“Psixoloji yardım haqqında” qanun layihəsinə təkliflərim
Şükran Dədəyev
Psixoloq psixoterapevt,
BDU-nun psixologiya müəllimi
Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında nəhayət ki, ictimaiyyətin çoxdan gözlədiyi “Psixoloji yardım haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Artıq layihə ictimai müzakirəyə də açıqdır.
Öncədən qeyd edim ki, parlamentin səhiyyə komitəsinin hazırladığı qanun layihəsində kobud səhvlər və dövlət əhəmiyyətli qeyri-adekvat yanaşmalar yoxdur. Ancaq müəyyən anlaşılmazlıqlar və texniki səhvlər var. Onlardan danışmaq, eyni zamanda təkliflərimi müzakirəyə təqdim etmək istərdim.
***
Qanun layihəsinin “Əsas anlayışlar” maddəsində (1-ci fəsil, 1-ci maddə) “psixologiya” qeyd olunmayıb. “Psixoloji yardım” anlayışından sonra “psixologiya” yazılmalıdır. Çünki psixoloji xidmət və müalicə ilə bağlı bütün professional fəaliyyətin əsasında psixologiya, onun istiqamətləri, sahələri və məktəbləri durur. Məsələn, “Əsas anlayışlar” maddəsində qeyd olunan “koqnitiv psixologiya”, “davranış psixologiyası” (bihevioral psixologiya, biheviorizm) və “neyropsixologiya” elə psixologiyanın sahələridir. Psixologiya psixoloji yardımın və müalicənin kökündə durur, o ən əsas anlayışıdır.
“Psixoterapiya” da “Əsas anlayışlar” maddəsinə salınmalıdır. Amma “psixoterapiya” 4-cü maddədə “psixoloji yardımın növü və forması” kimi göstərilib. Artıq bu anlaşılmazlıq yox, professional baxımdan səhv yanaşmadır. Çünki psixoterapiya psixi yardımı və müalicəni həyata keçirən böyük bir müstəqil müalicəvi fəaliyyət sahəsidir, psixoloji yardımın növü və forması deyil. Psixoterapiya ilə məşğul olan şəxslərə isə psixoterapevt deyilir. Psixoloji yardımı və müalicəni həyata keçirən psixoterapiya üsulları və növləri psixoterapiyanın daxilindədir. Onlara “psixoterapevtik üsullar və formalar” deyilir.
Belə olan halda, “psixoterapiya” anlayışı 1-ci maddədə, “psixoterapevtik üsullar və formalar” isə 4-cü maddədə (“Psixoloji yardımın növləri və formaları”) “psixoterapiya”nın yerində olmalıdır.
“Əsas anlayışlar”a “ailə terapiyası” bəndindən sonra müasir populyar sahə olan “sosial terapiya” da əlavə oluna bilər.
***
Qanun layihəsində psixoloji yardımı bütün aktiv əhali üçün əlçatan etmək baxımından boşluq var. Qanunda açıq şəkildə yazılmalıdır ki, ölkənin aktiv əhalisini ilkin və davamlı psixoloji yardımla təmin etmək üçün bütün dövlət və qeyri-dövlət müəssisələrində psixoloq ştatı olmalıdır. Çünki psixoloji problemlər bütün insanları narahat edən, onların gündəlik sosial münasibətlərini, davranışını əhatə edən problemlərdir. İş yerlərində bu cür hallara qarşı gündəlik mübarizənin və tədbirlərin həyata keçirilməsi vacibdir. Bunu nəzərə alaraq dünyanın əksər ölkəsində bütün növ təşkilat və müəssisələrdə psixoloqlar fəaliyyət göstərirlər.
Beləliklə, qanun layihəsinin “Psixoloji yardım sahəsində dövlət siyasəti” adlı 2-ci fəslinə belə bir cümlənin əlavə olunmasını təklif edirəm: “Aktiv əhali arasında ilkin və davamlı psixoloji yardımın əlçatanlığını təmin etmək üçün bütün dövlət və qeyri-dövlət müəssisələrində psixoloq ştatları olmalıdır”.
