Vahid Qazi
1993-cü ilin iyun ayı idi. Surət Hüseynov qiyamını etmişdi.
Qiyamdan bəhrəsini götürən götürmüşdü.
Ölkə başçısı başını götürüb getmiş, Prezident Aparatında isə hamı başını itirmişdi.
İşlədiyim ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə müşavirlikdə sovetdən qalma əməkdaşlarda arxayınçılıq, çevriliş (inqilab da deyirik) dalğasının bura atdığı biz gənclərdə isə ümidsiz hal vardı.
***
REAL-ın öncüllərindən Erkin Qədirlinin neçə gündür müzakirə olunan “Hakimiyyət bir müddət qalmalıdır ki, müxalifət təcrübə toplaya bilsin” fikri 25 il əvvəl olmuş bir söhbəti yadıma saldı.
O iyun günlərinin birində müşavirliyin eyniadlı şöbəsinin müdir köməkçisi Əfruz Niftiyev sifətimdə gözü nə almışdısa təsəlli verirmiş kimi təxminən belə bir söz işlətmişdi: “Etiraf edək ki, təcrübəsizik. Gedək, kitab oxuyaq, dil öyrənək, təcrübə toplayaq, sonra yenə gələrik”.
Getməyinə getdik, amma oxuyub, öyrənib, təcrübələnib qayıtmadıq!
Qayıtmaq bir yana, hələ də bilmirik ki, sən demə, hakimiyyətə gəlmək, onu saxlamaq üçün gərəkli iki şey varsa, biri xaricilərin, o bir də öz xalqının dilində danışmağı öyrənməkdir.
25 ildə müxalifətimiz bu iki dili öyrənə bilmədi. Baxıram, siyasət meydanına təzə gəlmiş REAL-çılar da eyni haldadır. Bir dəfə onları dekabristlərə bənzətdim, xətirlərinə dəydi. Bir dəfə də Erkin bəyin Vaşinqton çıxışına qınaq ifadəsi kimi fikrimi bloqumda yüngülcə yazdım. Ta yazmıram, demirəm!
Başqalarını bilmirəm, 25 ilin “təcrübəsi” mənə onu öyrətdi ki, ingilis dilində danışmaq hələ ingilisin, amerikalının dilində danışmaq deyil.
Heç Azərbaycan türkcəsində bülbül kimi ötmək də Azərbaycan xalqının dilini bilmək sayılmır.
25 ilin təcrübəsi onu da göstərdi ki, ABŞ-ın, Avropanın dilini ən yaxşı bilən ingiliscə danışmayan Heydər Əliyev imiş. Sən demə, rus dilində oxumuş İlham Əliyev öz xalqının dilini bütün siyasətçilərdən gözəl bilirmiş. Yoxsa 15 ildən sonra daha 7 il də seçməzdi onu bu xalq.
***
Son vaxtlar siyasi gündəmi tutan didişmələr, bir-birinin sözünü həzm etməyib düşməncə davranmalar adamı 25 il əvvəlin havasına kökləyir. Ruhdan salır, inamsızlıq aşılayır. Bunu bizə ancaq düşmən arzulayar!
Ürək ağrıdan odur ki, bu gün cəmiyyətdə “birləşdir, yönəlt” yox, “parçala, hökm et” əxlaqı hakimdir.
Azərbaycan cəmiyyəti heç vaxt bugünkü qədər param-parça olub hissəciklərə, qrupcuqlara, zərrəciklərə bölünməyib.
Özü də düşmənimizin birləşib yumruq halında meydanlara çıxdığı bir vaxtda. Təzə erməni lideri dünyanın 84 ölkəsindən liderləri Yerevana toplayıb rəqs elədiyi zamanda.
Nə deyirdim?
Topalaşa bilməyi öyrənək! Topalaşıb bir-birimizlə danışmaq təcrübəsi qazanaq!
Sonra dünyanın da, xalqın da dilini tapmaq asan olacaq.
…Tələsmək lazımdı, çox gecikmişik.