“XXI əsr üçün 21 dərs” Azərbaycan dilində çap olunub
- 02 Oktyabr 2018
- comments
- Novator.az
- Posted in AktualXəbər
İsrail tarixçisi, Yerusəlim Yəhudi Universitetinin professoru Yuval Noy Hararinin “XXI əsr üçün 21 dərs” kitabı Azərbaycan dilində işıq üzü görüb.
Novator.az xəbər verir ki, kitab “Qanun” nəşriyyatında çapdan çıxıb.
Əsəri Kazim Səlimov tərcümə edib.
Yuval Noy Harari “Sapiens: Bəşəriyyətin qısa tarixi” (2014) və “Homo Deus: Sabahın qısa tarixi” (2015) kimi məşhur əsərlərin də müəllifidir.
“XXI əsr üçün 21 dərs” kitabında o, müasir dünyanın problemlərdən bəhs edir.
Əsərin girişində Yuval Noy Harari yazır: “Dünyanı basmış qaranlıq informasiyanın içində aydın görünən yalnız gücdür. Nəzəriyyədə hər kəs bəşəriyyətin gələcəyi haqqında debata qoşula bilər, lakin aydın baxış bucağını qoruyub saxlamaq çox çətindir. Biz çox zaman debatın artıq getdiyindən və ya əsas məsələlərin nədən ibarət olduğundan da xəbərsiz oluruq. Milyardlarla insan olaraq bunu araşdırıb məlumatlı olmaq imkanından da demək olar ki, məhrumuq, çünki üzərimizdə, etməli olduqlarımızın təzyiqi böyükdür: işə getməliyik, uşaqlarımızı böyütməliyik və ya yaşlı valideynlərimizin qayğısını çəkməliyik.
Təəssüf ki, tarixin bizə güzəşti yoxdur. Əgər bəşəriyyətin gələcəyi haqqında qərar sizsiz qəbul edilirsə, ‒ çünki başınız övladlarınızın yeməyi və geyim-kecimini təmin etməyə çox qarışıb, ‒ siz və övladlarınız o qərarın nəticəsindən kənarda qalmayacaqsınız. Bu çox ədalətsiz fenomendir, amma kim deyib ki, tarix ədalətli olub?!
Bir tarixçi olaraq mən insanlara yemək və geyim verə bilmərəm, lakin bir az aydınlıq gətirə bilərəm və bununla da qlobal oyun meydanını bir qədər hamarlaya bilərəm. Əgər bu, hətta az sayda da olsa adama, bizim növümüzün gələcəyi haqqında debata qoşulmaq imkanı verərsə, işimi yerinə yetirmiş sayaram”.
Mənim ilk kitabım “Sapiens” insanlığın keçmişini araşdırıb, az əhəmiyyətli meymunun Yer adlı planetə necə hakim olduğunu öyrənir.
İkinci kitabım “Homo deus” uzaq gələcəkdəki həyatı tədqiq edir, insan övladlarının son nəticədə necə ilahi varlıqlara çevrilə, həm də intellektin və şüurun son nəticədə hansı yerə gətirib çıxara biləcəyini nəzərdən keçirir.
Bu kitabda diqqəti “bu günə və buraya” cəmləmək istəyirəm. Fokusu, insan cəmiyyətinin cari işləri və ən yaxın gələcəyi üzərinə yönəldirəm. Hal-hazırda nə baş verir? Günümüzün ən böyük çağırışları və seçimləri nədən ibarətdir? Biz nəyə diqqət verməliyik? Övladlarımıza nəyi öyrətməliyik?
