Tarix üçün… Tarix haqqında
Şakir Yaqubov
Novator.az-da “SSRİ-yə qarşı çıxmış deputatlar” yazısını oxuyanda düz 6 (ALTI) il əvvəl Mediaforum.az-da yayımladığım və daha sonra 2014-cü ildə “Azərnəşr”də buraxılmış “Yaddaşımın küncündən…” kitabıma daxil edilmiş yazımı xatırladım. Başa düşdüm ki, o vaxt həmin yazını çox adam oxumayıbmış. Ona görə tarixi ədalət xətrinə yazını ixtisarla bu dəfə Novator.az-da yayımlamağa ehtiyac duydum…
Azərbaycanın dövlət müstəqilliyi məsələsi xeyli vaxtdan bəri gündəlikdə dursa da əməli həllini heç cür tapa bilmirdi: Baltik respublikaları 1990-cı ilin martından, qonşu Gürcüstan isə həmin ilin mayından – birtərəfli qaydada olsa da – bu məsələ barədə qəti mövqelərini bəyan etmiş, SSRİ-nin tərkibindən istənilən vaxt çıxmaq barədə konstitusiya hüquqlarından bəhrələnməyə başlamışdılar. Bizdə isə nə rəhbərlik, nə də deputatlar son və qəti addımı atmağa nədənsə risk etmirdilər. O vaxt belə düşünürdüm: ”Müstəqilliyin elan edilməsi elə bir tarixi məsuliyyətdir ki, burada hökmən kimsə risk etməlidir – ya respublika rəhbərliyi özünün sükutlu razılığı ilə buna rəvac verməli, ya da deputatlar mühafizəkar rəhbərliyə qarşı qətiyyət göstərməlidilər”. Sonralar, məsələn, 1992-ci ilin 5-6 martında məhz belə olmuşdu…
1991-ci il martın 7-də Ali Sovetin sessiyası “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” məsələ müzakirə edərkən demokratik düşüncəli deputatlarla respublika rəhbərliyinin iradəsini kor-koranə yeridən çoxluq arasında ciddi fikir ayrılığı yaranmışdı. Ən böyük qalmaqal Azərbaycan Respublikasının xalq deputatı Heydər Əliyevin çıxışından sonra qopmuşdu. Həmin çıxışdan sonra onlarca deputat Heydər Əliyevin bəyanatlarını dəbbələməyə, ittifaq dövlətinin tərkibindən çıxmağın Azərbaycan üçün düzəlməz bəd nəticələr verəcəyini iddia eləməyə çalışmış və hətta Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzindəki fəaliyyətini araşdırmaq (təxminən 8 ildən sonra!?) üçün Ali Sovetin xüsusi komissiyasını yaratmağı təklif etmişdilər.
Heydər Əliyev həmin çıxışı zamanı demişdi: “1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız bu ittifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu ittifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu ittifaq daxilində görmüşük. Mən və mənimlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım ittifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu ittifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır”.
Daha sonra o, konkret təklif vermişdi: “… Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm… Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam… Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi ittifaqda olan respublikaların hər biri ilə, hətta ittifaq qalarsa, onunla da qarşılıqlı, bərabər hüquqlu, iki tərəfə də faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar. Azərbaycan xalqının başqa xalqlarla dostluq əlaqələri müstəqil xarakter daşıyar, daha səmimi, daha möhkəm olar.
…Azərbaycan xalqının birliyi yeni, demokratik, heç kəsdən asılı olmayan dövlət qurulması yolu ilə təmin oluna bilər. Doğrudur, bu yolda çətinliklər də az olmayacaq. Fəqət, nəyin bahasına olursa-olsun, biz buna nail olmalıyıq. Biz bu yola düşməsək, bunu gələcək nəsillər edəcək. Və onlar, tarix bizi bağışlamayacaq. İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır… Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır” (“Səs” qəzeti, 15 mart 1991-ci il; Əliyev Heydər. Şəxsi mövqe. Bakı: 1994, s.14-20).
