Hikmət Nazim
Jurnalist etikasını qanunlar tənzimləyə bilməz. Bu barədə uzun-uzadı müzakirələr aparılıb, aparılır, aparılacaq… “Media etikası” kitabında da “Jurnalist etikasını qanunlar tənzimləyə bilərmi” sualına eyni cavab verilir: “Təbii ki, yox. Təsəvvür edin, dərzinin hansı parçadan, nə biçimdə, necə və nə vaxta tikməsini qanunla müəyyənləşdirirsiniz. Zövq, yaş, cins, mədəniyyət və s. fərqləri həmin qanunda necə tənzimləmək olar?” Mümkünsüz görünür. Məncə, burada artıq jurnalistin, onu yetişdirən, yazılarını dərc edən redaktorun etikası dövriyyəyə girməlidir.
Bəli, jurnalisti dezinformasiya yaymaqdan, yalan məlumat çatdırmaqdan ya vicdanı, ya da onun işlədiyi qurum çəkindirə bilər. Bu, informasiya almaq, yaxud ötürmək azadlığının məhdudlaşdırılması demək deyil, bir xəbər alıcısı kimi oxucunun ona olan etibarının sarsılmasının qarşısını almaqdır.
Bu günlərdə medianın gündəmində geniş müzakirə olunan mövzulardan biri də Camal Qaşıqçının müəmmalı ölümüdür. Onun Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürülüb parçalanaraq, diplomatik çantalarda ölkəsinə aparıldığı deyilir. Bəlkə də şahzadə Salmanın rejim tənqidçilərinin cəsədlərinin ölkəyə gətirilməsinə dair təlimatına əsasən bu versiya ortaya atılıb, amma hər halda bir çox siyasətçi, eləcə də jurnalist bu fikrə üstünlük verir.
Üstəlik, “Apple” markalı qol saatından ötürülən səs yazıları, su quyusundan tapıldığı deyilən cəsəd parçaları və diqqəti yayındırmaq məqsədilə Səudiyyə Ərəbistanından gəlib Qaşıqçının paltarlarını geyinən, qol saatını və günəş eynəyini taxan agent ağıllarda sual işarəsi yaradır.
Ağıllarda sual işarələrinin dolaşdığı bir dövrdə bəzi türk və yerli media orqanlarında qətlin detalları ilə bağlı xəbərlər yayıldı. Doğranmış cəsəd şəkilləri paylaşılandan sonra Türkiyənin aidiyyəti qurumları onların saxta olduğunu açıqladı. Dezinformasiya bir daha insanların əsəbləri ilə oynadı. Ümumiyyətlə, bəzi böyük media qurumlarının “özünü öldürdü”, “əlləri kəsildi”, “başı bədənindən ayrıldı” kimi təşviq edən ifadələrdən imtina etdiyi bir dövrdə, dezinformasiya oldu-olmadı, bu tip xəbərlərin xüsusi xəbərdarlıq (18+ və s.) olmadan paylaşılması nə qədər doğrudur? Nəyə xidmət edir?
Yadıma gəlir, bir dəfə yerli jurnalistlərdən biri söhbət əsnasında belə demişdi: “Mitinqlərdə insanların xüsusi amansızlıqla döyüldüyü, həbs olunduğu haqda yayılan xəbərlər döyüləndən daha çox döyənin əlinə oynayır”. Fikrini belə izah etmişdi ki, bu tip xəbərləri tirajlayan saytlar yuxarıların sifarişini yerinə yetirir: onlar deyir əhalinin gözünü qırmaq, etiraz ruhunu boğmaq lazımdır, bunlar da canla-başla tapşırığa əməl edir. Onun dedikləri haradasa məntiqli gəldi.
Gəncədə icra başçısına sui-qəsd törədən Yunis Səfərova işgəncə veriləndən sonra görüntüləri paylaşılanda həmin jurnalistin dediklərini xatırladım. Düzdür, Yunis Səfərovun törətdiyi təqdir olunacaq hadisə deyildi, amma cəmiyyətdə onun əməlini təqdir edənlər kifayət qədər idi. Hətta sosial şəbəkələrdə digər icra başçılarına bu tip gözdağıların verilməsini istəyənlər də vardı. Yunis Səfərovun bəhs etdiyim görüntülərinin xüsusi xəbərdarlıqsız, “blur”suz (işgəncə izlərinin və üzünün fotomontajla qaraldılması) mediaya sızdırılması yuxarıdakı məqsədə xidmətin bariz nümunəsi idi.
Qazax Rayon Polis Şöbəsində döyülərək qətlə yetirildiyi iddia edilən Elmir Axundovun cəsədinin elə öldürüldüyü gün saytların manşetinə çıxarılması da o cümlədən. Həmin görüntüləri görən hər kəs qınadı; bunun yolverilməz hadisə olduğunu yazdı, yaza-yaza da şüuraltı bir qorxu formalaşdı, əsəblər korlandı. Jurnalistikanın məqsədi isə kimisə qorxutmaq, əsəblərini korlamaq deyil.
Jurnalistikanın əsas məqsədi həqiqəti çatdırmaqdır, onu çatdırmağın da müxtəlif üsulları mövcuddur. Belə bir fikir var: deyir, əsl xəbər başqalarının onu yazmağına mane olduğu şeydir. Mən də bu fikri müdafiə edirəm. Əlinə asanlıqla keçən xəbəri özün axtarıb tapdığın xəbərdən daha artıq araşdırmalısan ki, bu, kütləyə necə təsir edəcək, yaxud nə kimi zərər-ziyanı olacaq…
Müəllifin başqa yazısı: Jurnalist də Tanrı kimi…