Təbii ki, 7 milyard adamın 7 milyard da planı var və artıq qeyd edildiyi kimi, böyük miqyasda düşünmək nisbətən nadir hallarda nəşə verən işdir. Mumbay xarabalığında iki uşağını böyütmək üçün tək mücadilə aparan ananın bütün fikri-zikri növbəti öynə yeməyin yanında olur; Aralıq dənizinin ortasındakı qayıqda qaçqın olanların gözləri üfüqdəki torpaq xəttini görməyə zillənir; Londonun həddən artıq dolmuş hospitalında canını tapşırmaqda olan xəstə bütün qalan gücünü toplayıb bir nəfəs də almaq istəyir. Onların hamısının qlobal istiləşmə və ya liberal demokratiya böhranından daha təcili həll edilməli olan problemləri var. Heç bir kitab bütün bunları ədalətli mühakimə edə bilməz və mənim də bu vəziyyətlərdəki insanlara dərs vermək iddiam yoxdur ‒ yalnız onlardan öyrənməyə ümid edə bilərəm.
Qarşımdakı hədəf qlobaldır. Bütün dünyadakı insan cəmiyyətlərini formalaşdıran və planetimizin gələcəyinin müəyyən edilməsinə təsir göstərdiyinə şübhə etmədiyim əsas faktorları nəzərdən keçirirəm. İqlim dəyişikliyi ölüm-dirim mücadiləsinin ortasında olan adamları az maraqlandırar, ancaq son nəticədə Mumbay xarabalığının yaşamaq mümkün olmayan yerə çevrilməsinə, Aralıq dənizinə yeni qaçqın dalğalarının hücum çəkməsinə və dünyada sağlamlıq böhranı yaranmasına aparıb çıxara bilər.
Reallıq çoxsaylı əlaqələrlə bağlı faktorlardan ibarətdir və bu kitab tamlığa və müfəssəlliyə iddia etmədən bizim qlobal çətinliklərimizin müxtəlif aspektlərini əhatə etməyə çalışır. “Sapiens” və “Homo deus” kitablarından fərqli olaraq, bu kitab tarixi təhkiyə deyil, daha çox seçilmiş dərslər toplusudur. Bu dərslərdə sadə nəticələr yoxdur. Məqsəd düşüncəni daha da irəli aparmaq və zəmanəmizin başlıca mövzusunun müzakirəsində oxucuların iştirakına kömək göstərməkdir.
Kitab əslində ictimaiyyətlə söhbətlər əsasında yazılmışdır. Fəsillərin çoxu oxucuların, jurnalistlərin və həmkarlarımın mənə verdikləri sualların cavabıdır. Bəzi hissələrin ilkin versiyası artıq müxtəlif formatlarda nəşr olunub və bu da mənə imkan verib ki, onlar haqqında aldığım geribildirmələrin əsasında öz arqumentlərimi bir qədər də cilalayım. Bəzi bölmələrdə diqqət mərkəzində olan mövzu texnologiyadır, bəzilərində siyasət, bəzilərində din və ya incəsənət. Bəzi bölmələr insan müdrikliyini qeyd edir, başqa bölmələr insan axmaqlığının necə təsirli rol oynadığının altını cızır. Lakin hər şeyi əhatə edən məsələ eyni olaraq qalır: bu gün dünyada nə baş verir və baş verən hadisələrin batindəki mənası nədir?
Donald Trampın hakimiyyət zirvəsinə yüksəlməsi nəyi təcəssüm etdirir? Yalan xəbərlər epidemiyasına qarşı nə etmək olar? Liberal demokratiya niyə böhran keçirir? Tanrı qayıdıb gəlib? Dünya müharibəsi başlayacaq? Dünyada dominantlıq edən hansı sivilizasiyadır ‒ Qərb, Çin, İslam? Avropa öz qapılarını emiqrantlara açıq saxlamalıdırmı? Millətçilik bərabərsizlik və iqlim dəyişikliyi problemlərini həll edə bilərmi? Terrorizmə qarşı nə etməliyik?
