“Deyənlər olub ki, rəssamlıq hara, təhlükəsizlik əməkdaşı hara?”
- 20 Noyabr 2018
- comments
- Novator.az
- Posted in AktualManşetTribuna
Köhnə Bakını çəkən rəssam Fuad Manafovla müsahibə
– Necə oldu köhnə Bakını çəkməyə başladınız? Niyə başqa mövzu yox, məhz köhnə Bakı?
– Şərt o deyil mən Bakıya vurğunam. Mən keçmişdə qalmış, xatirələri bu gün yaşayan Bakını çəkirəm. “Sovetski”də böyümüşəm. Bu sənətdə təhsilim var. Sırf yaradıcılıqla bir ildir məşğulam. Tələbəlikdən sonra – 1990-cı illərdə Bakıda vəziyyət tam başqa idi. 25 il müxtəlif sahələrdə, təhlükəsizlik xidmətlərində çalışmışam. Nə qədər sənətimdən uzaqlaşsam da ürəyim bir o qədər sənətə tərəf gedirdi. Vaxt tapan kimi sənətimlə məşğul olmağa çalışırdım. Gecələr səhərə qədər rəsm çəkib işə yuxusuz getdiyim zamanlar olub. Hətta deyənlər olub ki, alınmır, rəssamlıq hara, təhlükəsizlik əməkdaşı hara? Sonda qərara gəldim ki, ya bu işi seçməliyəm, ya sənəti. Sənəti seçdim və bir ildir sırf yaradıcılıqla məşğulam. İllərlə içimdə qalıb xatirəyə çevrilmiş, haradasa əzab verən, uşaqlıq yaddaşımda ilişib qalmış motivləri hissə-hissə, Allah mənə nə qədər ömür verib, öz əsərlərimdə təsvir edirəm.
– Rəssamlığa gəlişinizdə dəstəkçiləriniz çox oldu, yoxsa etinasız yanaşanlar? Əsas dəstəkçiniz kimlər idi?
– Hər bir insan məsuliyyət hiss etməlidir. Hər kəs kimi mənim də öhdəliklərim var. Əvvəlcə ailəmlə, sənət dostlarımla məsləhətləşdim. Hər şeyi tərəziyə qoyduq. Sənətə gəlsəm nə qazanacağam, kənarda qalsam nə qazanıb nə itirəcəyəm və sair. Sənətə gəlməklə hiss edirdim ki, həyatımda dəyişiklik etmək şansım var. Əsas dəstəyi ailəmdən gördüm. Dostlarımdan bir neçəsi “sırf sənətlə ailə saxlaya bilməzsən” dedi. Amma maddi sıxıntı çəkməyi dərd etməmişəm. Allah ruzini bir yolla verir.
– Müəlliminiz kim olub?
– Belə başa düşdüm ki, sənətə yiyələnmək üçün bir müəllim kifayət etmir. Çünki sənət haçalanır, onun çox istiqaməti var. Rəssamlıq dərzilik, aşbazlıq, bərbərlik deyil ki, bir ustan olsun. İstəsən də, istəməsən də rəssamlıqda müxtəlif istiqamətlər verən müəllimlərin olmalıdır. Çünki ortada texnika anlayışı var. Peşəyə yiyələnmək üçün bu labüddür. Heç bir rəssam sənətə gəldiyi gündən eyni texnika ilə işləmir. Axtarış, yaradıcılıq olan yerdə texnikanı istər-istəməz dəyişməlisən. Texnikaya da yiyələnmək üçün sənin daima müəllimlərin olmalıdır.
İlk müəllimim Kərim Kərimov olub. O, mənə həqiqətən düzgün istiqamət verib. Ondan sonra rəssamlıq məktəbini bitirmişəm. Orada görkəmli rəssamımız Faiq İbrahimov, Sabir Şıxlı bizə dərs deyib. Onlar mogikan, titan müəllimlər olub. Onlardan sənətin incəliklərini öyrənmişik, amma sirləri gərək özünüz tapasınız. (Gülür)
– Rəssamlıq sizə kimdənsə keçib? Ailənizdə sizdən başqa yaradıcılığa meyilli, rəssamlıqla məşğul olan varmı?
