İslam dünyasında təriqət düşmənçiliyi və onu durdurmaq yolları
Vətəndaş Cəmiyyəti Uğrunda Qadınlar Alyansı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə islamda müasirlik proseslərinə dair proqram gerçəkləşdirir.
Proqramın adı belədir: “Liberal və qeyri-şəriətçi islam ideyalarını Azərbaycan insanına aşılamaq uğrunda rəmzi məhkəmələr”.
Oktyabrın 24-də proqram çərçivəsində Şamaxıda Şahbaz Xuduoğlu ilə İlham Səfərov arasında debat keçirilib.
Dedbat zamanı Şahbaz Xuduoğlu islamda təriqət və terror münaqişələrinə qarşı iddia ilə çıxış edib, İlham Səfərov iddianı cavablandırıb.
Novator.az onların çıxışlarının əsas məqamlarını təqdim edir.
Şahbaz Xuduoğlu:
– Hörmətli sədr, hörmətli şamaxılılar!
Bütün İbrahim dinləri (bəzən ona səmavi dinlər də deyirlər, ancaq bu düz deyil, çünki induizm, sixizm, əski türklərdə tenqriçilik, yaponlarda sintoizm də səmavi dinlərdir və hətta “tenqri” sözünün ilkin mənası Göydür), yəni İbrahim peyğəmbərdən başlayan dinlər sanki insanları birləşdirmək məqsədini güdür. Ancaq məşhur ingilis filosofu Uaythed bir qəribəliyi açır. Soruşur ki, bəs nədən bütün dinlər, yəni təkcə islam yox, o biri böyük dinlər və sektalar da işdə birliyə yox, bölünmüşlüyə, didişmələrə, bir-birini bəyənməməyə gətirib çıxarır?!
Şiəlik də, sünnilik də, təsəvvüf də islamın qollarıdır, onlara təriqət, yəni yol da deyirlər. Hamısında “Quran”, peyğəmbər, Məkkə yüksək tutulur. Di gəl, bu, onlar arasında düşmənçiliyin qarşısını almır.
Ortaçağda şiələr arasında Əbu Talibi, Öməri, Osmanı söymək dəb idi və sünni xəlifələr, padşahlar bunun üstündə nə qədər şiəni edam etmişdilər. Elə həmin ortaçağda şeyx Heydər Səfəvi ordusu ilə Şamaxıya gələndə sünni şamaxılıların üstünə saqqal pulu deyilən vergi qoymuşdu. İndi İranda müsəlman saqqal saxlamalıdır, o vaxtlar isə səfəvilər üzlərini qırxırdılar. Şamaxılılar dədə-baba qaydasında saqqal saxlayanda deyirdilər buna görə vergi ver (Birinci Pyotr da saqqal saxlayan boyarlardan saqqal pulu alırdı).
Yalnız II Şah İsmayıl üç xəlifəni qarğışlamağı yasaq etdi. Dərviş Qəmbər Həzrət Əlinin düşmənlərini lənətləyən şeir oxuyanda əsgərlər tökülüşüb onun başını əzdilər. Bundan sonra Qəzvində ded-qodu yayıldı ki, şah sünniliyə keçib. Görürsünüzmü, hətta padşah da şiələrlə sünnilər arasında gərginliyi azaltmaq istəyəndə onu xain sayırdılar.
İndi Allaha şükür, Azərbaycanda bu qədər şiə və sünni ola-ola münasibətlər doğmadır, hansımız Qazaxdan, Qubadan, Şamaxıdan sünni nəslindən çıxmış yazar və şairlərimizi, ictimai şəxsləri təriqət kimliyinə görə bəyənmir?! Onları bütün Azərbaycan müsəlmanları sevirlər. Bəyəm Şamaxıda sünnilər bizim şiə yazıçıları, şairləri sevmirlər? Bəxtimiz gətirib ki, Şimali İrlandiyada olan katolik-protestant savaşı bizdə olmayıb. Ancaq gəlin bu dincliyə elə də arxayın olmayaq.
