Bir qadının boşanma hekayəti
Həcərin (ad şərtidir) 35 yaşı var. Ziyalı ailəsində doğulub. Ali təhsil alıb, müəllim ixtisasına yiyələnib. 19 yaşında, yəni ali məktəbin 2-ci kursunu bitirər-bitirməz İntiqamla (ad şərtidir) ailə qurub və ona görə ali məktəbin qiyabi şöbəsinə keçib: “İntiqamla məni onun qohumları tanış etmişdi. Bir-birimizi bir neçə dəfə gördük, bəyəndik və evləndik. İntiqam Bakıda türk şirkətlərinin birində işlədiyi üçün rayondan paytaxta köçdük. Yeri gəlmişkən deyim ki, bizim rayon dini baxımdan radikalizmin, fanatizmin yayıldığı rayonlardan sayılmır.
İntiqam Bakı ətrafındakı qəsəbələrdən birində ikiotaqlı həyət evi almışdı. Ailə qurana qədər onun oruc tutan, namaz qılan adam olduğunu bilirdim. Ailəli olduğumuz ilk iki ildə özü dini ibadətləri yerinə yetirsə də, məni heç nəyə məcbur etmirdi. Sonra oğlumuz dünyaya gəldi.
Evliliyimizdən iki il keçmişdi ki, onda bəzi dəyişikliklər hiss etməyə başladım. Hərdən mənə hicab bağlamağı təklif edirdi. Dırnaqlarıma boya sürtəndə və ya qısaqol paltar geyinəndə gileylənməyə başlamışdı. Belə şeylər üstündə aramızda tez-tez mübahisə yaranırdı. Deyirdim ki, hicab bağlamaq içimdən gəlmir, bunu gərək ürəkdən istəyəsən. Amma o bunu anlamaq istəmirdi. Ona görə də mən küsüb tez-tez rayona valideynlərimin yanına gedirdim. Sonra barışırdıq və mən geri dönəndən sonra arabir “əvvəl-axır hicaba keçməlisən”, “namaz qılmalısan” kimi atmacalar atardı.
Namaz qılmadığım və ya hicab geyinmədiyim üçün mənə qaşqabaq edirdi, tez-tez acılayırdı. Beləcə 5 il bu vəziyyətdə evliliyimiz davam etdi. 5 ildən sonra mənim qarşımda şərt qoydu: “Ya hicab geyin, ya da səni boşayıram!” Mən də hicaba keçməyəcəyimi qəti şəkildə bildirdim.
Məhkəməyə boşanmaq üçün özü müraciət etdi. Mənə də söylədi ki, üç dəfə sənə “Boş ol!” demişəm və dini qaydalara görə səni boşamalıyam. Bildiyiniz kimi şəriətə görə, ər arvadını boşamazdan qabaq ona üç dəfə “Səni boşayıram” deməlidir. Ərəbcə bu söz “talaq”dır. Anadolu türkləri “Boş ol” kimi ifadə edirlər. İntiqam Anadolu türklərindən görüb-götürdüyünə görə “Səni boşayıram”ı “Boş ol” kimi deyirdi.
Beləcə boşandıq. Qəsəbədəki ikiotaqlı evi təkidimlə mənə və oğlumuza verdi. Özü əvvəl kirayədə qalırdı, sonra isə özünə ev aldı. Çünki yaxşı yerə işə düzəlmişdi. Qazancı çox olsa da, iş sənədlərində maaşı rəsmən az göstərildiyinə görə məhkəmə mənə çox cüzi aliment kəsdi. Bir müddət belə ödədi, sonra yeni qərarla bir qədər artım oldu. Bir neçə ay özü ödədi, sonra ödəmək istəmədi. Onun yerinə atası ödəməyə başladı.
Boşandıqdan bir neçə ay sonra eşitdim ki, uzaq qohumlarından hicablı bir qızla evlənib. Evləndikdən sonra arabir oğlunu görmək üçün gizlincə bizə gəlirdi. Evləndiyi qadın bunu eşidib əvvəl-əvvəl etiraz etməyə başlamışdı, nəticədə söz-söhbət yaranmışdı. Amma sonra razılaşdı və hətta İntiqam oğlumuzu yeni ailəsinin yanına da aparmağa başladı.
Artıq onun o biri qadından bir uşağı vardı, ikinciyə hamiləydi. Həmin vaxtlar bir gün mənə zəng edib dedi ki, mənimlə barışmaq istəyir. Razılıq vermədim. Bizə tez-tez gəlməyə, evə bazarlıq etməyə başladı. Həmin vaxt mən özüm də namaz qılmağa başlamışdım, içimdən gəldi bu ibadət. Amma hicaba keçmədim. O mənim namaz qıldığımı bilib daha da nəzakətli, mehriban davranırdı. O qədər dəyişmişdi ki, lap evliliyimizin ilk vaxlarında olduğu kimiydi. Mən deyirdim ki, axı sən üç dəfə “Boş ol” demisən, dinə qarşı gedirsən. Dedi ki, mən o vaxt üç dəfə yox, iki dəfə demişəm o sözü və dindarlardan soruşmuşam, deyiblər ki, iki dəfə demisənsə barışa bilərsən. Çox dil tökürdü. Bu vəziyyət bir il çəkdi. Sonunda mən barışmağa razılıq verdim.
