Ssenarist Pərviz Seyidli Novator.az-a açıqlamasında ölkədə tarixi mövzuda, tarixi şəxsiyyətlərlə bağlı serialların çəkilməməsinin səbəblərindən danışıb.
O bildirib ki, tarixi filmlər üçün birinci növbədə çox böyük büdcə lazımdır: “Tarixi dekorasiyalar, geyimlər böyük pul tələb edir. Prodüserlər bunlara pul sərf etmək istəmirlər. Ona görə də tarixi seriallar çəkilmir.
Amma zaman baxımından tarixi serialların çəkilməsi üçün zəmin yetişib. İnsanlar bunu istəyirlər. Biz Səfəvilər dönəmindən, Xalq Cümhuriyyəti dövründən, Şah İsmayıl, Şah Abbas, Nadir şah və digər tarixi şəxsiyyətlərin həyatından yaxşı seriallar çəkə bilərik. Elə təkcə Səfəvi imperiyasını götürsək, 1501-ci ildən 1736-cı ilə qədərki tarixdən neçə-neçə film çəkmək olar. Şah İsmayıl Xətainin həyatından bir neçə serial ərsəyə gətirmək mümkündür. Bunun üçün geniş maddi imkan lazımdır. Təəssüf ki, Azərbaycan reallığında bunu təmin edə bilən prodüser yoxdur.
Mənim özümün, İlqar Fəhminin Səfəvilər haqqında geniş əsərləri var. “Kölgədə əqrəb”, “Qarğa yuvası” kimi əsərlər var ki, onlardan gözəl seriallar çəkmək olar. İlqar müəllimlə mənim Şah İsmayılla bağlı “Naməlum rəssam portreti” adlı işimiz vardı. Mən yazmışdım, İlqar Fəhmiyə göstərmişdim. Dedi vaxt edək bunu birlikdə işləyək, lakin sonra yarıda qaldı. Buna yatırım edən olsa məmnuniyyətlə iş görə bilərik. “Difai” təşkilatı, Azərbaycan Xalq Cümhuriyyəti, Şah Abbas və digər mövzularla da bağlı işlərimiz var, sadəcə təkan verən, prodüserlik edən lazımdır ki, işləyək”.
Gənc ssenarist bildirib ki, tarixi mövzulara müəyyən bədii çalar qatmaqla istənilən nəticəni almaq olar: “Elə Məhdi Ülyanın öz baldızı Pərixan xanımla olan konfliktləri bir neçə seriallıq mövzudur. Türklərin “Möhtəşəm əsr” serialında ailə-məişət münasibətləri də əks olunmuşdu deyə maraqlı alınmışdı. Sonra “Fateh Mehmet” serialı çəkdilər, lakin istənilən nəticəni vermədi. Çünki ortaya xalis tarix qoymaq istədilər. Amma başa düşmədilər ki, xalis tarix tarixçilər üçün maraqlıdır. Geniş auditoriyaya tarixi bir az cəlbedici mövqedən yanaşıb çatdırmaq lazımdır”.
Pərviz Seyidli tarixi serialların çəkilməmisəndə ssenaristləri də günahlandırıb: “Bəzi ssenaristlərdə mütaliə zəifliyi var. Tarixi araşdırmırlar.
Rejissorlardan da tarixi mövzuyla maraqlanan azdır. Digər tərəfdən, rejissor da, ssenarist də sifarişlə iş görür. Bizim özümüzün kino çəkmək üçün büdcəmiz yoxdur. Bunun üçün prodüser lazımdır ki, sponsor cəlb etsin. Prodüserləri də çox qınamaq olmur. Biz özümüzü Türkiyə ilə müqayisə etməyək. Türkiyənin əhalisi çox, ərazisi böyükdür. Orda istənilən mövzuda filmə baxılır. Bizdə isə hələ o auditoriya formalaşmayıb. Ona görə də prodüserlər qoyulan pulu götürə bilməyəcəklərindən ehtiyatlanırlar. Düşünürlər ki, elə ən yaxşısı ailə-məişət mövzusunda olan seriallardır. Amma bu struktur çox getməyəcək. Getdikcə tamaşaçılar o mövzulardan bezir. Elə ssenaristlər də, rejissorlar da bezir. Hamı yenilik istəyir. Sadəcə bizi ləngidən büdcə məsələsidir. Dövlət nə vaxt qərar versə biz tarixi mövzularda işləyə bilərik.
Planımızda Qarabağ mövzusuna müraciət etmək də var. Amma çalışırıq geniş məkanlardan istifadə etməyək, çünki buna vaxt və pul çatdırmaq müşküldür“.
Əşrəf Fəxri