Bu kitab uzaq perspektivə baxsa da, şəxsiyyət səviyyəsinə də etinasızlıq etmirəm. Əksinə, zəmanəmizin böyük inqilabları ilə fərdlərin daxili həyatı arasındakı əlaqəni hər vəchlə vurğulayıram. Məsələn, terrorizm həm qlobal siyasi problemdir, həm də daxili psixoloji mexanizm. Terrorizm şüurumuzdakı qorxu düyməsini bərk basmaqla, milyonlarla fərdin təxəyyülünü oğurlamaqla işini yeridir. Eynilə liberal demokratiyanın böhranı heç də yalnız parlamentlərdə və səsvermə məntəqələrində məğlub olmur, o, həm də sinir sistemlərində və xromosomlarda aşınıb gedir. Bir deyimi qeyd edək, ‒ fərdi olan şey siyasidir. Lakin alimlərin, korporasiyaların və hökumətlərin insan beyninə müdaxilə etdikləri indiki zamanda bu həqiqət həmişəkindən daha dəhşətli görünür. Ona görə də kitabda həm fərdlərin, həm də bütöv cəmiyyətlərin davranışları haqqında müşahidələr təqdim olunur.
Qlobal dünya fərdi davranışlara və mənəviyyatlara indiyədək görünməmiş təzyiqlər edir. Biz hər yeri bürüyən hörümçək torunda dolaşıb qalırıq və bu, bir tərəfdən hərəkətlərimizi məhdudlaşdırır, digər tərəfdən isə bizim zəif titrəyişlərimizi də uzaqda yerləşən lazımi yerə çatdırır. Bizim gündəlik yaşadıqlarımız fövrən bütün dünyadakı insanlara və heyvanlara təsir göstərir və gözləmədiyimiz halda bəzi fərdi hərəkətimizdən bütün dünya od tutub alışa bilər, ‒ Tunisdə özünü yandıran Mühəmməd Buazizinin “Ərəb baharı”nı alovlandırması kimi, eləcə də seksual təcavüzlərə məruz qalmış qadınların başına gələnləri bölüşməyinin #MeToo hərəkatına rəvac verdiyi kimi.
Bizim şəxsi həyatımızın qlobal ölçüsü onu deyir ki, indi həmişəkindən daha vacib olan, dini və siyasi təmayüllərimizi, irqi və cinsi meyllərimizi və institusional istismarda qeyri-ixtiyari iştirakımızı açıqlamaqdır. Bəs bu realist təşəbbüsdürmü? İnsan nəzarətindən tamamilə çıxmış və bütün tanrılardan və ideologiyalardan şübhələnən və mənim təxəyyülümün üfüqlərini ötüb-keçən möhkəm etik zəmini necə tapa bilərəm?
Kitab müasir siyasi və texnoloji baxımdan çətin vəziyyəti nəzərdən keçirməklə başlayır. XX əsrin sonunda məlum oldu ki, faşizm, kommunizm və liberalizm arasındakı ideoloji müharibələr liberalizmin tam və qəti qələbəsi ilə nəticələnib. Demokratik siyasət, insan hüquqları və azad bazar kapitalizminin taleyində bütün dünyanı fəth etmək qisməti olduğu görünürdü.
Adətən tarix gözlənilməz çevrilişlər edir, çünki faşizmin və kommunizmin süqutundan sonra indi liberalizm tıxacda qalıb. Bəs biz hara gedirik?
Bu məsələ xüsusilə kəskin durur, çünki liberalizmə etibarın itməsi məhz informasiya texnologiyaları və biotexnologiyalar sahəsindəki inqilabların insanlıq qarşısında indiyədək görünməyən problemləri həll etmək çağırışını qoyduğu zaman baş verir. İnformasiya texnologiyasının və biotexnologiyanın qovuşması yaxın zamanda milyardlarla insanı əmək bazarından qova, azadlığı da, bərabərliyi də məhv edə bilər. “Big data” alqoritmləri elə rəqəmsal diktatura yarada bilər ki, çox kiçik saylı elita bütün hakimiyyəti əlində cəmləşdirərək əhalini yalnız istismar məngənəsində saxlamaq deyil, daha pis vəziyyətə sala bilər ‒ lazımsız məxluqlara çevirər. Mən info və bio texnologiyaların birləşməsi haqqında əvvəlki “Homo deus” kitabımda söhbət açmışam. Lakin həmin kitabın baxış bucağı uzunmüddətli gələcəyə ‒ yüzilliklər, hətta minilliklər perspektivinə ‒ yönəlibsə, bu kitabın fokusu bizə yaxın zamanda sosial, iqtisadi və siyasi böhranların üzərindədir. Burada mənim marağım son nəticədə qeyri-üzvi həyatın yaranması üzərində daha az, ümumi rifah dövlətinin, məsələn, Avropa Birliyi kimi xüsusi institutların təhlükəsi üzərində daha çox cəmləşib.
