Hikmət Nazim
Şəhərlərarası avtobus marşrutları üzrə sərnişindaşımanın yeni tarifləri açıqlanmışdı. “BBC Azərbaycan”da belə bir xəbər oxudum: “Şəhərlərarası avtobuslara nə qədər ödəyəcəksiniz?” Dedim mənim axtardığım xəbərçilik budur. İndiyə qədər oxuduğumuz, öyrəndiyimiz kimi – tərəfsiz və qərəzsiz. Həmişə düşünmüşəm, jurnalist də Tanrı kimi hadisələrin fövqündə olmalıdır.
Bu yazını yazanda tanınmış saytlardan birinin hava haqqında xəbərə “Bazar istirahətini gözləyənlərə pis xəbər gəldi” deyə başlıq qoyduğunu xatırladım.
Deməli, cənab redaktor “yağışlı hava” deyəndə ağlında nə canlanıbsa, onu da başlığa çıxarıb. Bəs Məmməd əminin bazar istirahəti necə olacaq? Axı, yağış deyəndə onun ağlına gələn eyvanda dayanıb, rayondan göndərilmiş tut arağını içə-içə başı göylərə dəyən şam ağaclarının islanmağını izləməkdir? Təkcə yağışlı havada halı təlx olanlarmı plan qurur?
Ümumiyyətlə, bu gün saytların çoxunda eyni vəziyyətlə qarşılaşırıq. Soruşanda deyirlər oxucunun diqqətini cəlb etməyə çalışırıq. Dübarə soruşmaq lazımdır, bəs bir media qurumu olaraq sənin prinsiplərin yoxdur? Təəssüf ki, “yox” cavabı verəcəklər…
Halbuki işıqlandırdığı sosial problemlərin ətrafına oxucu toplaya bilməyən media qurumlarının şou-biznes, hadisə, kriminal xəbərləriylə İP toplamağa çalışdığı bir dövrdə özünü ciddi hesab edən saytın, qəzetin onu digərlərindən fərqləndirəcək prinsipləri olmalıdır. Bu yoxdursa, auditoriyanı müəyyənləşdirmək də çətindir; ağına-bozuna baxmadan hər şeyi yayımlayacaqsan ki, bircə “lenta” dolsun.
Yeri gəlmişkən, adını yazmaq istəmədiyim tanınmış saytın baş redaktoru illər əvvəl elan eləmişdi ki, bundan sonra hadisə və kriminal xəbərləri verməyəcəyik. Həmin ərəfədə olduqca populyar olan sayt bir neçə ay içində çökdü. Günə uzağı beş-altı xəbər verir, öncədən qazandığı uğuru təkrarlaya bilmədiyini görüb, silirdi.
Bir belə, beş belə… axırı saytı bağladılar, ya da belə deyək, işlərinə fasilə verdilər. Verdikəri sözü unutdurandan sonra bir az fərqli domenlə geri qayıtdılar. Ənənəvi prinsiplə işlərinə davam edib, köhnə uğurlarını təkrarladılar. İndi kriminal da yayımlayırlar, hadisə də… Hətta keçən dəfə belə bir xəbər vermişdilər: “Azərbaycanın ən uzunömürlü bığlı kişisi dünyadan köçdü”.
Görürsən, prinsiplərin olanda da oxucunu itirirsən. Əsl media qurumu isə işə başlayanda bu kimi problemləri gözünün altına almalıdır. Romantik səslənəcək, amma deməliyəm, bir müddətdən sonra zatən səni olduğun kimi qəbul edəcəklər və sadiq oxucu sayın da kifayət qədər yüksək olacaq.
Lakin bizim saytların maliyyə qaynaqları və redaktorları səbirsiz olduqları üçün yola çıxanda qarşıya qoyduqları məqsədləri tələm-tələsik tapdalayıb, qabağa düşmək istəyirlər.