***
Qanun layihəsinin 15-ci maddəsində (“Təhsil müəssisələrində psixoloji yardım”) anlaşılmazlıq var. Bu maddədə “məktəb (pedaqoji) psixoloqu” ifadəsi işlədilir. Təhsil müssisələrində psixoloji xidmətin təşkili bütün təhsil müəssisələrini əhatə edir, bura ali məktəblər də daxildir, “Təhsil haqqında” qanuna edilmiş dəyişiklikdə də bu öz əksini tapıb.
“Psixoloji yardım haqqında” qanun layihəsinin 15-ci maddəsinin də adı “Təhsil müəssisələrində psixoloji yardım”dır. Yəni burada söhbət təkcə orta ümumtəhsil məktəblərindən getmir, bütövlükdə təhsil müəssisələrindən gedir. Ona görə bu maddədə “məktəb (pedaqoji) psixoloqu” ifadəsindən istifadə oluna bilməz. Mötərizədə verilmiş “pedaqoji” sözü isə ümumiyyətlə artıqdır, çünki bu söz anlaşılmazlıq yaradaraq təhsil müəssisələrində psixoloqun “pedaqoji psixoloq” kimi qəbul olunmasına gətirib çıxarır; pedaqoji psixoloq isə tamamilə fərqli ixtisas istiqamətidir və onlar psixoloji yardımı həyata keçirmirlər. Sosial-pedaqoji işləri görmək üçün isə artıq təhsil müəssisələrində “sosial pedaqoq” ixtisas istiqaməti yaradılıb. Psixoloji yardımı mötərizəsiz və “pedaqoji”siz olaraq yalnız və yalnız psixoloq həyata keçirir.
15-ci maddənin 2-ci və 3-cü bəndlərində yazılmış “məktəb (pedaqoji) psixoloqu” ifadəsi həmin maddənin 1-ci bəndi ilə (“15.1. Azərbaycan Respublikasında təhsilin bütün pillə və səviyyələrində sağlam psixoloji mühiti, fərdi inkişafı və təhsil alanların psixoloji tələbatlarını təmin etmək məqsədi ilə psixoloji yardım göstərilməsinə təminat verilir.”), xüsusilə də buradakı “təhsilin bütün pillə və səviyyələrində” sözləri ilə kobud uyğunsuzluq təşkil edir.
15-ci maddədə “məktəb (pedaqoji) psixoloqu” əvəzinə “təhsil müəssisələrində psixoloq” yazılmalıdır.
***
Qanun layihəsində psixoloji sağlamlıq və psixoloji yardım mərkəzlərinin yaradılması ilə bağlı daha ciddi tədbirləri nəzərdə tutan maddələr yoxdur. Azərbaycanda psixoloji sağlamlıq və psixoloji xidmət sahəsində inkişafa nail olmaq üçün “Psixoloji yardım haqqında” qanunda ilk növbədə dövlət tabeliyində “Psixoloji sağlamlıq” və “Psixoloji xidmət” müəssisələrinin yaradılması haqda maddə əksini tapsaydı, çox yaxşı olardı. Bu mərkəzlər müasir avadanlıqlarla və professional kadrlarla təmin edilməlidir. Tibb sahəsində olduğu kimi dövlət tabeliyindəki psixoloji mərkəzlər, psixoloji xidmət müəssisələri oxşar özəl müəssisələr üçün qanuni etalon və nümünə rolunu oynaya bilər. Düzdür, Bakı şəhərində Psixi Sağlamlıq Mərkəzi var, amma ona psixiatrlar rəhbərlik edirlər və bu mərkəzin professional fəaliyyəti əsasən psixiatrlar tərəfindən tənzimlənir. Yaradılacaq yeni “Psixoloji sağlamlıq” və “Psixoloji xidmət” mərkəzlərinə isə psixoloqlar rəhbərlik etməli, orada çalışan mütəxəssislər psixologiya ixtisaslarına (xüsusilə də IV qrupdan ali məktəblərə qəbul olmuş psixologiya, klinik psixologiya ixtisaslarına) yiyələnmiş ali təhsilli professionallar olmalıdır. Bu müəssisələr psixoloji yardımı və psixoterapevtik fəaliyyəti dərman preparatlarından istifadə etmədən həyata keçirməlidir.