Bu kitab yeni texnologiyaların bütün növ təsirini tamamilə əhatə etmək cəhdi deyil. Məsələn, texnologiyalar çox gözəl inkişaf vəd etsə də, mənim buradakı əsas niyyətim diqqəti təhdid və təhlükələrə yönəltməkdir. Texnoloji inqilabları irəli aparan korporasiyalar və iş adamları təbii şəkildə öz fəaliyyəti haqqında mədhiyyələr oxusa da, sosioloqların, filosofların və mənim kimi tarixçilərin üzərinə həyəcan təbili çalıb bütün bu inqilabların hansı səhv istiqamətlərə gedə biləcəyini anlatmaq vəzifəsi düşür.
Qarşıda duran problemlərin cizgilərini cızdıqdan sonra kitabın ikinci hissəsində onların həllinə yönəldilə biləcək çoxsaylı tətbiqləri nəzərdən keçiririk. Facebook yaradıcıları süni intellektdən istifadə edərək qlobal azadlıq və bərabərlik cəmiyyəti yarada bilərlərmi? Bəlkə bu məsələnin həlli qloballaşma prosesini geri çevirib milli dövlətləri gücləndirməkdədir? Bəlkə bir az da geriyə dönüb qədim dini ənənələrdən ümid və müdriklik işığı almağa ehtiyacımız var?
Kitabın üçüncü bölməsində görürük ki, texnologiyaların indiyədək görünməmiş problemlər yaratmasına və siyasi ziddiyyətlər gərginliyinin bu qədər yüksəlməsinə baxmayaraq, bəşəriyyətin öz xoflarını nəzarət altında saxlamaqla və baxışlarında təvazökar olmaqla bütün bunların fövqündə durmaq imkanı var. Kitabın bu bölməsi terrorizmin öhdəsindən gəlmək üçün nə etmək lazım olduğunu, qlobal müharibə təhlükəsi və bu konfliktləri alovlandıran qərəz və nifrətin araşdırılmasına həsr olunub.
Dördüncü bölmə demaqogiya ilə əlaqəlidir və bizim hələ qlobal tərəqqini, eləcə də hüquq pozuntusu ilə ədalət məhkəməsinin fərqini hansı dərəcədə anladığımızı araşdırır. Homo sapiens özü yaratdığı dünyanın mənasının nə olduğunu anlamağa qadirdirmi? Hələ də reallığı fantaziyadan ayıran aydın sərhəd qalırmı?
Beşinci və sonuncu bölmədə mən müxtəlif faktorları bir yerə toplayıb, köhnə məsələlərin səhnədən çıxdığı, yenilərinin isə onları heç də əvəz edə bilmədiyi bu karıxmış dövrdə həyata ümumi bir planda baxıram. Biz kimik? Həyatda nə etməliyik? Hansı bacarığımızın olmasına ehtiyacımız var? Əgər biz hər şeyi bilib elm, Allah, siyasət və din haqqında heç nə bilmiriksə, bugünkü həyatın mənası haqqında nə deyə bilərik?
