadə dönəmdən sonra insanları valeh edən “müqəddəslərlə” yanaşı, böyük icmaları “Tanrı uğrunda” qılıncdan keçirən, oda tutan “Allah keşikçiləri” də olub. Beləcə, ilkində Yaxşının ərazisini dünyada və insanda genişləndirmək istəyən müqəddəslərin yerinə Yaxşını artırmaq uğrunda çarpışmaya girəndə Yamanı, Yaramazlıqları yayan şübhəli qəhrəmanlar peyda olub və onlar sayca daha çoxdurlar;
– Tanrı varsa, niyə bu dünyada ədalətsizliyə yol verir? Görürsən ki, onun yolunu canla-başla tutan 40 yaşında adama beyin xərçəngi göndərir, elə bu adamın qonşuluğundakı dini-imanı olmayan yaramazı isə 90 il yaşadır. Əgər o, varsa, hər şey əlindədirsə, niyə bu haqsızlığa yol verir?
– Nəhayət, Azərbaycan insanına gələk. Tariximiz boyu mövhumatçı, pulgir, plovbaz mollalar hamını boğaza yığıb. Onların əxlaqı elədir ki, kiminsə öldüyünü eşidəndə ürəklərində “bir müştərim də oldu” deyibən sevinirlər – dinin ağıllıları bunlardısa, bu dinə inanmaqmı olar?
Əzizim Şahbaz, hələ başqa anti-dinçi arqumentlər də var. Onlar o qədər cavana danılmaz həqiqət kimi görünür ki, mənim kimi adamların dindar olmağa çalışmasına, təkrar edirəm, çalışmasına əcaiblik kimi baxırlar.
Bu şübhələrə əsas verən sualların çoxuna özləri kimi ağıllı cavablar var. Ancaq ateizmlə din dartışması elə dartışmalardandır ki, heç cürə birinin axırıncı qələbəsi ilə qurtaracaq deyişməyə oxşamır. Görürsən ki, bu gün parlaq bir zəkanın sayəsində qalib gəlmiş ateizm sabah parlaq bir yazarın, filosofun sayəsində uduzmuş olur. Dialoq, disput, düşüncə savaşı beləcə indiyəcən davam edir. Hec birisi birdəfəlik qalib olmadığı üçün hansı mövqeyi seçmək adamın qırımından, ruhi, psixoloji gərəklərindən asılı olur. Sənin, Şahbaz, maraqlı, mənəvi yaşaman üçün dinsizlik faydalı mühit verirsə, buyur, ateist ol. Ancaq bil ki, qarşı tərəfdə Tanrıya inanan, çox dərin, bilikli adamlar dünya çapında on minlərlədir və onlar sizlərdən axmaq, ya hərif deyillər.
Düşüncə adamlarını dinə, Tanrıya inanmağa gətirib çıxaran fəlsəfi ideyalardan
İndi isə qarşı tərəfin nədən din düşərgəsində olmasının bəzi arqumentlərini səsələndirim.
– Xeyli adam materiyanın birinciliyini «nədən yaranıb” sulanın cavabını verməkdə onun əlindən tutduğü üçün qəbul edir. Onlara materiya fantom kimi yox, real görünür. Fikrin, ruhun fonunda ağırlığı, itiliyi, zərbəsi, dağıdıcılığı ilə real görünür. Vulkan hara, bizim başımızdakı fikir hara?! – materiyanın birinciliyinə inananlar belə düşünürlər. Bir yerdə hava kimi “çəkisiz”, görünməz Ruh, o biri yerdə bir araba palçıq duranda axırıncını gerçək sayır, heç ağlına da gəlmir ki, tufanda küləyə çevrilmiş havanın gücü hara, palçıq hara.