– Mənə heç kimdən keçməyib. Bizim nəsildə əksəriyyəti fizik, riyaziyyatçı olub. Araşdırmışam, bizim nəsildən hələ ki, mənəm. Bir övladım var, artıq babayam. Təəssüf ki, vaxtım olmurdu övladıma nəsə öyrədim, amma nəvəmin marağı var. Bizə gələndə fırçanı əlinə alır.
– Əsərlərinizin hər birinə ad qoyursuzmu?
– Çalışıram birinci əsərimi adlandırım, sonra o mövzuya uyğun işləməyə başlayım. Adı yoxdursa, deməli, o mövzu bitməyib. Mövzusuz iş işləmirəm. Həyatımda olmuş hadisələri kompozisiya şəklində təsvir edirəm. “Elçilik” əsəri bizim məhəllədə olmuş hadisədən yaranıb. Sinif yoldaşımın istədiyi qıza elçi gəldilər. Qızı başqasına verdilər. O hələ də subaydır. Həmin iş bir az ajiotaj doğurdu. Tamaşaçılar bu işi maraqla qarşıladılar.
– Köhnə Bakıdan başqa hansı mövzular sizi özünə cəlb edir?
– Bəzən sifariş olur, amma o iş məni özünə çəkmir. Bakıdan başqa mövzuda çəkə bilmirəm yox, çəkməyə marağım, həvəsim yoxdur. Rəng baxımından, fırçam, təxəyyülüm imkan vermir. Ancaq Bakı…
– Köhnə Bakını çəkərkən şəhərə çıxırsınız, yoxsa vaxtilə gördükləriniz bu gün də çəkməyə bəs edir?
– Əvvəllər hər hansı kompozisiyanı yaratmaqda problem yaşamırdım. Mövzu alınmayanda tez şəhərə gedib istədiyim məhəllədə, istədiyim döngədə istədiyim elementləri əldə edib işimi davam etdirirdim. Amma indi o proses dayanıb. Artıq o Bakı yoxdur. Yerində müasir binalar tikilib. Yeri gəlmişkən, bu yeni binalar arxitektura baxımdan qədim Bakıya tamamilə ziddir. 1980-90-cı illərəcən Bakıda hər tərəfdə rəssamlar var idi. İstər gəlmə, istərsə də yerli rəssamları çox görürdük. Çünki rəssamı çəkən nəsə var idi. İndi elə şey görmək çətindir. Məni bir rəssam kimi yeni binalar özünə çəkmir, maraq kəsb edən bir şey görmürəm. Mənim doğulduğum məhəllədən – “Sovetski”dən demək olar ki, heç nə qalmayıb. Çalışıram hər binasını çəkim, “Sovetski” yaddaşlardan silinməsin.
– Yaradıcılığınızda istifadə etdiyiniz yeniliklər varmı?
– Son vaxtlar özüm üçün yenilik etmişəm. Azərbaycan musiqilərinin mövzusuna uyğun əsərlər çəkməyə başlamışam. “Küçələrə su səpmişəm, yar gələndə toz olmasın” əsəri sırf Bakı, məhəllə xarakterindədir. Biz o vaxtlar necə sevirdik, sevgini müqəddəs bilirdik, gizlədir, hiss etdirmirdik, böyüklərdən, kiçiklərdən məsafə saxlayırdıq və s. Axı bu mahnılar da öz-özünə yaranmayıb. Bütün bunlar daxildə yaşanan hisslərin nəticəsində əmələ gələn mövzulardır.
– Əsərlərinizdə ana xətt, çatdırmaq istədiyiniz vahid fikir nədir?
