Boşanmalar: dövlət komitəsinin rəsmisi səbəbləri açıqlayıb
- 10 Yanvar 2019
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin Azərbaycanda tənha insanların sayını artıracağından, boşanma prosesini gücləndirəcəyindən narahatlığını ifadə edib.
Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Trend”ə açıqlamasında deyib ki, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.
Bütün ölkələrdə boşanmaların çoxaldığını söyləyən Elgün Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.
Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa da hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Elgün Səfərovun sözlərinə görə, əvvəllər ailələrdə məişət zorakılığı halları boşanmaya səbəb olmurdu: “Bu gün isə yanaşma dəyişib. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi boşanmaya da təsirini göstərib.
Boşanmaların səbəblərinə baxaq. Bu gün Azərbaycanda boşanmalara maliyyə problemləri təsir edir? Xeyr! 1990-cı illərdə maliyyə vəziyyəti dəfələrlə çətin idi.
Bu gün ailələrdə zorakılıq törədilirmi? Bəli, törədilir. Ancaq 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bu zorakılıq halları daha çox olurdu. İndi isə gənclərin zorakılığa dözümlülüyü yoxdur. İstər fiziki, istərsə də psixoloji olsun, gənc ailələr zorakılıqla razılaşmırlar”.
Elgün Səfərov qeyd edib ki, problemlərdən biri nikaha daxil olan gənclərin və onların ailələrinin bir-birini yaxşı tanımamasıdır: “Həmçinin ailəli gənclər problemlərinin olduğunu bilsələr də, onun həlli üçün heç bir tədbir görmürlər. Bu gün ailənin hər hansı problemi olanda gənclər onun həlli yolunu ya evi tərk edib getməkdə, ya da boşanmaqda görürlər. Həmin problemin həllinə dair tərəflər arasında razılaşma olmur. Buna yanaşma tərzi dəyişib, gənclərdə özünə qapanma var. Çünki gənclər internet cəmiyyətinin içində formalaşaraq qapalı olublar.
Xarici dövlətlərin təcrübəsinə baxdıqda görmək olur ki, internet cəmiyyəti tənhalığa gətirib çıxarır. Ona görə Azərbaycanda da internetin insanların həyatına, tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Hazırda Böyük Britaniyada əhalinin 28 faizi tənhalıqdan müxtəlif problemlər yaşayır. Belə problem digər dövlətlərdə də var. Ona görə də Azərbaycanda bu kimi halların qarşısını almaq üçün ailə dəyərlərini qoruyaraq, gender prinsiplərinə əməl edərək cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradılmalıdır.
Cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradıldıqda – ona təhsilini davam etdirmək, məşğulluğa cəlb edilmək imkanı verdikdə və başqa işlər gördükdə müsbət nəticələr əldə olunacaq. Bu səbəbdən həm gender təminatı, həm də məişət zorakılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir”.
Elgün Səfərov əlavə edib ki, problemlərin həlli üçün internet resurslarının müsbət təsirindən bəhrələnmək, sosial şəbəkələrdə maarifləndirmə işini gücləndirmək, faydalı portalların saylarını artırmaq lazımdır.
Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 50 min 882 nikah, 12 min 396 boşanma rəsmiləşib.
Həmin dövrdə ölkə əhalisinin sayı 9 milyon 967 min 730 nəfər olub (49,9 faizi kişilər, 50,1 faizi qadınlar).
Sözügedən on ayda Azərbaycanda 116 min 365 körpə doğulub.