Son nəticədə Ali Sovetin sessiyası “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələləri üzrə SSRİ referendumunun təşkili və keçirilməsinin təmin edilməsi ilə əlaqədar tədbirlər haqqında” SSRİ Ali Sovetinin 1991-ci il 16 yanvar tarixli qərarına uyğun olaraq” cəmi dörd bəndlik 88-XII nömrəli bir qərar qəbul etmişdi. Qərarda təsbit olunmuşdu ki, 1991-ci il martın 17-də keçiriləcək SSRİ referendumunun mərkəzi respublika komissiyasının səlahiyyətini Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi Seçki Komissiyası həyata keçirir. Mərkəzi Seçki Komissiyasına tövsiyə olunmuşdu ki, SSRİ referendumunda səsvermənin keçirilməsi üçün Azərbaycan Respublikasında rayonların, rayon bölgüsü olmayan respublika tabeli və vilayət (DQMV) tabeli şəhərlərin sərhədləri hüdudunda dairələr təşkil etsin.
Həmçinin “Müəyyən edilsin ki, SSRİ referendumunun dairə komissiyalarının səlahiyyətlərini Azərbaycan Respublikası yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri üzrə ötən seçki kampaniyası dövründə beş il müddətinə təşkil olunmuş rayon və şəhər seçki komissiyaları həyata keçirirlər”. Və sonuncu bənd: “Azərbaycan Respublikası xalq deputatları sovetləri və onların rəyasət heyətləri “Ümumxalq səsverməsi (SSRİ referendumu) haqqında” SSRİ qanununa uyğun olaraq ən geci 1991-ci il martın 10-dək SSRİ referendumu məntəqələrinin yaradılmasını və məntəqə komissiyalarının təşkilini təmin etsinlər”.
Adbaad səsvermə zamanı 340 (!!!) deputatdan 43 nəfəri bu qərarın əleyhinə səs vermişdi. Bir daha diqqəti ona yönəldirəm ki, bu qərar martın 17-də referendumun keçirilməsinin təşkili məsələlərini təsbit edirdi və bunun dövlət müstəqilliyinə birbaşa aidiyyəti yox idi. Zənnimcə, hüquqi baxımdan, ən düzgünü bu olardı ki, referendumda iştirak edərək, qoyulan suala mənfi cavab verəydin: o halda SSRİ-nin saxlanıb-saxlanmamasına münasibətini ortaya qoymuş olurdun, bu isə respublikanın dövlət müstəqilliyinə dolayısı ilə tərəfdar çıxmaq demək olardı.
Dəqiq yadımdadır: adətən sessiya iclaslarının keçirildiyi günlərdə redaksiyanı telefonla idarə etməyə məcbur olan baş redaktor Ə.Əfqan 8 Martla əlaqədar dalbadal alınan üç günlük fasilədən sonra işə gələndə bloknotundan bir vərəq qoparıb mənə uzatdı:
– Bax, məqsədəuyğun bilsən, nömrəyə verərsən, – dedi.
Bu, yuxarıda adını çəkdiyim qərarın əleyhinə səs vermiş xalq deputatlarının Əfqanın əli ilə yazılmış siyahısı idi: görünür, ya haradansa tələsik köçürdüyünə, ya da kiminsə tərəfindən diktə edildiyinə görə bir sıra tanınmış şəxsiyyətlərin, sadəcə, adını qeyd eləməklə kifayətlənmişdi. Siyahıda Heydər Əliyevin, İsmayıl Şıxlının, o vaxt, səhv eləmirəmsə, Ali Sovetin Rəyasət Heyəti sədrinin müşaviri olan Tofiq Məsim oğlu Bağırovun, Sabir Rüstəmxanlının, İsa Qəmbərovun, Etibar Məmmədovun və bir çox digər tanınmış şəxslərin adı-soyadı vardı.