Sələfiliyin radikal qanadı olan vəhhabiliyi qəbul edib İŞİD-ə qoşulmuş azərbaycanlılar güman ki, İraq şiələrinin də boynunu vurublar. Bütün bunları ara qızışdırmaq üçün demirəm. Onun üçün deyirəm ki, təriqətlər öz adamlarını birləşdirsələr də onları başqa təriqətlərə qarşı qoyurlar, ona görə onların arasında sonradan partlayası bomba gizlənir. Bunu heç vaxt unutmamalıyıq!
Məşhur müsəlman tarixçisi əş-Şəhristani islamda təriqətlərdən kitab yazanda göstərmişdi ki, maqların 70, yəhudilərin 71, xristianların 72, müsəlmanların isə 73 təriqəti var. Gördüyünüz kimi, orta əsrlərdə də bilirdilər ki, harada din varsa, orada yavaş-yavaş bölünmə, ayrılma gedir və bu da axırda gətirib düşmənçiliyə çıxarır.
Deyirlər ki, Məhəmməd peyğəmbər belə söyləyib: “Mənim ümmətimdə çoxlu təriqət olacaq, ancaq onlardan yalnız biri adamları behiştə aparacaq”. Şəhristani özü də Aristotelin məniqindən çıxış edərək deyirdi: “Ola bilməz ki, bu təriqətlərin hamısı düz olsun. Biri haqdırsa, yerdə qalanlar yalan olmalıdır”.
Mən islamda bu təriqət çoxluğunu ateist mövqedən izah etmək istəmirəm, yəni demirəm ki, islamdakı və eləcə də başqa dinlərdəki təriqət hərc-mərcliyi ateistlərin şübhə və tənqidini əsaslı edir. Mən sadəcə onu demək istəyirəm ki, təriqətlər bir-birinə nifrət aşıladığı üçün onların nümayəndələri fürsət düşəndə rəqiblərinin qanını tökürlər. Ən son örnək kimi vəhhabilərin şiələrə və tərsinə – şiələrin vəhhabilərə nifrətini göstərə bilərəm. Əfqanıstanda şiə mədəniyyət mərkəzini partladan vəhhabi cihadçı olub. İraqda islam dövləti deyilən qrup həm də İraq şiələrini, Suriya əməvilərini qırıb. İŞİD Bağdada doğru yeriyəndə təzə əsgərliyə çağırılmş gənclərin toplandığı ordu bölümünü mühasirəyə almış, oradakı 1700 gəncdən şiələri ayırıb vəhşicəsinə qırmışdı. Bunun əvəzini isə İran şiə komandosu çıxdı. Onun döyüşçüləri İŞİD əsgərlərini əsir götürüb onlara dəhşətli işgəncələr verdilər. Təkcə əsgərlərə yox, onlarla əlaqədə şübhəli bilinənlərə də işgəncə verdilər. Beləcə, İraqda və Suriyada bütün müsəlman aləmi bir-birini Allah, “Quran”, peyğəmbər adından qıran canilərin ayağı altında qalmışdı.
Bir absurd vəziyyyəti də deyim. Liviyada, İraqda, Suriyada vuruşan düşmən tərəflərin hamısı “Allahu-əkbər” hayqıraraq vuruşurdu. Adamın ağlına sığmır. Necə olur ki, “Allahu-əkbər” deyəsən və duruxmayasan da ki, qarşı tərəf Allahın böyüklüyünə inanırsa, mən ona necə nifrət edə bilərəm?!
Sualım belədir: “Terrorun islama dəxli yoxdur” deyənlər bəyəm bilmirlər ki, İŞİD də, “əl-Qaidə” də terroru “Quran”dan sitat gətirdikləri ayələrlə təmizə çıxarır?
