Ələsgər Məmmədli
Hüquqşünas, media hüququ üzrə mütəxəssis
Yeni ilin ikinci həftəsindəyik. Ötən ilin sonlarında məhbus bloqçu Mehman Hüseynov üzləşdiyi növbəti haqsızlığa – 2 illik həbs cəzasının bitməsinə az qalmış ona yeni cinayət işinin açılmasına diqqət çəkmək üçün aclığa başladı və bu, cəmiyyətdə bir çox insanı ciddi narahat etdi. Yeni ilin ilk günlərində iki dəfə fərqli qruplar Mehmana dəstək vermək üçün aksiya keçirməyə cəhd etdilər, lakin hər iki cəhd ciddi müdaxilə və həbslərlə yekunlaşdı.
Mənim mediadan izlədiyim qədəri ilə həmin aksiyalara görə cəza alanlar bunlardır (cəzalar İnzibati Xətalar Məcəlləsinin toplantıların təşkili və keçirilməsi qaydasının pozulmasını nəzərdə tutan 513.2-ci maddəsi ilə verilib):
Bu şəxslər dinc yolla bir araya gəlmək istərkən, aksiya keçirmədən saxlanaraq hakim qarşısına çıxarılıblar. Hakimlər isə aksiyanın mahiyyətinə adekvat olmayan cəzalara qərar veriblər: dinc, sərbəst toplaşma hüququndan istifadə edən şəxsləri cəmiyyət üçün təhlükəli sayıb həbsə göndəriblər. Bu, Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasına və onun tətbiqinə məhkəmə nəzarəti həyata keçirən Avropa İnsan Hüquqları Məhkəməsi təcrübəsinə daban-dabana ziddir.
Avropa Şurası bir neçə ildir Ədliyyə Nazirliyi ilə “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsini icra edir. Layihənin icrası çərçivəsində yüzlərlə hakim və hakimliyə namizəd Avropa təcrübəsini tətbiq etmək üçün maarifləndirilib, Strasburqa – Avropa Məhkəməsinə aparılıb. Ortaya çıxan nəticə isə əks effektlidir.
Əvvəllər bu kimi dinc aksiyalara müdaxilə adətən eləcə müdaxilədən ibarət olurdu, bir çox halda polis tutduğu etirazçıları məhkəməyə gətirmədən, aksiya məkanından aralıda buraxıb işini bitmiş hesab edirdi.
İndi dinc etirazçıları hakim önünə gətirirlər, hakimlər isə hüququn legitimliyi aspektindən çox səhv qərarlar çıxarıb, təməl hüquqları sanki yox sayırlar. Halbuki həmin hakimlər konstitusiya ilə hər kəsin sərbəst, dinc toplaşmaq hüququnun olduğunu və bu hüququn icazəli hüquq olmadığını bilməliydilər. Onlar bunu hüquq fakültələrində öyrənməyiblərsə, Avropa Şurasının milyonlarla avro xərclənən təlimlərində öyrənmiş olmalıydılar. Bilməliydilər ki, “Mehman Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu” deyən deputatların korrupsiya faktlarını ört-basdır edəcək qanun çıxarmaları təməl hüquq və azadlıqları məhdudlaşdırmağa yetməyəcək. Bütün bu gənclər gec də olsa haqqını alacaq. Lakin yekunda onları həbs etmiş, cərimələmiş hakimlərin verdiyi yanlış qərarların cəzasını yenə Azərbaycanın vergi ödəyiciləri – bizlər çəkəcəyik. Avropa Məhkəməsinin hüquqları tapdanan insanlara təyin edəcəyi minlərlə avro məbləğində kompensasiyalar məhz Azərbaycan büdcəsindən ödənəcək.
Mənim ödədiyim vergi konstitusion hüququ yanlış tətbiq edən hakimlərin səhvinə yox, ehtiyacı olan qocalara, oxumaq istəyən uşaqlara, yaşamaq istəyən xəstələrə sərf olunmalıdır.
Mənbə: Facebook