– Ana xətt səmimiyyət, mehribanlıq, xoşbəxtlikdir. İstəyirəm öz dövrümdəki mehribanlıq, qonşuluq, gözəl ünsiyyəti çatdırım. Arzuladığım budur.
– Əhvalınız çəkdiyiniz əsərə təsir edirmi? İstədiyinizi əldə etmək, mövzuya köklənmək üçün dinlədiyiniz musiqilər varmı?
– Bəli, əhvalım əsərlərimə təsir edir. Əvvəlcə mövzuya uyğun musiqi seçirəm. Fonda mütləq musiqi olur. Rəşid Behbudov, Şövkət Ələkbərova, Əlibaba Məmmədovu dinləyirəm. Bakının panoramasını çəkirəmsə, mütləq Rəşidi dinləməliyəm. O oxuyanda elə bil Bakını yuxarıdan görürsən. Çox vaxt radiom açıq olur. Elə dünən radio dinləyə-dinləyə işləyirdim. Amma gənc müğənninin etdiyi bəzi boğazlar fikrimi dağıtdı, yordu deyə söndürüb Rəşidi dinlədim. Rəssama görmək kifayət etmir, eşitmək, sintez etmək lazımdır.
– Həvəsdən düşüb fırçanı atdığınız anlar olurmu?
– Son zamanlar yox. Hətta bir gün işləməyəndə görürəm ki, mənə təsir edir. Əvvəllər iş prosesiylə bağlı fikirlərimi toplaya bilmədiyim anlar olurdu. Görürdüm ki, fırça lazımi istiqamətdə getmir, rənglərin özünü tuta bilmirəm. Həmin gün kənara çəkilmişəm.
– Bu vəziyyətdən necə çıxırsınız? Sizi nə ilhamlandırır?
– Günəş. Düşünürəm ki, insan ilhamlanmaq üçün kənardan nəsə axtarmamalı, özü özünü ilhamlandırmalıdır. Pessimist olmaq yerində saymaq deməkdir. Əgər bir sənətin, işin arxasınca gedirsənsə bu yolda çətinliklər də, problemlər də olur. “Bu gün işləmirəm, həvəsim yoxdur” demək sənətkarlıq deyil.
– Azərbaycan və dünya rəssamlarından kimləri bəyənirsiniz?
– Azərbaycan rəssamlıq məktəbinin çox gözəl texnikası var. O texnikanı da sənətdə sözünü demiş rəssamlarımız qoyub. Bizim isti çalarlı rənglərimiz var. O da Azərbaycanın – Abşeronun iqlimindən asılıdır. Günəş, kontrast, kölgə… Çox əfsuslar olsun ki, son illər bizim rəssamlar Avropa üslubuna meyl edirlər. Orada isə aqressiya, soyuq çalarlar, pessimizm var. O işlərə baxanda əhval-ruhiyyə elə də qalxmır. Niyə? Çünki rəng çalarları qoymur nəsə hiss edəsən.
Bizim keçmişdən öz rəssamlıq məktəbimiz olub. Səttar Bəhlulzadəni, Mikayıl Abdullayevi, orta əsrlərdə Azərbaycan rəssamlıq məktəbinin banisi olmuş Şeyx Məhəmmədi rəssamlıq məktəbimizin qurucuları kimi çox bəyənirəm. Mən bu gün də Azərbaycanda yaşayıramsa, gözümü açıb bu rəngləri görürəmsə, niyə Avropanın görmədiyim rənglərini, texnikasını qavramalıyam? Bu gün də Azərbaycan rəssamlarına üstünlük verirəm.
– Portret çəkirsinizmi?
– Portretlər də çəkirəm, mənzərə də. Amma çalışıram o cür sifarişləri qəbul etməyim. İnsan var ki, cizgiləri maraq yaradır, insan var ki, yox. Həyat yoldaşımın portretini çəkmişəm. Bu işi çətinliklə işləmişdim. (Gülür)
– Rəssamlığın da yəqin öz əlifbası var. Bu əlifbanı hər kəs başa düşə bilirmi?