Ümumiyyətlə, qanun layihəsində mülkiyyət növündən (dövlət və yaxud özəl) asılı olmayaraq psixoloji müəssisələrə lisenziyaların verilməsi barədə heç nə yazılmayıb. Halbuki bu sahədə problemlər artıq bütün ictimaiyyəti narahat edir. Deməli, hətta “Psixoloji yardım haqqında” qanun qəbul ediləndən sonra da özəl psixoloji mərkəzlər professional və rəsmi nəzarətdən kənarda qalan sosial xidmət obyektləri kimi fəaliyyət göstərəcək.
Psixoloji mərkəzlər professional fəaliyyət istiqaməti üzrə yaradılmalıdır. Yəni bu mərkəzlərin əsas istiqaməti psixoloji xidmət, müalicə və konsultasiya olmalıdır. Amma Azərbaycanda qeyri-adi “universal” xidmət formasından istifadə olunur – psixoloji, loqopedik, defektoloji, hətta psixiatrik fəaliyyət bir mərkəzdə həyata keçirilir. Halbuki bu, professional və hüquqi baxımdan ciddi problemlər yaradır. Belə olan halda, psixoloji mərkəzlərin yalnız professional psixoloji yardım və müalicə istiqaməti üzrə yaradılması onlara rəsmi və professional nəzarəti də mümkün və effektiv edərdi.
Qanun layihəsinin “Psixoloji yardım sahəsində dövlət siyasəti” adlı 2-ci fəslinə belə bir cümlənin əlavə olunmasını təklif edirəm: “Azərbaycanda psixoloji sağlamlıq və psixoloji yardım sahəsində inkişafa nail olmaq üçün fövlət tabeliyində olan Psixoloji sağlamlıq və Psixoloji xidmət müəssisələri yaradılmalıdır”.
***
Qanun layihəsində psixoloji yardım sahəsinə dövlət nəzarəti lazımınca əks olunmayıb. Psixoloji yardımı və professional xidməti tənzimləmək üçün ictimai əsaslarla fəaliyyət göstərən Azərbaycan Psixoloqlar Şurasının yaradılması nəzərdə tutulur (21-ci maddə). Halbuki bu müasir strateji sahənin idarə olunması və inkişafı üçün birbaşa dövlət tabeliyində rəsmi qurumun yaradılması daha məqsədəuyğun sayıla bilər. Heç olmasa “Dövlət Psixoloji Yardıma Nəzarət Agentliyi” adlı orqan yaradılsın. Çünki əhalinin, xalqın psixoloji sağlamlığı kimi mühüm sahəni təkcə ictimai əsaslara, ictimai olanlara havalə etmək olmaz.
***
Qanun layihəsində mütəxəssislər və vətəndaşlar üçün o qədər də yaxşı anlaşılmayan sözlər var: “sessiya”, “davranış psixologiyası”, “sağlamlıq psixologiyası”.
“Sessiya” daha çox koqnitiv terapiyada istifadə olunan qəbula və birgə məşğələyə deyilir. Halbuki istənilən növ psixoloji xidmətdə, konsultasiyada və psixoterapiyada qəbullar zamanı bütün dünyada qəbul olunmuş, heç bir filoloji-məntiqi problemi olmayan “seans” sözündən istifadə edilir. Niyə bizim qanunda da ümumi istifadədə olan “seans” sözündən yox, xüsusi istiqamətdə (koqnitiv terapiyada) istifadə edilən “sessiya” sözündən istifadə olunsun?
“Davranış psixologiyası” əslində terminoloji anlayışın tərcüməsidir, dünyanın hər yerində, elə Azərbaycanda da “davranış psixologiyası”na “biheviorizm” və yaxud “bihevioral psixologiya” deyirlər (“behavior” ingiliscə davranış deməkdir). Psixoterapiyada isə onun müalicəvi istiqamətinin adı “bihevioral-koqnitiv psixoterapiya”dır. Belə terminləri tərcümə etməyə ehtiyac yoxduur. Onda qanun layihəsində əsas anlayışlardan biri kimi göstərilən “koqnitiv psixologiya”nı da gərək tərcümə edib “idraki psixologiya” yazasan (“cognition” ingiliscə idrak deməkdir).