Özü də metaforik desəm, vulkanın maddəsi də ən dibdə kütləsiz “saplardan” hörülüb (fizikada fotonlar, qravitonlar belə sapları əmələ gətirir). Buna fəlsəfəyə və dinə keçəndə ruhani saplardan hörülmüş maddə də demk olar. Həmin maddə “bozon higgs” (Tanrı hissəciyi) deyilən fiziki ünsürlər işə qarışanda kütlələşir. Maddənin bizdə yaratdığı ağrı, ağırlıq da sinirlərimizdən psixikamıza gələn siqnallardan sonra ağırlıq, ağrı kimi açılır. Ancaq elə də olur ki, psixikamız bizi bıçaqdan da pis kəsik-küsük edir, yəni maddədən də çox dağıdır bizi. Onun üçün də psixikamızın, yəni qeyri-maddənin bizə təhlükəsi və köməyi (Kəbədən, duadan sağalanları yada sal) maddənin təhlükəsi və köməyinə bərabərdir. Sonra buna əlavə etsək ki, maddənin özü də ruhani “ilmələrdən” hörülüb, maddə “çəkisinə” görə lap yüngülləşər.
Materiya haqqında bu dediklərimin səsləşdiyi bəzi sitatları verim.
Karl Pirson: “Materiya hərəkətdə olan materiyasızlıqdır” (Matter is non-matter in motion) – bu, enerjidə materiyanın itməsidir.
F.Kapri: “Dünya anlanılmasında “tikinti” metaforası öz yerini “şəbəkə” metaforasına verməlidir” (Yəni bina kimi materiyadan düzəldilmiş, tikilmiş dünya ideyası yerini maddəsiz strukturlardan formalaşmış dünya modelinə verməlidir).
İndi isə bəzi anti-materialist düşüncələri səsləndirim:
– Mən fizikanı yaxşı bilmirəm, ancaq uzmanlar kvant fizikası əsasında hissəciklərin, şüanın, qara materiyaın, ant-materiyanın, qara enerjinin, vakuumun, sahənin və s. əsasında göstərə bilərlər ki, sizə materiyanı real edən əlamətlər (ağırlıq, məkanda düzülüb durma və s.) əslində materiyanın fundamentində yoxdur:
– Dünyanın böyük partlayışdan (“big bang”) sonra yaranması ilə bağlı fikrə qarşı sual qalmağında davam edir: bəs, o partlayışdan qabaq nə olub?
– Amerikan dahisi Emersonun belə bir aforizmi var: “Maşın qəbiristanlığında təbii təkamüllə “Mersedes” maşınının yaranmasına inanmaq nə qədər əbləhlikdirsə, bitkilər və canlılar aləminin təbii tərəqqi ilə materiyadan yaramasına inanmaq da elədir”.
Əskilərdən Tanrının estetik sübutu deyilən bir fərziyyə vardı, dünyadakı harmoniyanı, uyarlıqları göstərib “saatsaz və saat” metaforasını dilə gətirmişdi. Deyirdi ki, dünya sanki saat kimi qurulub. Elədirsə, bu saatın saatsazı da olmalıdır. Bunu inkar edənlər isə fəlakətləri, dağıntıları (xaosu) göstərib deyirdılər ki, dünyadakı uyarlığı çox da şişirtməyin, yəni dünya bu fəlakətlərə görə elə bir “yönnü” saat da deyil ki, saatsazı da olsun. Ancaq, axı, dünyadakı fəlakətlər də sonda uyarlığa xidmət edir! Varlıqda hər yerdə sahman, struktur, düzüm əvvəl-axır yeni qiyafədə geri qayıdır. Tıxacı suyun altına basırsan, əlini çəkən kimi pırtlayıb üzə çıxır. Dünyadakı struktur torcuqları da elədir. Bir yerdə sıfıra çevirəndə pırtlayıb başqa yerdə üzə çıxır. Ona görə də mən deyərdim: Tanrı ən böyük strukturalistdir!
