Emin Hüseynzadə
“Azərbaycan mediası niyə bu gündədir” sualının cavabını onun pərdə arxasında qalanlarında axtarıb tapmaq olar. Onlar görünməzlərdir. Kim və niyə olduğu haqda ətraflı yazmışam.
İllərlə hamı hirslənir. “TV-lərdəki bu səviyyəsiz verilişlər hardan çıxdı?”, “Müğənnilərdən bütün mövzularda – siyasətdən tutmuş ölkə iqtisadiyyatına qədər niyə şərh alınır?” kimi suallar eşidirəm. Bu görünməzlərin əsas cavabı belədir: “İzləyici özü bunu tələb edir. Daha çox oxunaqlı məhz belə mövzulardır”. Bu sözləri deyənlərin əksəriyyəti redaktorlardır. Bəli, gözəgörünməz redaktorlar. Onlar yazılardan, çıxışlardan və “Feysbuk” statuslarından bilinməzlər. Adətən başqa jurnalistlərin yazılarındakı səhvləri ifşa edər, “nırç-nırç” edib kənarda durar, öz saytlarının normal yazılarını paylaşarlar.
Necə olur ki, eyni redaktorlar başqalarının səhvlərini görür, amma saytında, kanalında və ya səhifəsindəki yanlışlıqları hiss etmir. Eyni zamanda media sahəsində maaşların azlığı haqda inildəyirlər, amma bu vəziyyəti necə dəyişə biləcəklərini bilmirlər…
Artıq 15 ildən çoxdur ki, Azərbaycanda hər cür redaktor görmüşəm. Onların hamısının ümumi problemi var. Bu problem idarəçilik biliklərinin sıfıra yaxın olması ilə bağlıdır.
Redaktorların əksəri keçmişdə müxbir işləyib. Bu o qədər uzaq keçmişdir ki, durub hansısa mövzuda yazı yazmaq istəsə, mütləq jurnalistika prinsiplərinə zidd yazasıdır. Bunlardan bəziləri sovet jurnalistikası təhsili alıb, bu isə media təhsilinin olmamasına bərabərdir. Digərləri təbliğatla bağlı olublar. Sovet dövründə müxtəlif təşkilatlarda və ya müstəqillik dövründə siyasi partiyalarda təşkilatçılıq, təbliğat və “gözəl həyatın vəsf edilməsi” ilə məşğul olublar. Onların işlətdiyi mediadan hansısa prinsiplər və doğruluq gözləmək lazım deyil.
Üçüncü qrupda da əvvəlkilərin rəhbərliyi altında işləmiş – “filankəsin məktəbindən” keçmiş jurnalistlərdir. Yarımçıq biliklərlə ya PR sahəsində, ya da jurnalistika sahəsində yaşlanıb, özlərini daha yüksək pillələrə layiq biliblər.
Dördüncü və ən kiçik qrup var ki, təsadüfən xaricdə təhsil alıb və ya öz üzərində işləyib, olduğu təlimlərdə təkcə nahar vaxtı ilə keçinməyib, həm də öyrəndiklərini dərhal işində tətbiq etməklə müəyyən işlər görüb. Bunlar o qədər azdır ki, cəmiyyət bu haqda danışmır.
Hər növ bilik əldə etmiş adamlar hansısa formada mediaya rəhbər gətirilir. Məhz bu məqam da Azərbaycan mediasına məhvedici təsir göstərən, ortaya səhvlər çıxaran məqamdır.
Ən yaxşı jurnalist belə idarəçiliyi bacarmaya bilər. Axı menecment tamamilə fərqli sahədir və onun videonu hansı bucaqdan çəkmək, yazını necə bitirmək və ya səs keçidini necə seçməklə heç bir əlaqəsi yoxdur. Azərbaycanda media idarəçiliyi demək olar ki, yoxdur. Redaktorlar menecer gətirilir və bu prosesdə yeganə ümid fitri istedadlaradır, çünki yalnız onlar təsadüfən bu sahədə bacarıqlar göstərə və medianı inkişaf etdirə bilirlər. Yalnız onlara bel bağlamaq isə mediaya pul verənlər – təsisçi, sponsor, reklam agentliyi, reklam verən və digərləri üçün düzgün idarəetmə qərarı deyil.
Redaktor menecementi bilməsə də, iddialıdır. O həm yazıları yoxlayıb üstünə “bir quş” qoymaq, həm də maliyyə axınlarını idarə etmək sevdasında olur. Nəticədə səhv qərarlar, itirilmiş zaman və yalançı media məkanı yaranır.
İşini bilməyən, amma qulpundan yapışan adamlara nə ad vermək sizlərdən asılıdır. Adətən onlara bacarıqsız deyirlər.
Heç bir statistikaya əsaslanmayan “xalq bunu istəmir” fikirləri, “cəmiyyətə təsir etməkdən ötrü” qurulan mediadan istifadəyə imkanlar yaranır. Ölkədə media təhsilinin ümumiyyətlə olmaması bu sahədə dəyişiklikləri gözləməmək kimi siqnallar verir.
Yalnız jurnalistika təhsili ilə uzağa gedə bilməyəcəyik. Media sahəsində təcili bir sıra ixtisaslaşmalar aparılmalıdır. Onlardan biri də media idarəçiliyidir. Hələlik isə yaxın illərdə görəcəklərimiz əvvəlkilərdən çox da fərqlənməyəcək.
Müəllifin başqa yazıları:
Maraqlı başlıqla istifadəçini aldatmağın 10 yolu
Jurnalistlər işlədiyi saytların auditoriyasından xəbərsizdir
“Turistləri Ümrə yerinə Rio karnavalına apardı” yalanı necə ifşa oldu?