Ölkəmizin psixologiya üzrə təhsil, tədris sistemində və elmi terminologiyasında “sağlamlıq psixologiyası” ifadəsi də yoxdur, “psixi sağlamlıq” var.
“Əsas anlayışlar”da, 1-ci maddədə “psixoanaliz”ə ümumi primitiv yanaşma var: “psixoanaliz – psixi pozuntuların müalicəsinə dair psixoloji nəzəriyyə və psixoterapevtik müalicə üsulu.”
Psixoanaliz adi terapiya və psixi müalicə üsulu deyil, ona xüsusi yanaşma tələb olunur. Çünki psixoanaliz psixi müalicənin və müasir psixoterapiyanın professional dayaq nöqtəsi və fundamentidir. Ona görə psixoanalizə aid bənd belə yazılmalıdır: “psixoanaliz – psixi pozuntuların müalicəsinə dair fundamental dərin psixoloji terapiya nəzəriyyəsi və psixoterapevtik müalicə üsulu.”
***
Səhiyyə müəssisələrində psixoloq kimi çalışmaq üçün ən aşağı təhsilin bakalavr yox, klinik psixologiya üzrə magistr təhsil səviyyəsinin tələb olunması problemi də diqqəti cəlb edir. Bu tələb 18-ci maddədə (“Səhiyyə müəsissələrində psixoloji yardım göstərmək hüququ olan şəxslər”) qoyulub.
Araşdırma nəticəsində məlum olur ki, xaricdə, qonşu Türkiyədə də səhiyyə müəssisələrində psixoloq kimi çalışmaq üçün minimum ali təhsil kimi bakalavr səviyyəsi tələb olunur, Azərbyacanda isə söhbət IV qrupdan ali məktəblərə daxil olmuş bakalavr psixoloqlardan gedir. Bu problemlə bağlı fikir bildirmək istəməzdim, çünki bu, tibb müəssisələrində psixoloji yardımı yüksək səviyyədə həyata keçirmək istəyən Səhiyyə Nazirliyinin səlahiyyətlərinə və dövlətin səhiyyə siyasətinə aid məsələdir.
***
Ola bilsin, qeyd etdiyim bəzi təkliflərin məhz indi, bu qanun layihəsində əksini tapması mümkün deyil. İndiki halda qanunun tezliklə qəbulu və tətbiqi daha böyük əhəmiyyət kəsb edir. Amma bu qanun qəbul edildikdən sonra da psixoloji xidmət sahəsinin təkmilləşdirilməsi və inkişafı prosesi davam etməlidir. Çünki müasir dünyada əhali sağlamlığında psixoloji problemlərin və onun strateji əhəmiyyətinin çəkisi, siyasi əhəmiyyəti artır. Zaman keçdikcə dövlət orqanları əhalinin psixoloji sağlamlığı ilə bağlı yeni problemlərlə üzləşir. Söhbət tək intiharların artmasından getmir. Başqa ağrılı problemlər də gündəmi zəbt edib: doğma insanlara zorakılıq, hətta ata-anaya fiziki qəsd, bacı-qardaşlar arasında qanlı davalar, ailəvi intiharlar, dini qarşıdurmalar, siyasətdə və siyasi qarşıdurmalarda xalq, kütlə psixologiyası ilə manipulyasiya və sair.
“Psixoloji yardım haqqında” qanunun qəbulunu və tətbiqini aktuallaşdıran saysız-hesabsız səbəblər var.
Dövlət və qeyri-dövlət müəssisələrində, təhsil müəssisələrində (xüsusilə orta ümumtəhsil məktəblərimizdə), televiziyalarda, mətbuatda psixoloji xidmət, psixoprofilaktik yardım fəaliyyətinə, maarifləndirmə layihələrinə professional, rəsmi dövlət nəzarəti gücləndirilməli və bu proses hüquqi, qanunverici mahiyyət kəsb etməlidir.