– İndi təzədən qayıdıram materiyaya. Materiya material sözündəndir, yəni nədən (hansı materialdan) düzəldilib sualına cavab vermək üçün gərəkdir. Tutalım, binada material palçıq, daşdır, deməli, onun materiyası odur. Ancaq sən kimisə “xox eləyib” qorxuzanda o kimsənin psixikasında yaranmış qorxu duyğusu müəyyən mənada sənin “xoxundan” düzəlir. Deməli, bu xox material olur, hərçənd heç bir palçığa, sementə oxşamır. Deməli, qalınlığı, eni, uzunluğu olmayan nəsnələr də material ola bilər. Belə çıxır ki, materiya anlayışı bəzi fəlsəfələrdə Allah olmayan, ruha baxanda real olan nəyisə bildirsə də, əslində, nədən düzəlib sualını qoyanda o nədəni açmağa xidmət edir. Bu mənada “nədən” səndən də, məndən də, sənin sevgindən də ola bilər. Bizim dostluğumuzda xasiyyətlərimiz materiyadır və ondan, məsələn, zarafatla “kolxoz” adlandırdığımız yemək-içmək məclisləri yaranıb. Milli birlik əgər sevgidən düzəlirsə, həmin sevgi bu birliyin materialıdır. Beləliklə, Tanrıya qarşı yaranmış “materiya” anlayışının əsasında “nədən düzəldilib” sualına əsas yaratmaq gərəyi durur. İnsan ağlından “nədən düzəldilib” sualını çıxarıb yox et, gör, dildə nə qədər qrammatik konstruksiyalar, ailə qurmaqda, uşaq arzulamaqda nə qədər strukturlar dağılacaq. Bütün dünyagörüşümüz dağılacaq. “Nədən düzəldilib”dəki materiya bunu dağılmağa qoymamaq üçündür – sonradan ateistlər onu Tanrıya “yox” demək üçün əsas ediblər.
Din varlığı düşünməyin yollarından biri kimi. Onun bu yol kimi dəyəri
Mən sənə məktub yazıram, ona görə də mövzu üzrə fəlsəfi traktat yazmaqdan özümü saxlayıram. Ancaq hələlik dinin, Tanrının xeyrinə daha nəyi deyə bilərəm?
– Biz bilmədiyimizi bildiyimiz vasitəsi ilə bilirik. Məsələn, metaforalarla belə edirik. Cənnət necədir, “Allah bilir”. Ancaq bildiyimiz bağ-bağatdır, cənnəti bağ-bağat kimi verəndə bilmədiyimizi bildiyimizlə anlaya bilirik. İlahiyyatçı deyər ki, Quranda Allah da müsəlmana cənnəti anlatmaq üçün su arxından, gül-çiçəkdən, hurilərdən metafora kimi istifadə edir ki, insanı qandırsın.
Dində Tanrı da, cənnət də, peyğəmbərlər də müəyyən mənada metaforalardır ki, varlıqda bilmədiklərimizi bildiklərimizlə bizə anlatsınlar. Biz dünyanın incəliklərini danışmaq üçün dilin sözlərindən, qrammatikasındlan istifadə edirik – onlar olmasa danışa bilmərik və ona görə də onları inkar etsək, gərək yerində başqa dil ixtira edək. Karnap deyirdi ki, fizikadakı qanunlar dünyanın qanunları deyil, bizim üçün dünyadan danışmaq vasitəsidir. Din də elədir. Müsəlmanlar üçün islam dünya, onun bilinməz qatlarından və mənəviyyatdan danışmaq üçün bir dildir, o biri mədəniyyətlər üçünsə başqa dinlər başqa dillər olur.
Dili söyüş söymək üçün də işlətmək olar, ancaq bu, dilə nifrət bəsləmək üçün əsas ola bilməz – dili pis işlədənə nifrət üçün əsas ola bilər. Rüşvətxorlar, əclaflar hacı olmağı, namaz qılmağı insanları əzmək üçün işlədirsə, bu, dili pis əməllər üçün işlətməyə bənzəyir.
Din, müsəlman üçün Allah, o biriləri üçün Yahva (Savaof), Budda, Tenqri və s. dünyanın, özümüzün dəhşətli problemlərini və onlar qarşısında güc qazanmağımızı düşünmək üçün vasitədir. Bu dəhşətli problemlərin bəzilərini sadalayım: yaxşılıq edirsən, cavabında xəyanət görürsən, uşaqlarını sevirsən və qorxu içində olursan ki, hansı bir əyyaşsa maşınla vurub onu öldürə bilər. Millətini sevirsən, ancaq hər gün bu millətdən olan əclafların əlindən qanın qaralır. Düzünü deyirsən, səni sevmirlər və s. Bax, bu problemləri düşünüb necə olmağın yolunu tapmaq üçün din sənə öz dilini verir. Sözsüz, sən problemlərini tibbin, etikanın, adət-ənənənin dilində də düşünə bilərsən. Ancaq bu problemləri dinin və incənətin verdiyi dillərlə düşünəndə təkcə başın yox, ürəyin, duyğuların da işə düşür. Biri var kinoda kədərli üz görəsən, biri də var bu üzə kədərli musiqi içindən baxasan. Din və incəsənət, bax, bu anlamda bizim dünyanı düşünməyimizə musiqi kimi qoşulur.