Qəsəbədəki evi satıb başqa qəsəbədən daha yaxşı ev aldı və biz ora köçdük. Amma onu tutduğu vəzifədən azad etdilər. Həmin vaxt Azərbaycanda “nurçu” adlandırılan təriqətin nümayəndələrini sıxma-boğmaya salmışdılar. Bildiyiniz kimi bu təriqət çağdaş dövrdə Türkiyədən qaynaqlanır. Türkiyədə rəsmi dövlət səviyyəsində nurçulara münasibət pisləşmişdi və oxşar proses Azərbaycanda da gedirdi. İntiqamı da bu dalğada işdən çıxardılar. Amma çox keçmədi ki, türklərlə birgə çalışdığı özəl şirkətdə işə bərpa olundu.
Barışdıqdan sonra bizə yalnız günortalar gəlirdi ki, o biri arvadı bilməsin. Bu arada yenə mənə arabir əvvəlki kimi “Hicaba keç, əvvəl-axır başını örtəcəksən” deyirdi. Mən yenə onun dediyinə əməl etmədim. Bəzən o biri evə gec getdiyi üçün arvadı ilə söz-söhbəti yaranırdı. Bir gün bütün pal-paltarını da götürüb bizə gəldi və dedi ki, artıq onunla yaşamaq istəmir. Hətta ona yaxın durmaq istəmir. Bizimlə qalacağını bəyan etdi. Mən də bir söz demədim. Bir neçə gündən sonra paltarlarını yuyanda gördüm ki, onun bütün şalvarlarının balağı qısadır. Saqqalının uzun olduğunu ona irad tutmurdum. Amma şalvarları görəndə onun vəhhabi təriqətinə keçdiyini anladım. Soruşdum şalvarların niyə belədir? Geyimini dəyiş, saqqalını səliqəyə sal. Əvvəl razılaşdı, hətta dedi ki, gedək sabah mənə yeni pal-paltar alaq. Amma səhər yuxudan duranda yenə tam başqa adam oldu və dedi ki, mən Allahın əleyhinə çıxa bilmərəm, geyimimi dəyişməyəcəm.
Mənə də dedi ki, ya hicaba keç, ya da əşyalarını götür evdən çıx. Oğlumuz yalvardı ki, ata, məktəb burdan yaxındır, bizi evdən çıxarma. Dedi ki, nə danışırsan, heç vaxt bu evi sizə qoymaram. Dedi sizə bir ay vaxt verirəm. Onun bu sözlərindən sonra 10 gün orda qaldıq və sonra evdən çıxmalı olduq. Əlimdə bir az pulum və zinət əşyalarım vardı, əvvəl kirayədə qaldıq, sonra Bakı qəsəbələrinin birində ucuz qiymətə, 10 min manata ev aldım. Oğlumla oraya köçdük. Bir neçə ay orada qaldıq. Oğlumun məktəbinə çox uzaq olduğu üçün və şəraitsizliyə görə o evi də satmalı oldum. Həmin pula artıq heç nə ala bilməzdim. Valideynlərim yardım etdi, onların köməyi ilə yeni ev aldım.
Hazırda şəraitim o qədər də pis deyil. Amma evin mebeli hələ yoxdur. Valideynlərimin bundan artıq mənə kömək etməyə gücü çatmır. İmkan olduqca bəzi avadanlıqları almağa çalışıram.
İntiqamla o vaxtdan əlaqəm yoxdur. Oğlunu da itirib-axtarmır. Deyilənə görə, o biri ailəsi ilə də dolanmır. Hətta deyibmiş ki, ona evlənmək üçün üçüncü qadın tapsınlar. Deyib lap ərəb də ola bilər. Valideynləri isə ona irad tutublar ki, daha səni neçə dəfə evləndirməliyik?! Buna görə də, eşitdiyimə görə, hələ üçüncü evlilik reallaşmayıb. Mənə isə alimenti hələ də atası ödəyir.
Hazırda işə düzəlməyə hazırlaşıram. Valideynlərim bizə kömək etsə də, mənim özümün işləməyimə zərurət yaranıb. Çünki oğlum böyüyür və maddi ehtiyaclarımız artır.
Əlaqəmiz olmadığı üçün İntiqam barəsində dəqiq məlumatım yoxdur. Təkcə onu bilirəm ki, dini fanatizm, xurafat, islamı yanlış anlaması onun həyat haqqında düşüncələrini, ailəyə münasibətini alt-üst edib. Dediyim kimi, xeyli vaxtdır mən də namaz qılıram, ibadət edirəm. Bu müddətdə islam dinini, “Quran”ı daha dərindən öyrənməyə çalışmışam. Bizim dinimiz ailəyə, qadına, uşağa böyük dəyər verir. Ona görə hansı müsəlman bu dəyərə sayğısızlıq göstərirsə, demək, həqiqi islam yolunda deyil. Heç kimin imanına şəkk gətirmək istəmirəm, amma düşünürəm ki, əsl iman ilk növbədə radikal dini təsəvvürlərə qarşıdır. Halbuki radikallara elə gəlir ki, onlar həqiqi iman yolundadırlar. Amma onların düşüncəsi hicaba məcburiyyətdən tutmuş qanlı terrorlara kimi ağır nəticələrə gətirib çıxarırsa, deməli, bizim bu düşüncəyə qarşı çıxmağa haqqımız çatır.
Mən hicab geyinməməyi islama zidd saymıram. Qəlbim Allahladır, əsas budur. Hicaba məcburiyyət ola bilməz. Allaha bağlılıq zahirdə yox, batindədir. İslam sülh dinidir, dava-qırğın dini deyil. Birlik dinidir, ayrılıq dini deyil. Dini dünyagörüşlərin uyğun gəlməməsinə görə dağılan ailə isə tək mənim ailəm deyil. Təəssüf ki, belə ailə çoxdur”.
Həcərin dediyinə görə, onun İntiqamla barışmaq fikri yoxdur. Amma islamın mərhəmət və barışıq dini olduğunu da unutmayaq.