Bilirsinizmi bəzi cihadçılar dinc camaatı qırmağı “Quran”la necə əsaslandırırlar? Onların qan tökmək üzrə dərsliklərini Abdulla əl-Mühaciri yazıb. Bu kitab “Quran”dan ayələrlə doludur. Kitabın adı “Cihad teologiyası”dır. Teologiya Allah, din haqqında təlimdir. “Cihad teologiyası”nda, məsələn, “Quran”dan örnək gətirilərək göstərilir ki, ilk müsəlmanlar yəhudi qəbiləsi olan bəni-qüreyşin kişilərini qırmış, qadın və uşaqlarını əsir götürüb satmışdılar. Əl-Mühaciri təbliğ edir ki, şiələrlə, yezidilərlə də belə davranılmalıdır. İŞİD-çilər yezidilərin yaşadığı şəhəri tutanda kişilərini qırmış, qadınlarını isə götürüb bir-birinə satmış, hədiyyə etmişdilər. Vəhhabilər şiələrlə vuruşanda da onların arvadlarını, mallarını halal bilirlər. Dəhşət deyilmi?! Axı İŞİD-çilərin çoxu ürəkdən Allaha inanır, namaz qılır, oruc tuturdu və eyni zamanda o biri sünnilərin, şiələrin arvadlarını özlərinə halal bilirdilər, ya da ağına-bozuna baxmadan camaat qaynaşan müsəlman bazarlarını partladırdılar.
Cihadçıların o biri sevmili kitabı Əbu Nəcinin yazdığı “Qəddarlıqla idarə”dir. Orada da “Quran” və hədislərdən bol istifadə edilib.
Statistika göstərir ki, 80 beynəlxalq terror qrupundan 72-si islam ideologiyası ilə bağlıdır. “İslamın terrora dəxli yoxdur” demək asandır, ancaq necə etməli ki, qadınları, yeniyetmələri özlərini partlatmaq üçün dinc əhalinin arasına göndərən cihadçılar onları cənnət vədi ilə aldatmasınlar? Necə etməli ki, müəyyən şiə və sünni icmaları bir-birinə nifrət etməsinlər?
Çox təəssüf ki, islam dünyası nə qədər şəriətlə, “Quran”la yaşasa da, elə bir mühit yaranıb ki, terrora hazır minlərlə gənc də yetişib.
Kimsə deyə bilər ki, cihadçı hərəkat sünni hərəkatıdır. “Əl-Qaidə” də sünnilərdən, konkret vəhhabilərdən ibarətdir. Bəs “ən-Nusra” terrorçu dəstəsi? Yenə sünnilərdən ibarətdir. Eyni sözləri Fələstin terrorçuları haqqında da demək olar. Ancaq şiələrin “Hizbullah” adlanan qurumu da bir çox ölkə tərəfindən terrorçu təşkilat kimi tanınır, bu qurumu İran maliyyələşdirir. Livanda onun hərbi dəstləri var.
Amma şiə teerror təşkilatlarının az olması doğrudan da maraqlı faktdır, səbəbləri araşdırılmalıdır. Hərçənd İranda zinaya görə qadının asılması və dinlə motivlənmiş ağır cəzaların olması göstərir ki, şiəliyin də təhlükələri var.
Əgər bir çox terrorçu təşkilat aksiyalarını islamla əsaslandırırsa, bu göstərir ki, bizim dinimizdə nələrsə qaydasında deyil.
Mənim sullarım bunlardır:
Müsəlmanlar – sünni, şiə qarışıq – necə olmalıdırlar ki, bir-biri ilə düşmənçilik etməsinlər?
Xristianların da, yəhudilərin, sixlərin də terroru var və bu terrorlar da başqa dinlərə, sektalara düşmənçilikdən qaynaqlanır. Onlar necə olmalıdırlar ki, başqa dinlərə nifrət etməsinlər?
Nə etməli ki, dünya dinləri düşmənçiliyə, bölücülüyə yox, barışa, mənəvi birliyə xidmət etsin?
İlham Səfərov:
– Şahbaz Xuduoğlu, əlbəttə, islamın aktual probleminə toxunub – necə etmək lazımdır ki, bizim dinimiz terrora, dini ədavətlərə səbəb olmasın? Ancaq unutmayaq ki, bu məsələdə islamdakı vəziyyət unikal deyil. Baxın xristianlığa. Orta əsrlərdə katoliklərlə ortodokslar, Roma ilə Bizans elə düşmən idi ki, türklər İstanbulu tutanda bizanslılar hətta deyirmişlər ki, bunlar katoliklərdən yaxşıdırlar, onlara təslim olaq.
