Erkin Qədirli
Respublikaçı Alternativ Partiyasının xarici əlaqələr katibi
Toplumda “orta sinif” adlanan sosial qrup olmayanda şərti yuxarılarla şərti aşağılar baş-başa qalırlar. Yuxarılarla aşağılar heç zaman və heç yerdə yola gedə bilməyiblər, aralarında barışmaz ziddiyyətlər var. Bu gün də belədir, sabah da belə olacaq. Bunu anlamaq və qəbul etmək üçün marksist olmağa gərək yoxdur.
Orta sinif anlayışı nisbətən yeni olsa da, tarixin istənilən dönəmində onun varlığını görə bilərik. Hərbçilər, tacirlər, ruhanilər, aydınlar, hüquqşünaslar, mühəndislər və s. – bunların hamısı birlikdə, ya da ayrı-ayrılıqda (toplumdan asılı olaraq) orta sinif anlayışına girə bilər. Marksistlər bir qayda olaraq onların çoxunu yuxarılara aid edirlər. Üstəlik, marksistlər və bütövlükdə sol üçün istənilən iyerarxiya arzuolunmazdır, dağıdılmalıdır (inqilab, dekonstruksiya və s.).
Bugünkü orta sinif anlayışı bazar iqtisadiyyatı, demokratik siyasi quruluşu və düzgün çalışan hüquq sistemi olan ölkələrdə əsasən özəl sahibkarlıq və onun yaratdığı fürsət və imkanlardan yararlanan sosial qruplara aid olunur. “Əsasən” sözü burada önəmlidir, çünki durum və gedişat toplumdan topluma dəyişə bilir. Toplumdakı münasibətlərin inkişaf dərəcəsindən asılı olaraq yuxarı və aşağı orta sinifləri də fərqləndirmək olur. Yəni orta sinfin özü də bütöv və bölünməz deyil.
Yuxarılarla aşağıların baş-başa qaldığı toplumların siyasi mədəniyyəti düşük, təhsil səviyyəsi aşağı, hüquq sistemi zəif, bazar münasibətləri rüşeym halında olur. Belə toplumlarda demokratik inkişaf çətinləşir, bəzən mümkünsüz olur. Ya yuxarılar durumu anlayaraq ehtiyacdan islahatlara başlayırlar, açılıma getməli olurlar, ya da aşağılar bütün qəzəblərini yığıb yuxarıların üstünə gedir, onları üstün mövqelərindən endirirlər.
Bu yolların demokratiyaya aparacağına dair heç bir zəmanət yoxdur, ola da bilməz. Birinci yol bir qayda olaraq uzun və yavaş olur, ikinci yol zorakı və (və ya) ağrılı.
Problem ondadır ki, orta sinif nə yuxarıların dayağıdır, nə də aşağıların tavanı. Orta sinfə nə yuxarılar güvənir, nə aşağılar. Ona görə də orta sinfin zəif olduğu toplumlarda siyasi nümayəndəlik və vasitəçilik inkişaf edə bilmir. Orta sinif güclü olanda yuxarılarla aşağılar arasında məsafə böyüyür, siyasi səhnə genişlənir, gedişatın zorakı yol alacağı ehtimalı önəmli dərəcədə azalır.
Azərbaycanda orta sinif, demək olar ki, yoxdur. Yaranmağa başlamışdı, başından vurdular. Üstəlik, bizdəki korrupsiyanın miqyası elə oldu ki, maddi göstəricilərə görə orta sinif sayılmalı olanlar özəl iqtisadi fürsətlər hesabına deyil, siyasi və inzibati, başqa sözlə, vəzifə fürsətlərindən yararlanaraq varlandılar.
Bir sosial qrupun orta sinif sayılması üçün yalnız maddi göstəricilər yetərli deyil. Şərti olaraq “mənəvi” adlana biləcək göstəricilər də önəmlidir. İkincinin içinə təhsil, dünyagörüşü, etik prinsiplər, mədəni maraqlar və s. girir. Bizdə bu iki göstərici arasında məsafə getdikcə böyüdü, uçurum halını aldı. Mənəvi göstəricilərə görə orta sinif sayıla biləcək adamların çoxu sürətlə kasıblaşdı, maddi göstəricilərə orta sinif sayıla biləcək adamların çoxu mədəniləşə bilmədi. Belə bir durum ölkəmizin yaxın zamanlarda demokratikləşməsinin qarşısını, başqa səbəblərlə yanaşı, alır.
Azərbaycanda maddi göstəricilərə görə orta sinif sayılan, amma mənəvi göstəricilərə görə orta sinif ola bilməyən, eləcə də əksinə, mənəvi göstəricilərə görə orta sinif sayılan, amma maddi göstəricilərə görə orta sinif ola bilməyən sosial qruplar nə yuxarıları həvəsə gətirə, nə də aşağılara ümid verə bilirlər. Nəticədə yuxarılarla aşağıların arasında məsafə çox kiçikdir, siyasi səhnə çox dardır, nümayəndəlik və vasitəçilik inkişaf edə bilməyib və s.
Aşağılar qəzəblənib yuxarıları devirə bilər, belə bir ehtimalı gözdən qaçırmaq olmaz. Amma bu, arzulanan deyil. Yuxarılar bəzi yumşaltmalara getməyə çalışır, amma bu, yetərli deyil.
Başqa bir problem də var. Bizdəki önəmli dəyişikliklərin çoxu xarici amillərin təsiri hesabına olur. Nəticədə siyasi və daha çox da hüquqi ədəbiyyatda “xarici tilsim hadisəsi” (foreign talisman phenomenon) adlanan bir problem yaranır. Yəni xarici örnək köçürülür, sonradan da onun ya heç, ya da düzgün çalışmadığı üzə çıxır. Ehtiyatlı olmalıyıq, tələsən yerimiz yoxdur.