– Yazılı ünsiyyət üçün əlifba lazım olduğu kimi sənətdə də əlifba lazımdır. Rəssamın tamaşaçıya aydınlıq gətirə biləcəyi əlifba var. Sənətin ümumdünya əlifbası var. Hər kəsin öz mövqeyindən müzakirəyə qoyduğu əsəri qəbul etmirəm. Amma psixoloji durumla bağlı hansısa əsərlər yaranır ki, onlar sirli-sehirli olaraq qalıb. Müxtəlif cür yozulur. Afrikalı da, alman da baxanda başa düşməlidir. Rəssamla tamaşaçı arasında divar olmamalıdır. Sənət xalqa məxsusdursa hər bir vətəndaş onu başa düşməlidir.
– Ən uzun müddətə çəkdiyiniz əsəriniz hansı olub?
– “Şeytanın vəsvəsəsi” adlı əsərim. Ağır, aqressiv əsərdir. O işi 6 aya yaxın işlədim. Gün ərzində iki, ya üç fiqurdan artıq işləyə bilmirdim. Çünki orada səs-küy, müharibənin bütün dəhşətlərini göstərmişəm. Mövzunu başlayanda başqa işdə işləyirdim. Gün ərzində çoxlu aqressiya, streslə yüklənirdim. O ərəfədə çəkdim. Gün ərzində keçirdiyim stresi, gərginliyi tabloya köçürürdüm. Baxmayaraq ki, adətən, pozitiv mövzular işləyirəm, amma orada xoş əhval-ruhiyyə çəkə bilməzdim.
– Həmin əsər sifariş idi, yoxsa öz istəyinizlə çəkmisiniz?
– Öz ideyamdan doğan əsər idi. Satılıb. 2010-cu ildə satıldı. Azərbaycanda deyil.
– Səsi təsvir etmək olurmu?
– Səsi birinci rəssam özü eşitməlidir. Rəssam eşitməsə, tamaşaçıya çatdıra bilməz. Əsər tamaşaçı ilə danışırsa, əsərdən səs gəlirsə, alınıb.
– Rəssamlığın rəsmini necə təsvir edərdiniz?
– Rəssamlığın şəklini çəkmək mümkün deyil. O çəkilməyib, çəkilməyəcək də. Hər rəssam öz dünyasından çıxış edir, fikirlərini, ideyalarını çatdırır.
– Tələbələriniz varmı?
– Müraciət çox olur. Amma şəraitim yoxdur. Dərs keçsəm öz işlərim qalar.
– Cəmiyyətimizdə sənətə, sənətkara verilən dəyərdən razısınızmı?
– O qədər də yox. Sənətimi xalq dəstəkləyir, maraq var, amma alan ən çox əcnəbilərdir. Əsərlərim dünyanın əksər yerindən alınıb, şəxsi qalereyalarda var, sərgilərdə sərgilənib. Bu yaxınlarda bir xanım iki iş aldı. Soruşanda “Hədiyyə alırsınız?”, dedi: “Yox, qız nəvələrim üçün cehiz alıram”. Onun yaşadığı küçəni çəkmişdim. Bəzən deyirlər, “Fuad müəllim, təşəkkür edirəm mənim evimi, küçəmizi çəkmisiniz”, vəssalam, bitdi. Amma bu xanım nəvələri üçün cehiz alırdı.
Ailə başçısı kimi öhdəliyim var. Əsərlərimi hələ də istədiyim qiymətə satmamışam. Sadəcə razılaşma yolu ilə dolanışığıma yetə biləcək qiymətə satıram. Qiymət o qədər də önəm daşımır. Xalq üçün çəkirəm.
Aləmdə Nəsib,
Əşrəf Fəxri