Düzü, heç bir mətnaltı məqsəd güdmədən, sadəcə, tarix üçün, elə bu sərlövhə altında həmin siyahını “Həyat” qəzetinin 12 mart nömrəsində, 3-cü səhifənin birinci sütununda yuxarıdan dərc elədik. Yaxşı yadımdadır ki, daha üç gün sonra rəhmətlik Babək Hüseynoğlunun baş redaktoru olduğu “Aydınlıq” qəzeti də – hətta bugünkü Azərbaycan jurnalistikası üçün nadir fakt: ilkin mənbəni qeyd etməklə! – həmin siyahını təkrarən dərc elədi. İnsafən, orada da siyahıya hansısa şərh-filan əlavə olunmamışdı…
***
Sonra avqustun 29-30-u, Ali Sovetin növbəti sessiyası olmuşdu. O vaxt artıq Moskvada “QeKaÇePe” (“Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi”) məzhəkəsi də baş vermiş və əsas rollarının ifaçıları “Matrosskaya tişina” həbsxanasına atılmış, yaxud öz əlləri ilə özlərini o dünyalıq eləmiş, Boris Yeltsin Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi barədə fərman imzalamış, bir sıra müttəfiq respublikalar, o cümlədən Ukrayna (24 avqust), Belarus (25 avqust) və Moldova (27 avqust) rəsmən müstəqilliklərini elan etmiş, Özbəkistan və Qırğızıstan isə 31 avqustda buna nail olmuş, digərləri (məsələn, Tacikistan, bədnam qonşularımız və s.) isə bu yolda əsas mərhələni, uzağı, sentyabr ayında keçmişdilər.
Həmin sessiyada yenə bir sıra deputatların təkidi ilə avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin bəyannaməsi qəbul olunmuşdu. Bu, həqiqətən də adi bəyannamə idi və bununla Azərbaycan Respublikası MÜSTƏQİL DÖVLƏT olmurdu. Hərçənd bəyannamədə deyilirdi ki: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,
Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya qanunlarına əsaslanaraq, Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək, […] Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.
Bəyannamənin ardınca Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” aktın layihəsini hazırlamaq barəsində” qərar qəbul etmişdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə əsaslanaraq Ali Sovetin Rəyasət Heyətinə tapşırılmışdı ki, “Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları ilə birlikdə Azərbaycan Respublikası xalq deputatlarının təklif və qeydlərini nəzərə alaraq “Azərbaycan Respublikasının müstəqilliyini bərpa etmək haqqında” aktın və onun həyata keçirilməsi haqqında qərarın layihələrini iki həftə müddətində hazırlasın və Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə versin”.
…İki həftə isə ay yarım çəkmişdi… Sonralar “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya aktı adlandırılacaq həmin sənəd üzərində parlament aparatının o vaxtkı işçiləri Şahin Əliyev, Abbas Atakişiyev, yuxarıda adını çəkdiyim Tofiq Məsim oğlu Bağırov, xalq deputatlarından Tofiq Qasımov, Hacıbaba Əzimov necə gərgin və fədakarcasına işləmişlər.
***
…Konstitusiya aktının qəbul edilməsi ilə bağlı oktyabrın 18-dəki iclasın cəmi 2,5 qəzet səhifəsi həcmində olan stenoqramının 23-24 oktyabrda dərc olunmuş mətninin beşdə iki hissəsini (!) preambula ilə bağlı deputatların söz güləşdirməsi təşkil edir. Preambula ilə bağlı müzakirələrdən sonra, nəhayət, konstitusiya aktının layihəsinin hazırlanması üzrə redaksiya komissiyasının katibi Hacıbaba Əzimov konstitusiya aktının layihəsini maddə-maddə oxuyur, deputatlar isə cüzi əlavə və düzəlişlərlə, çox vaxt da höcət xarakterli əlavə və düzəlişlərlə münasibətlərini bildirirdilər. Həm də maraqlı burasıydı ki, hər dəfə səsvermə zamanı yetərsayın olmaması təhlükəsi yaranır və sədrlik edən iclas salonunda olmayan deputatları çağırmağı, onların da səsverməyə qatılmasını xahiş və tələb edirdi.
