Arif Hacılı
Müsavat Partiyasının başqanı
Uilyam Şekspir Fransanın milli qəhrəmanı Janna d’Arkı şeytanın elçisi, kasıb və aşağı təbəqədən olduğuna görə hətta atasından imtina edən yalançı, riyakar kimi təqdim edir (“Vl Henrix” pyesi).
Elə həmin əsərdə onun rəqibi, ingilis sərkərdəsi Tolbot şərəfli zadəgan, öz ləyaqəti ilə hətta düşməni heyrətləndirən, xalqını sevən, vətəni üçün canından keçməyə hazır olan cəsur döyüşçüdür…
Şeksprin müdafiəçiləri onun Fransanın milli qəhrəmanına belə qiymət verməsinə haqq qazandırarkən əsərin yazıldığı dövrdə İngiltərə ilə Fransa arasında olan 100 illik müharibənin hələ yaddaşlarda təzə olmasını, bu müharibədən cəmi 140 il (!) keçməsini əsas gətirirlər.
İndi “Orlean bakirəsi” Janna d’Arkı edamdan xilas olmaq üçün hamilə olduğunu deməsinə görə riyakar hesab edən Şekspir qaragüruhdurmu? “Biz heç vaxt təslim olmayacağıq!” (We never surrender!) deyən Çörçill bəşəri dəyərlərin düşmənidirmi?
Yeri gəlmişkən, bu gün Parisin ortasında Çörçillin heykəli var. Bu o deməkdirmi ki, əgər ingilislər yenidən, məsələn, Orleanı işğal etmək istəsələr, burada etnik təmizləmə aparıb ərazini silahlı nəzarətə götürsələr fransızlar onlarla şərab içəcəklər?
…”İkinci Dünya müharibəsində faşistlər babalarınızı öldürüb, indi niyə Almaniyadan siyasi sığınacaq istəyirsiz?” kimi suallar mənasız və yersizdir.
İndi yəhudiləri, slavyanları, elə fərqli düşünən almanları qətlə yetirən, qonşu dövlətlərin ərazilərini işğal edən Almaniya yoxdur.
Bizim də, Avropa ölkələrinin də dostu olan Almaniya faşist Almaniyasının cinayətlərinə görə üzr istəyən, buna görə təzminat ödəyən, faşizm təbliğatını cinayət hesab edən, ekpansionist siyasəti rədd edən Almaniyadır.
İngiltərə ilə Fransa arasında 600 yüz il əvvəl olmuş 100 illik müharibədən və ya İkinci Dünya müharibəsindən sonra Almaniya ilə yaranmış münasibətləri indiki Ermənistan-Azərbaycan münasibətlərinə nümunə göstərmək olmaz. Çünki bu müharibə hələ başa çatmayıb. İşğalçı ölkənin hərbi qüvvələri ərazilərimizi tərk etməyib.
Çünki bu Ermənistan elə ərazilərimizi işğal edən, Xocalı soyqırımını törədən Ermənistandır.
Bu gün Ermənistanda olan hakimiyyətin Azərbaycana aid xarici siyasətində heç bir dəyişiklik yoxdur. Ermənistanın indiki hakimiyyəti Qarabağ məsələsində Köçəryan-Sərkisyan hakimiyyətinin varisidir.
Sülh tərəfdarı olduğunu iddia edən Paşinyan oğlunu Azərbaycan ərazisindəki silahlı birləşmələrdə hərbi xidmətə göndərir. Hətta bunu da “sülhpərvərliyi”nin bir nümunəsi kimi təqdim edir. Sülh istəyən silahla üstümüzə gəlməz.
“Qılıncla gələn qılıncdan da öləcək” – bu, tarixin sınaqlarından keçmiş bir şüardır.
Qarabağ torpağında bizim üçün sərhəd yoxdur. Təmas xəttinin hər iki tərəfi Azərbaycan ərazisidir. Bu əraziyə Ermənistandan silahla gəlib salamat qayıtmayanların sorumlusu biz deyilik. Buna onları silahlandırıb Qarabağa göndərənlər cavabdehdir.
Biz qəddar, amansız millət deyilik. Əksinə, sülhpərvərliyimiz bəlkə də məğmunluq səviyyəsindədir.
O dərəcədə ki, ərazimizin 20 faizədək hissəsini etnik təmizləmə aparmaqla işğal edən, buna qane olmayıb bizə qarşı yeni-yeni iddialar irəli sürən, bizi vəhşi köçəri adlandıran tərəfin düşmən olub-olmaması bizim üçün hələ də müzakirə mövzusudur.
Ərazi bütövlüyümüzü təmin etmək, dövlət sərhədlərimizin bərpası naminə ölümə hazır olmaq hər birimizin vicdan borcu, əsgər və zabitlərimizin isə həm də qanun qarşısında vəzifəsi olduğu halda biz “döyüşək, yoxsa şərab içək” mövzusunu müzakirə edirik.
Mən sülh tərəfdarıyam. Ermənistan və Azərbaycan arasında rəsmi dövlət sərhədləri tam bərpa olunandan, Ermənistan tərəfin başladığı müharibənin nəticələri aradan qaldırılandan sonra kimlərinsə ermənilərlə şərab içməsinə də etiraz etmərəm.
Mənbə: Facebook.com