Hikmət Nazim
Mən təzə-təzə yazmağa başlayanda (2008-2009-cu illər) beş-üç sayt vardı, onlar da heç tanınmamış imzaları dərc etmir, dərc edənlər də qonorar vermək istəmirdi. Bir-iki sayt rəhbəri saflığımdan istifadə edib, qonorar verəcəyi vədi ilə bir neçə həftə yazı yazdırmışdı, əməyimin haqqını tələb edəndə isə demişdi ki, xoşun gəlmir yazma, məcbur edən yoxdur. Yəni sözün qısası, bir neçə dəfə “ağzım yanmışdı”.
Bir gün internetdə eşələnərkən “Azərsayt” adlı provayderə rast oldum. Demə, bloq yaradıb öz yazılarımı dərc edə bilərəmmiş. O vaxta qədər bu haqda məlumatım yox idi. Elə həmin gün “Ağacdələn” adlı bloq açdım. Uzağı iki-üç həftə sonra anladım ki, ölkədə mənim kimi yazılarını dərc etməyə yer tapmayan xeyli adam var.
Fikirləşdim ki, ümumi bloq kimi fəaliyyət göstərmək daha yaxşıdır. Email-imi bloqa yerləşdirib elan verdim: “İmzasından, təcrübəsindən asılı olmayaraq hər kəs yazı yollaya bilər, “Ağacdələn” hamımızdındır”.
İmzası tanınmış, tanınmamış hər kəsdən məktub alırdım. Kimisi yazı göndərirdi, kimisi şeir… Kimisi reportaj yazıb yollayırdı, kimi təhlil… Kimisi də sadəcə təşəkkür edirdi. Təşəkkür məktubu yazanların çoxu xaricdə (Türkiyə, Rusiya, Amerika, İsveç, Almaniya) yaşayan soydaşlarımız idi. Bloq gözləmədiyim qədər çox oxunurdu.
İndi bəlkə də təvazökarlıqdan uzaq olacaq, amma həmin ərəfədə Eluca Atalı, Araz Gündüz, Güntay Gəncalp kimi imzası bir o qədər də tanınmayan yazarlar araşdırma yazılarını, köşələrini, tərcümələrini ancaq mənə göndərirdilər. Bir dövrdən sonra kifayət qədər populyar saytlar da onların yazılarını dərc etməyə başladı. Eləcə də mənim yazılarımı…
Bəli, mənim yazılarım da yavaş-yavaş dərc olunmağa başladı. Düzdür, hələ də qonorar almırdım, amma daha redaktorlar ağız büzmürdü, yazılarım redaksiyaya yolladığım günün səhəri saytda, qəzetdə olurdu.
Bu, çox gözəl idi. Stimul verirdi. Müsahibələr etməyə başladım. Yeri gəlmişkən deyim, mərhum Rafiq Tağı sonuncu dəfə mənə müsahibə vermişdi. Həmin müsahibəni o vaxtların məşhur saytlarından olan Adyazar.az “Canlı klassiklə müsahibə” adıyla dərc elədi.
Bütün gözəl işlər kimi “Ağacdələn”in də ömrü qısa oldu. Rafiq Tağı dünyasını dəyişəndən bir neçə ay sonra provayder çökdü. Təbii, mənim bloqa yerləşdirdiyim yazılar da silindi. Üzüldüm, amma sevindirici bir məqam vardı: relsə düşmüşdüm.
Bir müddət sonra Carçi.az adlı sayta veb-redaktor kimi dəvət aldım. Bir neçə ay da orada işləyib müxbir kimi “Yeni Müsavat” qəzetinə işə düzəldim. Düz üç il qərb bölgəsində (Qazax, Tovuz rayonlarında) çalışdım.
2016-cı ildə “Yeni Müsavat” qəzetindən ayrılıb “Sputnik Azərbaycan” xəbər agentliyində reportyor kimi fəaliyyətə başladım. Dalınca da bir-birini qovalayan layihələr gəldi.
Bunları niyə yazıram? Deməli, iki-üç gün qabaq bir nəfər sosial şəbəkələrin birində hansısa işəgötürənin ondan təcrübə tələb etməsindən şikayətlənmişdi: “Təcrübə üçün işləmək lazımdır, işləmək üçün təcrübə… Siz isə heç birini vermirsiniz. Axı biz yetimlər nə edək?”
Tamamilə yerində verilmiş sualdır: Axı neyləsin bu yetimlər? Düzdür, bu statusu yazan başqa sahənin adamıdır, hər hansı bir media qurumundan iş istəmir, amma məlum “krizis” jurnalistika sahəsində də mövcuddur: hamı “vaxtım qızıldır” deyib təcrübəsiz adamla işləmək istəmir.
Fikrimcə, problemi jurnalistlərin özləri həll etməlidirlər. Üstəlik, bu gün mənim 10 il qabaq elədiyim kimi bloq açmağa ehtiyac yoxdur. “Feysbuk”da şikayət dolu statuslar yazmaq əvəzinə müxtəlif mövzular haqqında yazılar yazıb, videoreportajlar hazırlayıb özlərini inkişaf etdirə bilərlər. İmzasını təsdiq etmək üçün qısametrajlı film çəkən rejissorlar kimi… İndi həbsdə olan “Sancaq” səhifəsinin sahibi Mehman Hüseynov kimi…
Müəllifin başqa yazıları:
Jurnalist də Tanrı kimi…
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Düz bazar”, yoxsa bazar?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?