Platon qabaqca Tanrını bircəcənə Tək olan, yanında hec nə olmayan başlanğıc kimi vermişdi. Ancaq bu Tək olan heç bir sevgi, valehlik duyğusu doğurmurdu. Gözünün qabağında duran nöqtə bəyəm səndə sevgi, heyranlıq doğura bilər?! Sonra dedi ki, bu Tək olanın əlaməti onun Yaxşı, Fəzilət olmasıdır. Axırıncı da ürəyi tərpətmədi. Sonralar dinlər Tanrını Zevs, Hörmüz, İsa Məsih, Krişna kimi şəxsiyyət “imicində” verəndə insanlar sevinc, sevgi, qorxu, minnətdarlıq duyğularının rəngarəngliyini yaşadılar. Quranda ayələri danışan Allah içi boş, abstrakt Tək ola bilməzdi. O ayələri sevgi ilə, qayğı ilə, qəzəblə, hədə ilə, həvəsləndirmə ilə deməliydi. Belə deyəndə isə müəyyən portret cizgilərini almalıydı.
Şahbaz, sən balalarını molekulların, santimetrlərin, yəni materialın dilində düşünə bilərsən. Ancaq bu, ağ-qara, musiqisiz kadrda görməyə oxşayacaq. Əxlaqın, sənətin dilində düşünəndə isə həmin kadra riqqət dolu “musiqi” gələr. Dinin dilində düşünəndə bu musiqi daha da zənginləşər. Hesse demişdi: “Magiyasız dünya dözülməzdir”. Mənsə bu deyimi belə dəyişmişəm: “Rəbbsiz kosmos mənə darıxdırıcı gəlir”.
Ona görə də, əziz dost, seçim sənindir, dinsiz düşünüb əxlaq, sənət dilində düşünməklə yetərlənmək istəyirsənsə, buyur. Ancaq dinin dilində düşünənlərə xor baxma. Axmağın biri öz alçaqlığını təmizə çıxarmaq üçün ən gözəl şeiri də əclaflıq üçün yoza bilər, ancaq bu, həmin şeirə xor baxmağa əsas vermir. Eyni vəziyyət dinlə bağlıdır. Mən bir dəfə demişəm ki, islamın əsas problemi nə ateistlərdir, nə başqa dinlərdir. İslamın əsas problemi onu pis əməlləri əsaslandırmaq üçün düşüncə dili edən müsəlmanlardır.
Hələlik bu qədər. Ancaq bir də vurğulayım: din bizə varlığımızı maddə, materiya ilə qapatmayıb onun ruhani saplardan hörülməsini düşünmək üçün dildir. İdealist fəlsəfə də bu dili verir. Ancaq dinin verdiyi dil duyğular dəryasını tərpədir – tövbə edənin, peşman olanın göz yaşları, İmam Hüseyni, İsa Məsihi sevənin kədəri, milləti uğrunda ölümə gedənin cənnət ümidi belə duyğulardandır.
Mənim buracan söylədiklərim fikir kimi səndə sayğı oyatdısa, inan, dinə qarşı ateistlərin yuxarıda söylədikləri ittihamlara cavabım da sayğı doğuracaq. Hələ cavabı düşünüləsi çox suallar var. Bəzilərini sadalayım:
Niyə islam, niyə xristianlıq, niyə buddizm?
Niyə şiəlik, niyə sünnilik, niyə katolisizm, niyə pravoslavlıq, niyə protestantizm?
Belə suallar çoxdur, hamısı ilə bağlı ağıllı söhbətlər etmək olar.