Bilirsizmi Səlib döyüşçüləri Qüdsə yürüş edəndə ən çox kimlərə qarşı vəhşilik edirdilər? Onların yollarının üstündə duran pravoslav şəhərlərinə, kəndlərinə.
Hindistanda sixizm dini var. Böyük Moğollar dövründə Quru Nanak yaradıb. Sixlərin soyadında “sinqh” olduğu üçün onları o saat tanıyırsan. Mütəxəssislər deyirlər ki, sixizm islam və induizmin sintezindən yaranıb. Onlar da Yaradana “Rəbb” deyirlər, Quru Nanakı peyğəmbər sayırlar və müqəddəs kitabları var. Sixizm zorakılığa qarşı duran din sayılır. Ancaq İndira Qandini, onun oğlu Raciv Qandini six terrorçuları öldürüblər.
Bəzi alimlər deyirlər ki, Hindistanda dinlərarası tolerantlıq möhtəşəmdir. Ancaq yadınıza salın “Xarabalıqdan çıxmış milyonçu” filmini: orada induslar müsəlmanları vəhşicəsinə qıranda baş qəhrəmanın anasını da döyüb öldürürlər.
Buddizm dinc din sayılır. Ancaq görün Myanmada buddistlər rohinca adlanan müsəlmanları necə qırdılar.
“Staroobraydtsı” (старообрядцы) təriqətinin nümayəndələri ruslar idilər, ancaq çar Rusiyasında onları elə qırırdılar ki, kənar ölkələrə qaçmalı olmuşdlar. Hələ Britaniyada katoliklərlə protestantların bir-birini qırmasını demirəm. Bu fonda islamda təriqətlər arasında düşmənçilik heç də istisna deyil. Nəinki islamda, bütün ideologiyalarda, bütün mədəniyyətlərdə düşmənçilik potensialı var. Mənim dostum Niyazi Mehdinin bir məqaləsi var, orada göstərir ki, bütün mədəniyyətlərin mahiyyətində mənəviyyat, barış potensialı ilə yanaşı düşmənçilik potensialı da durur, ona görə də hər mədəniyyətdə düşmənçilik potensialını cilovlayan və ya neytrallaşdıran mexanizmlərin qurulması vacibdir.
O yerdə ki, bölüşmə, yarış var, orada dərhal paxıllıq, düşmənçilik yaranır. Yadınıza salın Şekspirin “Kral Lir” əsərini, kral səltənətini qızları arasında bölüşdürəndən sonra ölkədə savaşlar başlandı. Balzakın “Qorio ata”sında da belədir.
İndi soruşa bilərsiniz ki, demokratiyada çoxpartiyalılıq niyə savaşlara gətirib çıxarmır? İnsan haqları əsl demokratik toplumlarda düşmənçilik potensialını susduran mexanizmlərdəndir. Əgər dinlərlə və bizim dinimiz islamla bağlı insan haqları üzrə güclü mexanizm qurulsa, burada da düşmənçiliklərin qarşısı alınar.
İnsan haqları nə deyir? Deyir ki, hər kəsin istədiyi dinə inanmağa, istədiyi şəkildə ibadət etməyə və hətta heç bir dinə inanmamağa haqqı var. Bu o deməkdir ki, sən şiəsənsə və insan haqlarını uca tutursansa, heç vaxt sünnini, sufini, xristianı, yəhudini imanına, inancına görə qısnamayacaqsan.
Əlbəttə, bu o demək deyil ki, insan haqları təriqətlər arasında diskussiyanı, debatı inkar edir. Təriqətlər arasında demokratik diskussiya olsa, yəni başqasının fikrinə hörmətlə yanaşmaq şərti ilə mübahisə olsa, hər birində nələrsə inkişaf edər, hansı cəhətlərinsə ziyanı başa düşülər.