Stenoqramdan: “Z.SƏMƏDZADƏ: Az qalıb, yoldaşlar, darıxmayın. Yox, axırıncı maddəni də səsə qoyuruq, sonra. Yoldaşlar, diqqətli olun, axırıncı maddədir, ola bilər ki, bəzi maddələr də yaddan çıxıb, ancaq axırıncı maddədə, Allah eləməsin, bir adam yaddan çıxsın… İndi bütövlükdə qanun layihəsini səsə qoyuruq. Bir dəqiqə vaxt veririk. Bayırda olan deputatları da xahiş eləyək… Çünki tarixi bir sənəddir. Xahiş edirəm… Başlayırıq səsverməyə. Bütövlükdə qanun səsə qoyulur…”. “Əleyhinə varmi?” – “Yox!”, “Bitərəf qalan?” – yenə “Yox”. (Sonralar dövlət televiziyasının ekranından rəsmi rəqəmi gördüm: iclasda iştirak edən 258 xalq deputatının HAMISI yekdilliklə “Hə” demişdi.) Səsvermə qurtaranda iclas salonunu alqış səsləri başına götürdü.
Ali Sovetin sədrinin müşaviri, xalq deputatı Tofiq Məsim oğlu Bağırov təklif etdi ki, oktyabrın 18-ini – “daimi olaraq özümüzün müstəqilliyimizi elan etdiyimiz günü bayram edək”; xalq deputatları Lyubov Baruşeva, İsa Qəmbərov, İsmayıl Şıxlı, Bayram Bayramov, Gülnarə Qurbanova, Etibar Məmmədov, Araz Əlizadə, Ali Sovet sədrinin birinci müavini Ziyad Səmədzadə tarixi sənədin qəbul edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdilər, ona gözaydınlığı verdilər. Mərhum Elmira Qafarova həmişə çətinliklə danışdığı Azərbaycan dilində deputatlara təşəkkür edərək, “öz adından və bütün deputatların adından Azərbaycan xalqını bu böyük bir bayramla” təbrik elədi…
P.S. Müstəqilliyin yolu həqiqətən də uzun və əzablı imiş. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 266 deputatın (!) yekdil rəyi ilə qəbul olunmuş 1991-ci il 15 noyabr tarixli qərarına əsasən, həmin il dekabrın 29-da Azərbaycan Respublikasında “Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya aktına tərəfdarsınızmı?” sualı ilə referendum keçirildi. Başqa sözlə, beynəlxalq hüquqa görə, Azərbaycan yalnız 1991-ci il dekabrın 29-da, KEÇMİŞ MÜTTƏFİQ SOVET RESPUBLIKALARININ HAMISINDAN SONRA rəsmən müstəqilliyinə qovuşdu, daha doğrusu, 1918-ci ildə elan etdiyi dövlət müstəqilliyini bərpa etdi.
Xatırladıram ki, bu vaxt “SSRİ” deyilən siyasi məfhum da artıq mövcud deyildi: bu dövlətin prezidenti dekabrın 25-də televiziya ilə çıxış edərək səlahiyyətlərini yerə qoyduğunu bəyan etmiş, SSRİ-nin dövlət bayrağı Kremlin üzərindən endirilmişdi.
P.P.S. Neçə illərdir ki, (xüsusən də hər növbəti Dövlət Müstəqilliyi Günü ərəfəsində) ayrı-ayrı şəxslər on ikinci çağırış Ali Sovetin birinci sessiyasının 1991-ci il martın 7-də keçirilmiş iclasında “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərarın qəbul edilməsinin əleyhinə səs vermiş 43 “istiqlalçı deputat”a xüsusi status verilməsi iddiasındadırlar. Təsəvvür edin, hətta gözəl insan və dəyərli alim olan Cəmil Həsənli keçmiş xalq deputatının yubileyi ilə bağlı məqaləsində yazır ki, “1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı respublikada ümumxalq səsverməsi (referendum) keçirilməsinin əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinə (???– Ş.Y.) səs verən cəmi 43 nəfər millət vəkilindən biri də Hacıbaba Əzimov idi” (BAX: Mediaforum.az. 2013-07-30 – 14:14:00).
Bu yerdə istər-istəməz soruşmaq istəyirsən: Əgər hansısa bir qərarın qəbul edilməsinə “yox” formasında reaksiya vermək üçün xüsusi status tələb edilirsə və konkret halda bu, istiqlalçılıq adlandırılırsa, bəs onda həqiqi MÜSTƏQİLLİK AKTINI qəbul eləmiş 258 deputata hansı status verilə bilər?!.
19 oktyabr 2012,
Mediaforum.az