Bu çox iddialı görünə bilər, lakin Homo sapiens gözləyə bilmir. Fəlsəfə, din və elm zamanla ayaqlaşmır. İnsanlar min illərdir ki, həyatın mənası haqqında müzakirələr aparırlar. Biz bu müzakirələri sonsuz davam etdirə bilmərik. Ekoloji böhranın dumanlı təhlükəsi, kütləvi qırğın silahlarının artan təhdidi və yeni ziyankar texnologiyalar buna imkan verməz. Ən vacib olanı isə süni intellekt və biotexnologiyanın bəşəriyyətə həyatı dəyişib yenidən başqa cür qurmaq gücünü verməsidir. Çox tezliklə kimsə həyatın aydın və ya dolayı mənasına istinad edərək bu gücdən faydalanmaq istəyəcək. Filosoflar çox səbrli adamlardır, mühəndislər onlardan səbirsizdir, investorlar isə hamıdan səbirsizdir. Əgər siz həyatı layihələndirmək üçün bu gücdən necə istifadə etmək lazım olduğunu bilmirsinizsə, bazar qüvvələri sizin cavabı tapmağınızı min il gözləməyəcək. Bazarın görünməz əli öz korafəhm cavabını sizə tətbiq edəcək. Əgər siz həyatınızın gələcəyini rüblük gəlir hesabatlarına etibar edən xoşbəxt adam deyilsinizsə, həyatın nədən ibarət olması haqqında aydın təsəvvürə ehtiyacınız var.
Son fəsildə bir neçə mülahizəni söyləməyi də vacib sayıram, bizim növ haqqında tamaşa pərdəsinin aşağı endiyi və tamamilə yeni bir dram əsərinin başladığı zamanda bir sapiensin o biri sapienslə söhbət edərək söylədiyi kimi.
Bu intellektual səyahətə yola düşməzdən əvvəl bir kritik məsələnin altını cızmaq istərdim. Kitabın çox hissəsi liberal dünyagörüşünün və demokratik sistemin məhdudiyyətindən danışır. Mən bunu liberal demokratiyanın yeganə problemli sistem olduğuna inandığım üçün yazmıram, əksinə, düşünürəm ki, bu, insanların müasir dünyanın çağırışlarına cavab verməsi üçün indiyə qədər icad etdikləri ən uğurlu və ən çoxşaxəli siyasi modeldir. Bu model hər cəmiyyətə və inkişafın hər mərhələsinə uyğun gəlməsə də, çox cəmiyyət və çox situasiya üçün öz alternativindən daha uyğun model olduğunu sübut edib. Ona görə də qarşımızda duran çağırışlara baxarkən liberal demokratiyanın məhdudiyyətini anlayıb, onu necə adaptasiya etmək və cari institutlarını yaxşılaşdırmaq məsələlərini araşdırmaq vacibdir.
Təəssüf ki, hazırkı siyasi iqlim şəraitində liberalizm və demokratiya barəsində hər hansı tənqidi düşüncə, avtokratlar və müxtəlif qeyri-liberal hərəkatlar tərəfindən oğurlana bilər ki, bunun da yeganə məqsədi bəşəriyyətin gələcəyi haqda açıq müzakirə deyil, yalnız liberal demokratiyanı hörmətdən salmaq ola bilər. Onlar liberal demokratiyanın problemləri haqda debata çıxmağa həvəsli olsalar da, özlərinə qarşı tənqidə dözümləri yoxdur.
Ona görə də məndən bir müəllif kimi çətin seçim etmək tələb olunurdu. Sözlərimi kontekstdən çıxarıb cücərən avtokratlara bəraət qazandıracağı riskini göz altına alıb fikrimi açıq deməliyəmmi? Yoxsa özümü senzura etməliyəm? Söz azadlığını hətta onun çərçivəsindən kənarda da çətinləşdirmək qeyri-liberal rejimlərin xüsusiyyətidir. Belə rejimlər yayıldığına görə bizim növün gələcəyi haqqında tənqidi düşünmək getdikcə təhlükəli olmağa başlayır.
Ruhumu bir qədər araşdırdıqdan sonra mən senzuranı yox, sərbəst danışmağı seçdim. Liberal modeli tənqid etmədən onun nöqsanlarını düzəldə və ya onu yaxşılaşdıra bilmərik. Lakin lütfən onu nəzərə alın ki, bu kitab yalnız o vaxt yazıla bilərdi ki, insanlar hələ istədiklərini düşünməkdə və arzularını ifadə etməkdə nisbi azad olsunlar. Əgər siz bu kitaba dəyər verirsinizsə, ifadə azadlığını da dəyərləndirməlisiniz”.