Bu dediklərim müsəlmanlarla başqa dinlərin dialoquna da aiddir. Məsələn, vaxtilə şəriət insanın şəklini çəkməyi yasaqlamışdı. Bu yasaq həm də yəhudilikdən, yəni iudaizmdən gəlirdi. İndi təsəvvür edirsinizmi, bu qadağa qalsaydı, müsəlman dünyası nə qədər ziyan çəkərdi. Bizim dünya Qərblə ünsiyyət, dialoq əsasında həmin yasağın zərərini başa düşüb onu aradan qaldırdı. İndi İranda belə ayətullah Xomeyninin şəklini hər yerdə görmək olar.
Siz bilirsiniz ki, Qərbdə hətta heyvan haqlarından danışırlar. Ona görə də qoyunun, inəyin başının kəsildiyini əks etdirən kadrlara az rast gələrsən. Bir vaxtlar Moskvada, İstanbulda qurbanlar istənilən yerdə kəsilirdi və heyvan qanı küçələri bürüyərdi. Bizdə heyvanı qonağın ayağı altda kəsmək adəti var. İndi dünya dəyişib, heyvanlara münasibət dəyişib – ona görə bir çox müsəlman razı olmaz ki, onun ayağı altında heyvanın başını kəssinlər. İndi İstanbulda, Bakıda Qurban bayramında heyvanları xüsusi ayrılmış yerlərdə kəsirlər. Dinlər, təriqətlər, mədəniyyətlər arasındakı ünsiyyət belə nöqsanları görüb onlardan qurtulmağa imkan verir.
İndi isə aydın bəndlərlə sadalayım:
1) İslamda bütün təriqətlər qəbul etsələr ki, insan haqlarını pozmaq olmaz, düşmənçilik də aradan qalxar.
2) Onun üçün haqqoruyucu hərəkat və məhkəmələr dini zəmində olan münaqişələrin də qarşısını almalıdır.
3) Dövlət heç bir dinin arxasında durmamalıdır. Müsəlman ölkələrində dinin dövlətdən ayrılması vacib şərtdir.
4) Hər bir müsəlmanda belə bir prinsip olmalıdır: gör mən islamı nə qədər sevirəm ki, şiə ola-ola sünniliyi də sevirəm. Və ya bunun tərsi: gör mən islamı nə qədər sevirəm ki, sünni ola-ola şiəliyi də sevirəm. Əgər sən bütün təriqətləri islamın zənginliyi saysan, düşüncən də belə dəyişəcək. Axı doğrudan da nə qədər şiə və sünni müqəddəsləri olub ki, kəramətlə möcüzələr ediblər. Nə qədər şiə və sünni alimləri olub ki, islamı möhtəşəm fikirlərlə zənginləşdiriblər.
5) “Düz deyil, doğru deyil” – təriqətlərarası söhbətlərdə bu aradan götürülməlidir. Çünki “şiələr düz deyir, ya sünnilər” düşüncəsi mənasız didişmələrə gətirib çıxarır. Prinsip başqa olmalıdır: mənə bu cür ibadət xoşdur, bu cür əlverişlidir, sənə başqa cür xoş olmasını sənin haqqın kimi qəbul edirəm. Bəyəm biri musiqini, o biri kinonu sevən normal adam dava salar ki, sən düz deyilsən?!
6) Hər təriqət, hər din insana ruhunu təmizləmək, yaxşı adam kimi yaşamaq üçün öz vasitələrini təklif edir – adamlar isə bu təkliflərdən özlərinə uyğununu seçirlər. Bu, çağdaş dünyanın, uyqarlığın, yəni sivilizasiyanın qaydasıdır – biz müsəlmanlar o qaydanı üstün tutsaq, heç bir təriqət o birisinə nifrət etməz.
Bax, bizim proqramın vəzifəsi sizlərə bunu çatdırmaqdır ki, başqa təriqətlərə hörmətlə yanaşasınız.
Hazırladı:
professor Dilarə Mehdi