Jurnalisti öldürən tutulub
- 10 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Bolqarıstanın hüquq mühafizə orqanları TVN televiziyasının inzibati direktoru və aparıcısı Viktoriya Marinovanın qətli ilə bağlı yeni məlumat yayıb.
1988-ci il təvəllüdlü jurnalistin meyiti oktyabrın 7-si Ruse şəhərində tapılıb. Jurnalistin başına zərbə vurulduğu, zorlandığı, sonra boğulduğu bildirilib. Onun mobil telefonu, maşınının açarları, eynəyi yoxa çıxıb.
Araşdırmaları ilə tanınan jurnalistin son işlərindən biri Avropa İttifaqı fondlarında fırıldaqlar məsələsinin təhqiqatını aparan iki həmkarından “Detektor” proqramı üçün müsahibə götürməsi olub.
Novator.az xəbər verir ki, Bolqarıstan Daxili İşlər Nazirliyinin 10 oktyabr açıqlamasına görə, Viktoriya Marinovanın qətlində şübhəli bilinən 1997-ci il təvəllüdlü kişi həbs olunub. Onun Almaniyada tutulduğu qeyd edilir.
Bolqarıstanın Baş Prokurorluğu qətlin jurnalistin peşə fəaliyyəti ilə bağlı olduğunu söyləmək üçün hələlik heç bir əsasın üzə çıxmadığını və istintaqın davam etdirildiyini bildirib.
Baş prokuror Sotir Satsarov həbs olunan şəxsin Bolqarıstana ekstradisiyası haqda sorğu hazırlandığını deyib. O qeyd edib ki, sübutlar jurnalistə hücumun seksual xarakterli olduğunu göstərir.
Səidə Hüseynova